Kitabı oku: «Ölü canlar», sayfa 2
Ertəsi gün Çiçikov nahara polis rəisinin evinə getdi, yeməkdən sonra, saat üçdə onlar vist oynamağa oturdular və gecə saat ikiyə kimi oynadılar. Burada o, Nozdrev adlı bir mülkədarla tanış oldu. Nozdrevin otuz yaşı olardı; o heç şeylə hesablaşmayan dəliqanlı bir adamdı, iki-üç kəlmə sözdən sonra Çiçikova «sən» deyə müraciət etməyə başladı. Nozdrev polis rəisinə və prokurora da «sən» deyirdi və onlarla dostcasına rəftar edirdi. Lakin kart oynamağa başlayanda polis rəisi də, prokuror da çox diqqətlə onun yerdən kart götürməsinə baxır və getdiyi kartlara göz yetirirdilər. Çiçikov o birisi gün axşamı palata sədrinin evində keçirdi; palata sədri bir qədər yağlanmış xalat geymişdi, qonaqları da bu xalatda qəbul edirdi. Çiçikovdan başqa orada iki nəfər qadın vardı. Çiçikov sonra vitse-qubernatorun evində düzələn müsamirədə, iltizamçının verdiyi böyük naharda, prokurorun evində kiçik naharda oldu, – burasını da qeyd etmək lazımdır ki, bu kiçik nahar böyük bir nahara dəyərdi: Çiçikov buradan da şəhər bələdiyyə idarəsi rəisinin gündüz ibadətindən sonra verdiyi naharda da iştirak etdi, elə bu özü də bir nahara dəyərdi. Xülasə, o bircə saat da öz otağında qalmırdı, mehmanxanaya ancaq yatmağa gəlirdi. Çiçikov hər yerdə özünü necə aparmağı bacarırdı, eyni zamanda o təcrübəli bir kübar adam olduğunu da göstərdi. O nədən söhbət getsə, bu söhbətdə iştirak edə bilirdi: at zavodundan söhbət getsə, – at zavodundan danışırdı, yaxşı tulalardan danışılsa – bu barədə çox tutarlı fikirlər söyləyirdi, dövlət palatası tərəfindən aparılan istintaqdan mülahizələr yürüdülsə, – məhkəmə fırıldaqlarına bələd olduğunu büruzə verirdi: bilyard oyunu haqqında fikir mübadiləsi getsə, – düz hədəfə vururdu. Xeyirxahlıq haqqında söhbət getsə, – bu barədə çox gözəl mühakimələr yürüdürdü, hətta gözləri də yaşarırdı; araq qayırmaqdan söz düşsə, – araqdan da başı çıxdığını nəzərə çatdırırdı, gömrükxana nəzarətçiləri və məmurları haqqında danışılsa, – elə mühakimə yürüdürdü ki, elə bil özü həm məmur, həm də nəzarətçi idi. Qəribə burasıdır ki, bu zaman o təmkinlə danışır və özünü yaxşı tutmağı bacarırdı, nə bərk danışırdı, nə də yavaş, necə lazımsa elə də danışırdı. Xülasə, ona hansı cəhətdən yanaşırdınsa, görürdün ki, çox abırlı adamdır. Bütün məmurlar bu təzə adamın gəlməsindən razı idi. Qubernator demişdi ki, o xoş niyyətli adamdır, prokuror demişdi ki, o dəyərli adamdır, jandarma polkovniki demişdi ki, o alim adamdır; palata sədri demişdi ki, iş bilən və hörmətli adamdır, polis rəisi demişdi ki, xoşrəftar və nəzakətli adamdır, hətta başqaları haqqında çox nadir hallarda yaxşı danışan Sobakeviç də, şəhərdən xeyli gec evinə qayıdaraq və tamamilə soyunub çarpayıda, arıq arvadının yanında uzandıqdan sonra demişdi: «Əzizim, mən qubernatorun evində düzələn müsamirəyə getdim, polis rəisinin evində nahar elədim və kollej müşaviri Pavel İvanoviç Çiçikovla tanış oldum: çox gözəl adamdır!». Arvadı da bu sözün qabağında: «Hə!» deyərək onu ayağı ilə itələmişdi.
Qonaq haqqında şəhərdə belə gözəl bir rəy əmələ gəlmişdi, bu rəy, qonağın çox qəribə bir xüsusiyyəti və əyalətdə gözlənilməyən vəqə deyilən bir işi meydana çıxana qədər qaldı; lakin bu gözlənilməz vəqə baş verəndə az qala bütün şəhəri heyrətə gətirdi ki, oxucular bunun nədən ibarət olduğunu tezliklə görəcəklər.
İkinci fəsil
Bir həftə idi ki, gələn ağa şəhərdə yaşayır, gündüzlər naharlara, axşamlar müsamirələrə gedir və bu qayda ilə necə deyərlər, vaxtını çox xoş keçirirdi. Nəhayət o öz vizitlərini şəhərdən kənara çıxarmaq, Manilovla Sobakeviçi ziyarət etmək qərarına gəldi: bu iki mülkədara o, yanlarına gələcəyinə söz vermişdi. Bəlkə də buna daha mühüm bir səbəb vardı və qonağın qəlbinə yaxın olan daha ciddi bir iş onu getməyə vadar edirdi… Oxucu səbr eləyib, getdikcə daha artıq genişlənən və çox uzun olan bu hekayəni oxusa, onda bunun hamısını tədriclə, həm də öz vaxtında biləcəkdir. Faytonçu Selifana əmr verilmişdi ki, səhər tezdən atları qoşub briçkanı hazır eləsin. Petruşkaya da əmr olunmuşdu ki, evdə qalıb otağa və çamadana baxsın. Oxucuları bizim qəhrəmanın bu iki təhkimlisi ilə tanış etmək pis olmazdı. Hərçənd bunlar görkəmli şəxsiyyətlər deyil, necə deyərlər, ikinci, hətta üçüncü dərəcəli adamlardır, poemanın əsas məsələləri bunların üzərində qurulmamışdır, bu məsələlər onlarla çox az əlaqədardır və onlara çox az toxunur, – bununla belə müəllif bu cəhəti də çox ətraflı göstərmək, özü rus olsa da, alman kimi səliqəli olmaq istəyir. Bir də ki, bu çox vaxt aparmayacaq və əsərdə çox yer tutmayacaq, çünki oxucuların bu barədə aldığı məlumata çox az şey əlavə etmək lazımdır: oxucu bilir ki, Petruşka öz ağasının əynindən çıxan darçını, gen bir sürtük geyirdi və adətən lakeylər kimi onun da iri burnu, iri də dodaqları vardı. Xasiyyətcə az danışandı, çox danışmaqla arası yox idi, hətta maarifə, yəni kitab oxumağa nəcibanə bir meyl göstərirdi; oxuduğu kitabların məzmununu dərk etmək üçün çətinlik çəkməzdi; necə kitab olsa oxuyardı: qıza vurulmuş bir qəhrəmanın sərgüzəştimi olsun, ya əlifba, ya da dua kitabı olsun onun üçün heç fərqi yox idi, bunların hamısını eyni diqqətlə oxuyardı; onun əlinə kimya kitabı düşsəydi – bunu da oxumamış qoymazdı. Onun xoşuna gələn şey, kitabda yazılanlar deyil, kitab oxumaq özü idi və ya daha düzgün desək, kitab oxumaq prosesi idi: hərflərdən elə bir ucdan cürbəcür sözlər meydana çıxırdı, bəzən də elə sözlər olurdu ki, bundan heç şeytan özü də baş çıxara bilməzdi. Özü də ən çox dəhlizdə, çarpayı üstündə uzanmış halda kitab oxuyardı, çarpayıya salınmış döşək də bundan yastılanıb bərkimiş, yuxaya dönmüşdü. Kitaba olan ehtirasından başqa onun iki başqa adəti də vardı ki, bu onun xasiyyətinin iki başqa səciyyəvi cəhətini təşkil edirdi: o soyunmadan, necə varsa, əynində sürtuk yatardı, həmişə də özü ilə, bir az otaq qoxusu verən xüsusi havasını, öz xüsusi qoxusunu gəzdirərdi, hara da getsə o hava və o qoxu onunla gedərdi: belə ki, hətta heç insan ayağı dəyməyən bir yerə o öz çarpayısını qoyan kimi, öz şinelini və şey-şüyünü gətirən kimi orada elə bir qoxu əmələ gəlirdi ki, deyirdin, on ildir burada adam yaşayır. Çiçikov çox vasvası, hətta bəzi hallarda hələm-hələm şey bəyənməyən bir adam olduğu halda sabah-sabah burnuna hava dolan kimi ancaq üz-gözünü qırışdırar və başını silkələyərək deyərdi: «Bu nədi axı, belə də şey olar, sən tərləyirsən nədi! Bir hamama getsənə!» Petruşka isə bunun qabağında heç bir söz deməz və elə o saat bir işlə məşğul olmağa çalışardı: ya fırçanı götürüb ağasının frakına yaxınlaşar, ya da başqa bir iş görərdi, özü də dinib-danışmazdı. Bu vaxt o nə düşünərdi? Bəlkə də öz-özünə deyərdi: «Sən də lap əntiqə adamsan, bir sözü yüz kərə deyirsən, bu səni təngə gətirmir?..» Ya bəlkə ayrı şey düşünərdi: ağası öz təhkimli nökərinə öyüd-nəsihət verəndə allah bilir bu nökər nələr düşünür… Bəli, Petruşka barəsində hələlik bunları söyləmək olar. Faytonçu Selifan isə tamamilə başqa bir adamdı… Lakin müəllifin insafı qəbul etmir ki, aşağı sinifdən olan bu adamlarla oxucuları çox məşğul etsin, çünki, o oxucuların aşağı təbəqələrlə çox könülsüz tanış olduqlarını bilir. Nə etməli, rusların xasiyyəti belədir: rütbə etibarilə özündən heç olmasa bircə pillə yüksək olan adamlarla tanış olmaq arzusu, qraf ya da knyazla uzaqdan-uzağa salamlaşmaq onun üçün hər bir yaxın dostluq əlaqələrindən üstündür. Müəllif hətta öz qəhrəmanlarının taleyindən də qorxur, çünki o ancaq kollej müşaviridir. Saray müşavirləri bəlkə də onunla tanış olmaq istərdilər, lakin general rütbəsinə yaxınlaşanlar, allah bilir, bəlkə də ona ancaq həqarətli bir nəzər salacaqlar: elə bir nəzər ki, adam ayaqları altında sürünən hər bir şeyə təkəbbürlə belə bir nəzər salır; ya da ki, onlar mənim qəhrəmanıma bəlkə heç əhəmiyyət verməyəcəklər, – bu daha pis, çünki müəllif üçün bu ölümdən də betərdir. Lakin bunlar nə qədər kədərli bir hal olsa da, hər halda biz qəhrəmanımızın təsvirinə qayıtmalıyıq. Bəli, o, axşamdan lazımi əmrləri verib yatdı, səhər tezdən durub sabunla əl-üzünü o ki var yudu, yaş süngərlə təpədən-dırnağa kimi bütün bədənini sildi: bunu o ancaq bazar günləri edərdi, həmin gün də bazar günü idi; sonra da üzünü elə qırxdı ki, sifəti lap atlas kimi hap-hamar oldu və par-par parıldadı, mərsin rəngli frakını və içinə ayı dərisi vurulmuş şinelini geyib pilləkanla aşağı enməyə başladı; bu zaman mehmanxana xidmətçisi onun gah sağına, gah da soluna keçərək qolundan tuturdu; pilləkandan enib briçkaya mindi. Briçka gurultu ilə mehmanxana darvazasından küçəyə çıxdı. Yol ilə gedən keşiş onu görüb şlyapasını çıxartdı, çirkli köynəkli bir neçə uşaq əllərini uzadaraq dedi: «Ağa, yetimik, bizə bir sədəqə ver!» Sürücü onlardan birinin briçkanın dalına minməyə çox həris olduğunu görüb qamçı ilə vurdu; briçka küçənin daşları üstə atıla-atıla yola düşdü. Belə daşlı yol ilə gedirkən adam uzaqdan zol-zol şlaqbaumu görəndə sevinməyə bilmir, çünki bu, daşlı yolun tezliklə qurtaracağını, yol gedən adamın da əziyyətdən xilas olacağını göstərir. Çiçikovun başı bir neçə dəfə də kuzova möhkəmcə dəydikdən sonra, nəhayət yumşaq torpaq yola düşdülər. Briçka şəhərdən kənara çıxan kimi yolun hər iki tərəfində torpaq komaları, küknar meşəsi, seyrək budaqlı balaca şam ağacları, qoca şam ağaclarının yanmış gövdələri, yabanı ardıc ağacları və ümumiyyətlə bizim yerin təbiətinə xas olan başqa əhəmiyyətsiz şeylər görünməyə başladı. Arabir evləri, ipə düzülmüş kimi, sıra ilə uzanıb gedən, bir-biri üstə yığılmış köhnə odun qalaqlarına oxşayan kəndlərə rast gəlirdilər; bu komaların boz taxtapuşu, taxtapuşların alt tərəfində isə üstü naxışlı sallaq dəsmala bənzəyən bəzəkli taxta şəbəkələr vardı. Qoyun dərisindən kürk geyinmiş bir neçə kəndli, adətləri üzrə, darvaza qabağındakı skamyada oturub əsnəyirdi; döşləri sarınmış, dolu üzlü arvadlar yuxarı pəncərələrdən baxırdı, aşağı pəncərələrdən isə bir buzov, ya donuz başını bayıra çıxarıb ətrafı seyr edirdi. Xülasə, hamıya məlum olan mənzərələr! Çiçikov on beş verst yol getdikdən sonra Manilovun dedikləri yadına düşdü: onun kəndi bu arada olmalı idi, lakin on altıncı versti də keçdilər, amma kənd hələ də görünmürdü, iki mujik onlara rast gəlməsəydi, yəqin ki, kəndi heç tapa bilməyəcəkdilər. Çiçikov Zamanilovka kəndinə hələ çoxmu qaldığını soruşduqda, mujiklər şlyapalarını çıxartdılar və o birisindən daha ağıllı olan sivri saqqallı mujik dedi:
– Bəlkə də Zamanilovka deyil, Manilovkadır?
– Hə, hə, Manilovka.
– Manilovka! Bir verst də gedərsiniz, odur hey, yəni ki, düz sağ tərəfə.
Sürücü soruşdu:
– Sağ tərəfə?
– Sağ tərəfə. həmin yoldur. Manilovkaya gedir, amma ki Zamanilovka deyilən şey yoxdur. Onun adı belədir, yəni ki, ona Manilovka deyirlər. Zamanilovka adlı burda şey yoxdur. Orada dübbədüz təpənin üstündə bir ev görəcəksən, daş evdir, iki mərtəbəli, ağanın evidir, yəni ki, ağa özü orada yaşayır. Həmin bu Manilovkadır, amma ki, burada Zamanilovka adında şey yoxdur, heç olmayıb da.
Sürücü Manilovka kəndini axtarmağa başladı. İki verst getdikdən sonra sağa burulan kənd yoluna çıxdılar, iki verst getdilər, üç verst getdilər, dörd verst getdilər, iki mərtəbəli daş ev isə yenə də görünmürdü. Burda Çiçikovun yadına bir şey düşdü: əgər dostun səni on beş verst kənarda olan kəndinə dəvət edirsə, deməli ora düz otuz verst yol vardır. Manilovka kəndi öz mövqeyi ilə çox az adamı özünə cəlb edə bilərdi. Mülkədarın evi hər tərəfdən açıq bir yerdə, yəni bir təpənin üstündə idi, külək hansı tərəfdən kefi istəyib əssə, onu döyəcləyə bilərdi, təpənin döşü çimlə örtülmüşdü. Burada ingilis qaydası ilə iki-üç çiçək ləki salınmışdı, ləklərdə yasəmən və sarı akasiya bitmişdi, orda-burda topa-topa xırda yarpaqlı, seyrək budaqlı beş-altı qayın ağacı nəzərə çarpırdı. Bu ağaclardan ikisinin altında bir köşk görünürdü: köşkün yaşıl, yastı qübbəsi, taxtadan qayrılmış mavi rəngli sütunları vardı, üstündə də «Tənha düşüncələr məbədi» sözləri yazılmışdı. Köşkdən aşağıda ot basmış bir göl vardı – rus mülkədarlarının ingilis qaydası ilə saldıqları bağlarda belə ot basmış göllərin olması heç də qəribə bir şey deyil. Təpənin lap ətəyində, qismən də döşündə köhnə ağac daxmalar qaralırdı; bizim qəhrəman nədənsə bunları saymağa başladı və iki yüzdən artıq daxma saydı. Daxmaların ətrafında nə bir ağac, nə də bir yaşıllıq vardı, hər yanda gözə çarpan ancaq daxma dirəkləri idi. Bu mənzərəni canlandıran ikicə nəfər arvad idi: onlar tamaşa edilməyə layiq bir tərzdə ətəklərini qaldırıb hər tərəfdən bellərinə sancaraq dizə qədər gölməyə girərək, yırtıq, balaca bir torun ağacından yapışıb çəkə-çəkə suyun içi ilə aparırdılar; tora iki xərçəng ilişmişdi, bir də bir çamça balığı düşmüşdü; arvadlar, deyəsən, küsülü idilər, bir-biri ilə söyüşürdülər. Bir az kənarda cansıxıcı göy-yaşıl rəngli şam meşəsi qaralırdı. hətta hava özü də bu mənzərəyə çox münasib idi: nə açıqdı, nə də tutqun, açıq boz rəngə çalırdı, – ancaq qarnizon soldatlarının, qismən bazar günlərində sərxoşluq edən bu dinc qoşun hissəsinin geydiyi köhnə mundirlər bu rəngdə olur… Təsvir edilən mənzərəni tamamlamaq üçün bircə xoruz lazım idi ki, o da vardı: öz banı ilə havanın dəyişməsindən xəbər verən bu xoruzun başını başqa xoruzlar lap beyninə kimi deşib dağıtmışdı, özü də məlum şeydir ki, nə üstə: arvadbazlıq üstə; bəli, bu xoruz, başı lap beyninə kimi deşilsə də çox bərkdən banlayırdı. Hətta banlayanda, köhnə həsir kimi didilmiş qanadlarını da çırpırdı. Briçka həyətə yaxınlaşarkən Çiçikov artırmada ev sahibinin özünü gördü: onun əynində yaşıl rəngli şalon sürtuk vardı; o gələn ekipajı daha yaxşı görmək üçün əlini gözlərinin üstə qoyub baxırdı. Briçka artırmaya yaxınlaşdıqca onun gözlərində daha artıq sevinc duyulur, üzü daha artıq gülümsəyirdi.
Çiçikov briçkadan düşəndə Manilov çığıraraq dedi:
– Pavel İvanoviç! Nə əcəb belə bizi yad etdiniz!
İki dost bərk-bərk öpüşdülər; Manilov öz qonağını otağa apardı. Onların dəhlizdən və yemək otağından keçib getməsi o qədər vaxt aparmayacaqsa da, biz bundan istifadə edərək bəlkə də ev sahibi haqqında bəzi məlumat verə bildik. Lakin müəllif burada etiraf etməlidir ki, belə məlumat vermək özü çox çətin məsələdir. Böyük xarakterləri təsvir etmək çox-çox asandır, orada əl-qol açmağa geniş imkan vardır: yaxıcı qara gözlər, sallaq qaşlar, qat-qat qırışıqlı alın, çiyinə atılmış qara, ya da od kimi alışıb yanan al plaş, – görürsünüzmü, portret hazırdır. Lakin bu cənablar ki, var, dünyada bunlardan çox-çoxdur, hamısı da üzdən bir-birinə oxşayır, amma diqqətlə baxdıqdan sən onlarda güclə nəzərə çarpan bir çox xüsusiyyətlər görəcəksən: bu cənabların portretini çəkmək son dərəcə çətindir. Onların gözdən yayınan bütün bu incə xüsusiyyətlərini lövhədə canlandırmaq üçün çox diqqət sərf etmək və ümumiyyətlə belə işlərdə böyük təcrübə sahibi olsan da məsələyə çox dərindən nəzər yetirmək lazım gəlir.
Yalnız allah deyə bilər ki, Manilovun xarakteri necə idi. Elə adamlar var ki, onlar haqqında belə deyirlər: nə Əli aşındandı, nə Vəli aşından, nə ondandı, nə bundan, heç bilmirsən necə şeydir. Manilovu da bəlkə bunların sırasına daxil etmək lazımdır. Üzdən o gözə gəlimli idi, sifətinin cizgilərində xoşa gələn cəhətlər də yox deyil, ancaq bu xoşluğa elə bil həddindən artıq şəkər qatılmışdı. Onun hərəkətlərində, danışığında elə bir şey vardı ki, bununla o sanki qılıq qataraq adamın hüsn-rəğbətini qazanmaq, adamı özünə dost etmək istəyirdi. O cəzbedici bir halda gülümsəyirdi. Sarışındı, gözləri mavi idi. Onunla söhbət edirkən ilk dəqiqədə: «Nə qılıqlı, nə xoş təbiətli adamdır» deməyə bilməzsən. İkinci dəqiqədə heç bir söz deməzsən, üçüncü dəqiqədə isə: «Əşi, bu necə adamdır!» deyib kənara çəkilərsən. Kənara çəkilməsən elə darıxarsan ki, az qalar lap bağrın çatlasın. Onun xoşuna gələn bir şeyə toxunsan ondan bircə kəlmə də canlı, ya da acıqlı bir söz eşitməzsən, lakin bunu sən başqalarından eşidə bilərsən. Hərənin bir şeyə həvəsi var: elə adam var ki, tazıbazdır; o birinə elə gəlir ki, musiqi həvəskarıdır, musiqinin bütün dərin yerlərini çox gözəl hiss edir; bəzi adam möhkəm nahar eləməyin lap ustasıdır; bəzi adam da onun üçün müəyyən edilən roldan bircə barmaq da olsa qabağa getməkdə ustadır; bəzisinin arzuları məhduddur: o ancaq bu arzu ilə yatıb durur ki, özünü dostlarına, tanışlarına, hətta tanış olmayan adamlara göstərmək üçün fligel-adyutantla seyrə çıxsın; bəzi adamın da əlində elə bir qabiliyyət var ki, o bir bubnı tuzun ya da ikiliyin qırağını qatlamağa olduqca hərisdir, lakin bəzi adamın da əli ora-bura soxulub nizam-intizam yaratmağa, stansiya nəzarətçisinin ya da faytoçuların şəxsiyyətinə bələd olmağa böyük həvəs göstərir, – xülasə, hərənin bir şeyə həvəsi var, lakin Manilovun heç bir şeyə həvəsi yox idi. Evdə o çox az danışırdı, çox vaxt düşünür, fikirləşirdi, lakin onun nə düşündüyünü yalnız allah bilirdi. Demək olmaz ki, o təsərrüfatla məşğul olurdu, o hətta heç tarlalara da getməzdi, təsərrüfat başlı-başına qalmışdı. Təsərrüfat müdiri gəlib deyəndə ki: «Ağa, yaxşı olar ki, filan-filan işlər görülsün», o, adəti üzrə çubuq çəkə-çəkə deyərdi: «Hə, pis olmaz», sonra da təkrar edərdi: «Hə, heç də pis olmaz!» Çubuq çəkməyə o orduda öyrəşmişdi; hərbi qulluqda o çox təvazökar, çox nəzakətli və çox bilikli zabit hesab olunurdu. Mujik onun yanına gəlib, peysərini qaşıya-qaşıya deyəndə ki: «Ağa, izin ver, töycü pulu yığmaq üçün gedim kənarda işləyim», o yenə çubuğunu çəkə-çəkə: «Get» – deyərdi, eyni zamanda onun heç ağlına da gəlməzdi ki, mujik əyyaşlıq eləməyə gedir. Bəzən o artırmadan həyətə və gölməyə baxaraq deyərdi: «Nə yaxşı olardı, evdən yeraltı bir yol düzəldəydin, ya da gölmənin üstündə bir daş körpü tikəydin, körpünün də hər iki tərəfində dükanlar olardı, bu dükanlarda da tacirlər oturub, kəndlilərə lazım olan cürbəcür mallar sataydı». Bu zaman onun gözlərində həddindən artıq bir şirinlik görünər, üzündə böyük bir məmnuniyyət ifadə olunardı. Lakin onun düşündüyü bu layihələr sözlə başlandığı kimi sözlə də qurtarırdı. Onun kabinetində həmişə on dördüncü səhifəsində əlfəcin qoyulmuş bir kitab olardı – bu kitabı o iki il idi ki, tədriclə oxuyaraq bu yerə gəlib çatmışdı. Onun evində həmişə bir şey çatışmazdı: qonaq otağında üzünə qəşəng ipək parça çəkilmiş çox gözəl mebel vardı və yəqin ki, bu ipək örtük ona çox baha qiymətə başa gəlmişdi, lakin kreslolardan ikisinin örtüyü yox idi; bunlar üzünə eləcə həsir çəkilmiş halda qalırdı; özü də bir neçə il idi ki, gələn qonağa hər dəfə deyərdi: «Bu kreslolarda oturmayın, onlar hələ hazır deyil». Elə otaq da vardı ki, orada heç mebel yox idi, amma o evləndiyi günün səhəri arvadına demişdi: «Əzizim, sabah çalışmaq lazımdır ki, müvəqqəti də olsa, bu otağa mebel qoysunlar». Axşam stola, antik dövrün gözəllik ilahələrinin üç heykəli və çox qəşəng sədəf süpəri olan qaralmış tuncdan gözəl bir şamdan gətirərdilər; onun yanına, böyrü üstə əyilmiş, başdan-başa şam ərintisinə bulanmış sınıq-sökük, qaltaq bir mis şamdan qoyardılar, lakin bunu nə ev sahibi, nə ev sahibəsi, nə də ev qulluqçuları sezərdi. Manilovun arvadı… burasını qeyd etmək lazımdır ki, onlar bir-birindən çox razı idilər. Onlar səkkiz il idi ki evlənmişdilər, bununla belə hələ də onlar bir-birinə bir parça alma, ya konfet, ya da qoz ləpəsi gətirib, tam bir məhəbbət ifadə edən, riqqət dolu, incə bir səslə deyərdi: «Əzizim, o ağızcığazını arala, bu tikəni oraca qoyum». Məlum şeydir ki, bu sözdən sonra ağızcığaz çox zərif bir şəkildə açılardı. Anadan olduqları günü qeyd edərkən onlar bir-birinə hədiyyə – məsələn, dişqurdalayan qoymaq üçün rəngarəng xırdaca muncuqla işlənmiş balaca qın hazırlardılar. Çox vaxt da görərdin ki, divanda otururkən, birdən, heç də səbəbi məlum olmadığı halda, Manilov çəkdiyi çubuğunu, arvadı da, əgər əlində bir şey tikirsə onu, yerə qoyub dodaqlarını yorğun-yorğun bir-birinə yapışdıraraq uzun-uzadı öpüşərdilər, belə ki, onların dodağı bir-birindən ayrılana kimi bəlimdən eşilmiş balaca bir papirosu çəkib qurtarmaq olardı. Bir sözlə, necə deyirlər, onlar xoşbəxt idi. Əlbəttə, evdə, bu uzun-uzadı öpüşlərdən və muncuq hədiyyələrdən başqa bir çox başqa məşğuliyyətlər də olurdu, bununla əlaqədar olaraq bir çox şeylər haqqında sorğu-sual da eləmək mümkündü. Niyə, məsələn, mətbəxdə xörəklər pis hazırlanır? Niyə ərzaq anbarında bir şey yoxdur? Niyə ərzaq işlərinə baxan arvad oğrudur? Niyə xidmətçilər pintidir? Niyə nökərlər, qulluqçular həddindən artıq yatırlar, qalan vaxtlarını da boş-boşuna keçirirlər? Lakin bunlar gədə-güdə işi idi. Bunlarla məşğul olmaq Manilovaya yaraşmazdı, o yaxşı tərbiyə almışdı. Yaxşı tərbiyə də, məlumdur ki, pansionlarda verilir. Pansionlarda da, məlumdur ki, insan xeyirxahlığının bünövrəsini üç əsas şey təşkil edir, bunlar da: ailə həyatının xoşbəxt olması üçün zəruri hesab edilən fransız dili; arvadın ərə xoş dəqiqələr verməsi üçün lazım olan fortepiano; bir də ki, təsərrüfat işləri, yəni pul kisəsi və başqa hədiyyələr toxumaqdır. Lakin belə əməli üsullarda, xüsusilə indiki zamanda bəzi təkmilləşdirmələr və dəyişikliklər də olur ki, bu da ən çox pansion sahibəsinin özünün dərrakəsindən və qabiliyyətindən asılıdır. Görürsən ki, başqa bir pansionda sistem dəyişir: fortepiano qabağa keçir, sonra fransız dili gəlir, bundan sonra da təsərrüfat işləri. Bəzən də belə olur ki, təsərrüfat işi, yəni pul kisəsi və hədiyyələr toxumaq qabağa keçir, fransız dili bunun ardınca gəlir, ən axıra da fortepiano düşür. Bəli, iş üsulları cürbəcür olur. Bir şeyi də qeyd etmək pis olmazdı ki, Manilovun arvadı… Lakin etiraf edirəm ki, arvadlardan söhbət açmağa mən çox qorxuram, bir də ki, vaxt çatmışdır, mən qəhrəmanlarımızın yanına qayıtmalıyam, budur onlar bir neçə dəqiqədir ki, qonaq otağının qapısı ağzında durub, içəri girməyi bir-birindən xahiş edirlər.
Çiçikov deyirdi:
– İltifat buyurun, məndən ötrü bu qədər narahat olmayın, mən sonra keçərəm.
Manilov da əli ilə qapını göstərərək deyirdi:
– Yox, Pavel İvanoviç, yox, siz qonaqsınız.
Çiçikov təkrar deyirdi:
– Zəhmət çəkməyin, rica edirəm, zəhmət çəkməyin. Buyurun, keçin.
– Yox, heç ola bilməz, mən razı ola bilmərəm ki, belə xoşməcaz, belə bilikli qonaq mənim dalımca keçsin.
– Nə bilikli axı?.. Rica edirəm, keçin.
– Yox, olmaz, buyurun siz keçin.
– Niyə axı?
Manilov xoş bir təbəssümlə dedi:
– Elə ona görə!
Axırda iki dost birdən, bir-birini bir az sıxışdıra-sıxışdıra yan-yanı içəri girdilər.
Manilov dedi:
– İcazə verin arvadımı sizə təqdim edim. Əzizim! Pavel İvanoviç gəlib!
Çiçikov qapı ağzında Manilova buyur-buyur edərkən qadını görməmişdi. Manilovun arvadı pis deyildi, pis də geyinməmişdi, əynindəki solğun rəngli ipək kapot ona yaraşırdı. Manilov onu Çiçikovla tanış etmək istəyəndə, onun balaca, zərif əlləri stol üstünə cəld nəsə atdı və ucları naxışlı batist yaylığı götürüb əllərilə sıxdı. Oturduğu divandan qalxdı. Çiçikov yaxınlaşıb onun əlini məmnuniyyətlə öpdü. Manilovun arvadı bir az pəltəkləyərək dedi ki, sizin gəlməyiniz bizi çox sevindirdi, ərim elə gün olmurdu ki, sizi xatırlamasın.
Manilov sözə qarışdı:
– Bəli, o elə tez-tez məndən soruşurdu: «Sənin dostun axı niyə gəlmir?» Mən də ona deyirdim: «Dayan, əzizim, gələcək». Nəhayət siz də buyurub gəldiniz və öz gəlişinizlə bizi şərəfyab etdiniz. Sizin gəlişiniz bizə çox-çox ləzzət verdi… May günü… ürək şadlığı…
Çiçikov sözün ürək şadlığı üstünə gəlib çıxdığını görüb özünü hətta bir az itirdi və nə böyük ad, nə də elə bir mühüm rütbə sahibi olmadığını təvazökarlıqla söylədi.
Manilov yenə əvvəlki xoş təbəssümlə onun sözünü kəsdi:
– Sizin böyük adınız da var, böyük rütbəniz də, bəli, var, hətta bundan artığı da var.
Manilovun arvadı dilləndi:
– Şəhərimiz xoşunuza gəldimi? Orada vaxtınızı xoş keçirdinizmi?
Çiçikov:
– Çox yaxşı şəhərdir, gözəl şəhərdir! – deyə cavab verdi. – Vaxtımı də çox xoş keçirdim: adamları çox xoşrəftar adamlardır.
Yenə də Manilovun arvadı soruşdu:
– Qubernatorumuz necə, könlünüzə yatdımı?
Manilov əlavə etdi:
– Qubernatorumuz son dərəcə möhtərəm və lütfkar bir adamdır, doğru demirəmmi?
– Lap doğru deyirsiniz: son dərəcə möhtərəm bir adamdır. Vəzifəsini də çox yaxşı bilir, onun nədən ibarət olduğunu çox gözəl başa düşmüşdür! Belə adamlardan çox-çox olmasını arzu etmək lazımdır.
Manilov gülümsəyərək əlavə etdi:
– Necə də hər adamı qəbul edir, öz hərəkətlərində ədəb və nəzakət qaydalarına riayət edir, – Manilov bunu deyib, duyduğu ləzzətdən, qulaqlarının dibi azca qıdıqlanan erkək pişik kimi, gözlərini yumdu.
Çiçikov sözünə davam etdi:
– Çox yaxşı rəftarlı və lətif adamdır. Özü də necə məharətlidir! Mən hətta bunu heç güman etməzdim. Necə də ustalıqla naxış tikir! O naxış saldığı pul kisəsini mənə göstərdi: tək-tək xanım belə məharətlə naxış sala bilər.
Manilov yenə də gözlərini bir az qıyaraq dedi:
– Bəs vitse-qubernator! Necə də sevimli adamdır, doğru demirəmmi?
Çiçikov:
– Çox, çox ləyaqətli adamdır, – deyə cavab verdi.
– Yaxşı, icazə verin soruşum, bəs polis rəisi necə, xoşunuza gəldimi? Çox lətif adamdır, doğru demirəmmi?
– Bəli, hədsiz dərəcədə lətif adamdır, özü də necə ağıllıdır, necə biliklidir! Mən onun evində prokurorla və palata sədrilə bərabər lap axırıncı xoruz banına kimi oturub vist oynadım. Çox, çox ləyaqətli adamdır!
Manilovun arvadı əlavə etdi:
– Yaxşı, bəs siz polis rəisinin arvadı barəsində nə fikirdəsiniz? Çox lütfkar qadındır, doğru demirəmmi?
Çiçikov:
– Ba, mən nə qədər qadın tanıyıramsa – bu onların ən ləyaqətlilərindən biridir, – deyə cavab verdi.
Onlar palata sədrini də, poçt müdirini də yaddan çıxarmadılar, bu qayda ilə şəhər məmurlarının az qala hamısını bir-bir əldən keçirdilər, söhbətdən də məlum oldu ki, onlar hamısı çox ləyaqətli adamlardır.
Axırda Çiçikov belə bir sual verdi:
– Siz vaxtınızı həmişə kənddə keçirirsiniz?
Manilov:
– Ən çox kənddə keçiririk, – deyə cavab verdi. – Amma hərdən şəhərə gedirik ki, bilikli adamlarla görüşək. Bilirsinizmi, adam həmişə burada bağlanıb qalsa lap vəhşiləşər.
Çiçikov dedi:
– Doğrudur, doğrudur!
Manilov:
– Əlbəttə, – deyərək sözünə davam etdi, – qonşuluqda yaxşı bir adam olsaydı, bu bir ayrı məsələ, məsələn, elə adam ki, onunla bir növ nəzakətdən, yaxşı rəftardan danışmaq olardı, elmdən-filandan xəbər tutardın, adamın ruhu bir növ yerindən oynardı, necə deyirlər, ucalardı… – O yenə də nəsə demək istədi, lakin dolaşaraq artıq-əskik danışdığını görüb əlini havada yellədi və sözünə davam etdi: – Əlbəttə, onda kəndin də, tənhalığın da çox xoş cəhətləri olardı. Amma ki, indi qonşuluqda heç kəs yoxdur… Ancaq hərdən «Vətən oğlu»nu oxuyursan.
Çiçikov onun sözlərilə tamamilə razılaşdı və öz tərəfindən bunu da əlavə etdi ki, dünyada tənha yaşamaqdan, təbiəti seyrə dalmaqdan, bəzən də bir kitab götürüb oxumaqdan xoş bir şey ola bilməz…
Manilov da öz fikrini söylədi:
– Amma, bilirsinizmi, əgər elə bir dostun yoxsa ki, onunla dərdləşəsən…
Çiçikov onun sözünü kəsdi:
– Bəli, bəli, bu doğrudur, bu tamamilə doğrudur! Bunsuz dünyanın mal-dövləti nəyə lazımdır! Bir aqil adam deyib:
«Pulun olmasın, amma əlində dolandırmağa yaxşı dostların olsun!»
Bilirsinizmi, Pavel İvanoviç, – deyən Manilovun üzündə həddindən artıq şirin və hətta öz şirinliyi ilə ürək bulandıran bir təbəssüm göründü; bu, mahir bir kübar həkiminin çoxlu şirin şey qatdığı və bununla da müalicə etdiyi xəstəni sevindirəcəyini zənn etdiyi dərmana oxşayırdı, – adam onda bir növ mənəvi ləzzət duyur… Belə ki, məsələ, bir təsadüf nəticəsində mənə sizinlə danışmaq, sizin xoş söhbətinizdən ləzzət almaq kimi bir xoşbəxtlik, demək olar ki, nümunəvi bir xoşbəxtlik qismət oldu…
Çiçikov:
– İltifat buyurun, – dedi, – nə xoş söhbət? Mən vecsiz bir adamam, başqa bir şey deyiləm.
– Ba, Pavel İvanoviç, icazə verin sizinlə açıq danışım: sizin malik olduğunuz məziyyətlərin bircəciyini mənə versəydilər, mən bütün var-dövlətimin yarısını gülə-gülə verərdim!..
– Mən isə öz tərəfimdən çox böyük bir xoşbəxtlik hesab edərdim ki…
Əgər bu zaman nökər içəri girib yeməyin hazır olduğunu xəbər verməsəydi, kim bilir, bu iki dostun öz hisslərini bir-birinə izhar etmələri nə yerə gəlib çıxacaqdı.
Manilov dedi:
– Buyurun, acizanə rica edirəm! Bizim naharımız kübar məclislərində və paytaxtlarda gördükləriniz kimi olmadığından bizi əfv edin; bizimki rus qaydasınca hazırlanan adi şşidir, amma təmiz ürəklə verilir. Acizanə rica edirəm, buyurun!
Burada da xeyli buyur-buyur oldu, axırda Çiçikov yemək otağının qapısından yanpörtü içəri girdi.
Manilovun iki oğlu yemək otağında idi, onlar elə yaşda idi ki, bu yaşda uşaqlar süfrə başında otursalar da, hələ hündür stulda otururdular. Onların yanında müəllimləri dayanmışdı. O gülümsəyərək, ədəblə baş əydi. Manilovun arvadı şorba qabının qarşısında oturdu. Qonağı ev yiyəsi ilə ev yiyəsinin arvadının arasında oturtdular. Nökər uşaqların boynuna xörək dəsmalı bağladı.
Çiçikov uşaqlara baxaraq dedi:
– Nə sevimli uşaqlardır! Neçə yaşları var?
Manilovun arvadı cavab verdi:
– Böyüyünün səkkiz yaşı var, kiçiyinin isə hələ dünən altı yaşı tamam olmuşdur.
Manilov böyük oğluna dönərək dedi:
– Femistoklyus! – Lakey xörək dəsmalını bağlayanda onun çənəsini də bağlamışdı, indi o çənəsini xörək dəsmalın altından çıxarmağa çalışırdı.
Çiçikov qismən yunan adı olan, lakin Manilovun nədənsə axırına bir «yus» da əlavə etdiyi bu adı eşidərək qaşını bir qədər qaldırdı, lakin o saat da üzünə əvvəlki ifadəni verməyə çalışdı.
– Femistoklyus, de görüm, Fransada ən yaxşı şəhər hansıdır?
Bu zaman müəllim bütün diqqətini Femistoklyusa verdi, elə bil ki, o atılıb uşağın gözlərinə girmək istəyirdi, lakin Femistoklyus «Paris» deyəndə o tamamilə sakitləşdi və başı ilə razılıq işarəsi etdi.
Manilov yenə də soruşdu:
– Bəs bizim ən yaxşı şəhərimiz hansıdır?
Müəllim yenə də diqqətlə uşağa baxdı.
Femistoklyus:
– Peterburq, – deyə cavab verdi.
– Daha hansıdır?
– Moskva.
Çiçikov bunu eşidib dedi:
– Ağıllı bala! – Sonra o üzündə bir qədər heyrət ifadəsilə Manilovla arvadına baxdı: – Bu yaşda olasan, belə də biliyin olsun!.. Mən sizə deməliyəm ki, bu uşağın çox böyük qabiliyyəti olacaq.
Manilov:
– Ba, siz hələ onu yaxşı tanımırsınız! – dedi, – o çox zəkalıdır. Bu Alkid ki, var, balaca oğlum, o elə zirək deyil, amma bu bir cücü, bir böcək görsə o saat gözləri yerindən oynayır, ardınca yüyürür, o saat da diqqət yetirir. Mən onu diplomatlığa hazırlayacağam. – Oğluna dönərək əlavə etdi: – Femistoklyus, səfir olmaq istəyirsinizmi?
Femistoklyus çörək yeyə-yeyə, başını sağa və sola əyə-əyə cavab verdi:
– İstəyirəm.
Bu zaman dal tərəfdə duran lakey səfirin burnunu sildi və çox yaxşı da elədi, yoxsa onun burnundan şorbanın içinə bir yekə damcı kənar şey düşəcəkdi. Süfrə başında sakit həyatın insana verdiyi ləzzətdən söhbət başlandı, lakin Manilovun arvadı bəzən şəhər teatrı və aktyor haqqında olan qeydlərilə bu söhbəti qırırdı. Müəllim söhbət edənlərə çox diqqətlə baxırdı: onların dodaqucu gülmək istədiklərini duyan kimi ağzını açıb bərkdən gülürdü. Görünür, o, yaxşılıq bilən bir adamdı: bununla ev sahibinə, onunla yaxşı rəftar etdiyi üçün, öz minnətdarlığını bildirmək istəyirdi. Lakin bircə kərə onun üzündə sərt bir ifadə göründü və qarşısında oturan uşaqlara gözlərini zilləyərək çox ciddi halda barmağını stola vurdu. Bunu o lap yerində etmişdi, çünki Femistoklyus Alkidin qulağını dişləmişdi. Alkid də gözlərini yumaraq ağzını açıb çox yanıqlı ağlamaq istəyirdi, ancaq bununla yeməkdən çox asanlıqla məhrum ediləcəyini duyaraq, ağzını əvvəlki vəziyyətinə saldı, gözləri yaşarmış halda əlindəki qoyun sümüyünü gəmirməyə başladı: sümük gəmirməkdən onun yanaqları işıldayırdı. Manilovun arvadı çox tez-tez Çiçikova: «Siz heç bir şey yemirsiniz, siz çox az götürdünüz» deyə müraciət edirdi. Çiçikov da bunun qabağında hər dəfə ona deyirdi: «İltifatınız artıq olsun, mən doymuşam, xoş söhbət hər bir xörəkdən yaxşıdır».