Kitabı oku: «Ölü canlar», sayfa 3
Nahar qurtardı, ayağa durdular. Manilov son dərəcə məmnun idi; əlini Çiçikovun kürəyinə qoyaraq, onu qonaq otağına aparmaq istəyirdi ki, birdən qonaq çox ciddi bir tövrlə, çox mühüm bir iş haqqında onunla danışmaq niyyətində olduğunu bildirdi.
Manilov:
– Onda icazə verin kabinetimə buyurmağınızı sizdən xahiş edim, – deyərək Çiçikovu, pəncərələri meşəyə baxan kiçik bir otağa apardı. – Bu da mənim guşəm.
Çiçikov otağı gözdən keçirərək dedi:
– Ürəyə yatan bir otaqdır.
Otaqda doğrudan da ürəyə yatan cəhətlər vardı: divarlar boza çalan mavi bir boya ilə rənglənmişdi; burada dörd stul, bir kreslo, bir stol, stolun da üstündə, yuxarıda qeyd etdiyimiz, arası əlfəcinli bir kitab, bir neçə vərəq yazılmış kağız, xeyli də tütün vardı: tütün o biri şeylərin hamısından çox idi, özü də müxtəlif şəkildə: kartuzda, tütün qabında qoyulmuşdu, bir yığın da stol üstünə tökülmüşdü. Pəncərələrin hər ikisində çubuqdan boşaldılmış və səy ilə çox qəşəng sıralarla yan-yana düzülmüş kül yığınları görünürdü. Aydın bilinirdi ki, ev sahibi vaxtını bəzən belə şeylərlə keçirir.
Manilov dedi:
– İcazə verin bu kresloda əyləşmənizi sizdən xahiş edim. Bura sizin üçün daha rahat olar.
– İcazə verin, stulda oturum.
Manilov gülümsəyə-gülümsəyə:
– İcazə verin mən bunu sizə icazə verməyim, – dedi. – Bu kreslo ancaq qonaq üçündür: istəsəniz də, istəməsəniz də oturmalısınız.
Çiçikov oturdu.
– İcazə verin sizi çubuğa qonaq eləyim.
Çiçikov mehribanca və təəssüf ifadə edən səslə dedi:
– Mən tütün çəkmirəm.
Manilov da mehribanca və təəssüf ifadə edən bir səslə soruşdu:
– Niyə?
– Adət eləməmişəm, qorxuram, deyirlər ki, çubuq adamı qurudur.
– İcazə verin mən sizə ərz edim ki, bu doğru fikir deyil. Mən hətta belə güman edirəm ki, çubuq çəkmək burunotu çəkməkdən çox-çox yaxşıdır. Bizim polkda bir poruçik vardı, çox gözəl və çox oxumuş adamdı, çubuğu o nəinki süfrəyə oturanda, hətta, ayıb da olsa, başqa yerlərə gedəndə də ağzından çıxarmazdı. İndi onun yaşı qırxdan ötüb, amma, şükür allaha, hələ də elə sağlamdır ki, heç olmayan kimi.
Çiçikov dedi ki, doğrudur, belə şey ola bilər, insanın təbiətində bir çox şeylər var ki, hətta böyük ağıl sahibi olanlar da bunun səbəbini izah edə bilmirlər.
– Ancaq, icazə verin, əvvəl mənim bir xahişim var… – Çiçikov bunu elə bir səslə dedi ki, bu səsdə qəribə, ya qəribə olacaq dərəcədə bir ifadə vardı və bunu deyəndən sonra nədənsə dönüb geriyə baxdı. Manilov da nədənsə dönüb geriyə baxdı. – Siz çoxdanmı iltifat buyurub təhkimli kəndlilərin siyahısını vermisiniz?
– Bəli, çoxdan vermişəm, doğrusu heç yadımda deyil.
– O vaxtdan bəri sizin çoxmu kəndliniz ölmüşdür?
– Bundan xəbərim yoxdur. Mən belə güman edirəm ki, bunu prikazçikdən9 soruşmaq lazımdır. A gedə, prikazçiki çağır gəlsin, bu gün o burada olmalıdır.
Prikazçik gəldi. Onun qırxa yaxın yaşı olardı, saqqalını qırxdırmışdı, əyninə sürtuk geymişdi, görünür o çox rahat həyat keçirirdi: dolğun üzü elə bil ki, şişmişdi, sarıya çalan dərisi və xırda gözləri onun pərqu döşəklərə və nazbalışlara çox yaxşı bələd olduğunu göstərirdi. Baxan kimi bilmək olurdu ki, bu fəaliyyət sahəsinə o da başqa mülkədar prikazçikləri kimi gəlib çıxmışdır: əvvəl ağa evində yazı-pozu bilən kiçik nökər olmuş, sonra xanımın istəkli qulluqçularından birisilə – təsərrüfat işlərinə baxan bir qadınla evlənmiş, sonra isə özü təsərrüfat işlərinə baxmış, bundan sonra da prikazçik olmuşdur. Prikazçik olandan sonra da məlum şeydir ki, başqa prikazçiklər kimi hərəkət etməyə başlamışdır: kənddə daha çox varlı olan adamlarla durub-oturmuş, onlarla dostluq etmiş, kasıbların töycüsünü artırmış, səhər saat doqquzda yuxudan durmuş, samovar gözləmiş və çay içmişdir.
– Dost, mənə bax görüm, kəndlilərin siyahısı tutulandan sonra bizdə neçə kəndli ölmüşdür?
– Necə yəni? O vaxtdan bəri çox kəndli ölüb. – Prikazçik bunu deyib əlini sipər kimi ağzına qoyaraq hıçqırdı.
Manilov onun sözünə əsaslanaraq dedi:
– Bəli, etiraf edirəm ki, mən özüm də belə düşünürdüm. Bəli, çox kəndli ölmüşdür! – Çiçikova sarı dönərək əlavə etdi: – Doğrudur, çoxları ölmüşdür.
Çiçikov soruşdu:
– Məsələn, nə qədər olar?
Manilov da onun sözünü təkrar etdi:
– Hə, nə qədər olar?
– Nə qədər olduğunu hardan bilmək olar! Məlum deyil axı, ölənləri heç kəs saymayıb.
Manilov Çiçikova sarı dönərək:
– Bəli, bəli, heç kəs saymayıb, – dedi, – mən də elə güman edirəm ki, ölən çoxdur. Ancaq heç məlum deyil ki, nə qədər ölmüşdür.
Çiçikov prikazçikə dedi:
– Rica edirəm, sən get onları say, hamısının da adbaad siyahısını tut.
Manilov da son sözləri təkrar etdi:
– Bəli, hamısının da adbaad siyahısını tut.
Prikazçik: «Baş üstə» deyib getdi.
Prikazçik gedəndən sonra Manilov Çiçikovdan soruşdu:
– Bu axı sizin nəyinizə lazımdır?
Bu sual, deyəsən, qonağı bir qədər çətinliyə saldı; onun üzündə gərgin bir ifadə göründü. Hətta bundan qızardı da, sanki o nəsə demək istəyirdi, ancaq bunu söz ilə ifadə etməyə çətinlik çəkirdi. Doğrudan da Manilov öz dostundan elə qəribə və elə fövqəladə şeylər eşitdi ki, bunu hələ bu vaxta qədər insan qulağı eşitməmişdi.
– Siz soruşursunuz ki, bu mənim nəyimə lazımdır: bu mənə ona görə lazımdır ki, mən kəndli almaq istərdim… – Çiçikov kəkələyərək sözünü tamamladı.
Manilov:
– İcazə verin sizdən bir şey soruşum, – dedi, – siz kəndliləri necə almaq istəyirsiniz: torpaqları ilə bir yerdə, ya ayrılıqda, yəni ki, torpaqsız?
Çiçikov ona belə cavab verdi:
– Yox, mən əməlli-başlı kəndlilər almaqdan danışmıram, mən ölü kəndlilər almaq istəyirəm…
– Necə? Bağışlayın… Mən bir az ağır eşidirəm, qulağıma, deyəsən, çox qəribə bir söz dəydi…
– Mən ölü kəndliləri almaq istəyirəm, ancaq onlar siyahıda diri kimi göstərilməlidirlər.
Manilov bu sözü eşidəndə çubuğu əlindən yerə düşdü, ağzı açıldı və bir neçə dəqiqə elə bu vəziyyətdə qaldı. Dostluq həyatının gözəlliyindən bəhs edən bu iki dost, qədim zamanda divar aynalarının hər iki tərəfindən üz-üzə asılan portretlər kimi, gözlərini bir-birinə dirəyərək hərəkətsiz qaldılar. Nəhayət, Manilov çubuğu yerdən qaldırdı və altdan yuxarı Çiçikovun üzünə baxdı: o öz dostunun dodaqlarında istehzalı ya başqa bir təbəssüm olub-olmadığını görmək istəyirdi, ya bəlkə də dostu onunla zarafat edirdi. Ancaq o belə bir şey görmədi, əksinə, dostunun üzü hətta əvvəlkindən də ciddi idi. Sonra Manilov düşündü ki, bəlkə qonaq, demək olmaz, birdən dəli-zad olar, buna görə də qorxa-qorxa, həm də çox diqqətlə onu gözdən keçirdi. Lakin qonağın gözləri lap adi qaydasında idi: dəli adamların gözləri kimi vəhşicəsinə qaynamırdı, alışıb yanmırdı, ədəb xaricində heç bir şey yox idi, hər şey yerli-yerində idi. Manilov çox düşündü, çox götür-qoy elədi, çox tədbir tökdü, lakin ən nəhayət ağzında qalan tüstünü çox nazik halda bayıra buraxmaqdan başqa ayrı bir şey düşünə bilmədi.
– Bəli, mən bilmək istərdim ki, siz həqiqətdə canlı olmayan, lakin qanuni rəsmiyyət nöqteyi-nəzərindən canlı olan kəndliləri mənə verə bilərsinizmi, ya bəlkə sizin bu barədə daha yaxşı bir təklifiniz var?
Manilov elə utanmış və özünü elə itirmişdi ki, dinməz durub ona baxırdı.
Çiçikov soruşdu:
– Deyəsən, siz çətinlik çəkirsiniz?
Manilov:
– Mən?.. Yox, elə deyil, – dedi, – ancaq mən başa düşə bilmirəm ki… əfv edin… mən əlbət ki, elə gözəl təhsil ala bilməmişəm, necə ki, bu, belə baxanda, sizin hər bir hərəkətinizdə nəzərə çarpır; mən danışmağın yüksək sənətinə malik deyiləm… Bəlkə də burada… sizin indicə ifadə etdiyiniz izahatınızda… başqa gizli bir şey var… Bəlkə də siz, üslubunuz gözəl çıxsın deyə, fikrinizi buyurub belə izah etdiniz?
Çiçikov:
– Yox, yox, – dedi, – mənim nəzərdə tutduğum şey elə o şey özüdür, yəni o kəndlilərdir ki, onlar lap yəqin ölmüşdür.
Manilov lap özünü itirdi. O hiss edirdi ki, nə isə bir şey etməlidir, bir sual verməlidir, lakin necə sual – bunu təyin edə bilmirdi. Bu dəfə də o, ağzındakı tüstünü buraxmaqla düşüncəsinə yekun vurdu, ancaq tüstünü ağzından yox, burun deşiklərindən çıxartdı.
Çiçikov:
– Belə, əgər bir maneə-filan yoxsa, onda allahın iznilə qəbalə10 bağlamağa qədəm qoya bilərik, – dedi.
– Necə, ölmüş kəndlilər üçün qəbalə?
– Bağlamaq olmaz? Biz yazarıq ki, onlar ölməmişdir; həqiqətdə təhkimçilik siyahısında da belədir. Mən mülki qanunlardan qətiyyən kənara çıxmamağa adət etmişəm, elə bunun da üstündə qulluqda mənim başıma iş gəldi; ancaq yox, bağışlayın, vəzifə mənim üçün müqəddəsdir, qanun da elə – mən qanundan çıxa bilmərəm.
Son sözlər Manilovun xoşuna gəldi, ancaq əsl məsələdən yenə də bir şey anlaya bilmədi; Çiçikova cavab vermək əvəzinə çubuğunu bərk-bərk sordu, elə də sordu ki, çubuq faqot11 kimi xırıldamağa başladı. Elə bil ki, o, Çiçikovun təklif etdiyi bu qəribə məsələ haqqında çubuqdan bir rəy almaq istəyirdi, çubuq isə ancaq xırıldayır, başqa bir şey söyləmirdi.
– Bəlkə siz bir şeydən şübhələnirsiniz?
– Ba! Heç elə də şey olar! Rica edirəm! Qətiyyən! Mən o barədə demirəm, yəni sizin haqqınızda tənqidi bir fikirdə-zadda deyiləm. Ancaq icazə verin, sizin qulluğunuza ərz edim ki, bu şeydən və, daha düzgün ifadə etmək lazım gəlirsə, bu alverdən, bəli, bu alverdən mülki qərarlar üçün və Rusiyanın gələcək işləri üçün bir uyğunsuzluq əmələ gəlməz ki?
Manilov bunu deyib başını bir az tərpətdi və çox mənalı-mənalı Çiçikovun üzünə baxdı, bu zaman onun sifətinin bütün cizgilərində və bir-birinə sıxılmış dodaqlarında elə dərin mənalı bir ifadə göründü ki, belə bir ifadə bəlkə də bu vaxta qədər heç insan sifətində görünməmişdir, bu ifadə olsa-olsa bəlkə də çox ağıllı bir nazirin sifətində, o da baş çatladan ən çətin məsələlərin həllində nəzərə çarpa bilər.
Lakin Çiçikov çox sadə bir şəkildə dedi ki, belə şeydən və ya alverdən mülki qərarlar və Rusiyanın gələcək işləri üçün heç bir uyğunsuzluq əmələ gəlməyəcəkdir; bir azdan sonra da əlavə etdi ki, hətta dövlət xəzinəsi bundan xeyir görəcəkdir, çünki bundan qanuni yol ilə rüsum alacaqdır.
– Demək siz güman edirsiniz ki…
– Mən güman edirəm ki, bu yaxşı olacaqdır.
– Hə, əgər yaxşı olacaqsa, bu ayrı məsələ: onda mən bunun əleyhinə bir söz deyə bilmərəm, – Manilov bunu deyib tamamilə sakitləşdi.
– İndi qalır qiymət məsələsi…
Manilov təəccüblə soruşdu:
– Necə yəni qiymət məsələsi? Yoxsa siz elə güman edirsiniz ki, mən bir növ ömürlərini başa verən kəndlilər üçün sizdən pul da alaram? Əgər, necə deyirlər, sizin başınızda belə fantastik bir arzu əmələ gəlibsə, onda mən öz tərəfimdən onları müftəcə sizə verirəm və qəbalə əqdini də öz üzərimə götürürəm.
Manilov bu sözü deyəndə qonaq hədsiz dərəcədə məmnun oldu: əlbəttə, bu hadisələri qələmə alan tarixçi bunu qeyd etməsəydi, onun üçün bu çox böyük bir nöqsan hesab edilərdi. Bəli, qonaq nə qədər abırlı və düşüncəli olsa da bu sözü eşidəndə az qaldı ki, keçi kimi yerindən sıçrasın, – məlumdur ki, adam ancaq ən böyük sevinc coşğunluğu duyanda beləcə atılıb düşmək istəyir. Oturduğu kresloda elə zərb ilə döndü ki, balışın üzünə verilən yun parça partlayıb cırıldı. Manilov təəccüblə ona baxdı. Qonaq öz razılığını bildirmək üçün təşəkkür ifadə edən o qədər söz söylədi ki, Manilov özünü itirdi və qıpqırmızı qızardı, başını yelləyərək bu təşəkkürə layiq olmadığını bildirdi və nəhayət dedi ki, mən öz könlümün şiddətli arzularını, qəlbimin maqnetizmini başqa şeylərlə izhar etmək istərdim, ölmüş kəndlilər nədi ki, bunlar boş-boş şeylərdir.
Çiçikov onun əlini sıxıb:
– Heç də boş-boş şeylər deyil, – dedi. Burada o çox dərindən bir ah çəkdi; sanki elə indicə ürəyini açıb tökəcəkdi, sonra isə hiss və həyəcanla bu sözləri dedi: – Siz heç bilirsinizmi, bu boş-boş şeylərlə yeri-yurdu məlum olmayan mənim kimi bir adama nə böyük bir yaxşılıq elədiniz! Bəli, doğrudan da mənim başıma nələr gəlməmişdir! Şiddətli dalğalar arasına düşən bir qayıq kimi… Necə ağır təqiblərə məruz qalmışam, necə acı-acı müsibətlər görmüşəm, özü də nəyə görə? Ona görə ki, həqiqəti gözləmişəm, vicdanım təmiz olmuşdur, zavallı dul arvadlara, başıbəlalı yetim uşaqlara kömək eləmişəm!.. – O hətta gözündən yuvarlanan yaşı yaylıqla sildi.
Manilov bundan son dərəcə mütəəssir olmuşdu. İki dost xeyli bir-birinin əlini sıxdı və kirimişcə xeyli bir-birinin gözlərinə baxdı: onların gözləri yaşarmışdı. Manilov bizim qəhrəmanın əlini buraxmaq istəmirdi və onu elə bərk-bərk sıxırdı ki, Çiçikov heç bilmirdi əlini onun əlindən necə xilas etsin. Axırda o yavaş-yavaş əlini onun əlindən çəkib çıxartdı və dedi ki, qəbalə əqdi tez düzəlsəydi pis olmazdı, özüm də bir şəhərə dəysəydim yaxşı olardı. Sonra o şlyapasını götürüb vidalaşmağa başladı.
Manilov birdən sanki yuxudan ayıldı və qorxmuş halda dedi:
– Necə? Siz getmək istəyirsiniz?
Bu zaman Manilovun arvadı kabinetə girdi.
Manilov şikayətli bir səslə dedi:
– Lizanka, Pavel İvanoviç bizi qoyub gedir!
– Ona görə gedir ki, biz Pavel İvanoviçi təngə gətirdik.
Çiçikov:
– Xanım, – dedi, – sizinlə keçirdiyim xoş dəqiqələr burada, bax burada, – əlini ürəyinin üstünə qoydu, – bəli, burada yaşayacaqdır! Və inanın ki, mənim üçün, sizinlə bir evdə olmasa da, heç olmazsa yaxın qonşuluqda yaşamaqdan böyük xoşbəxtlik ola bilməz!
Bu fikir Manilovun çox xoşuna gəldi:
– Bilirsinizmi, Pavel İvanoviç, – dedi, – doğrudan da, biz bir yerdə, bir damın altında yaşasaydıq və ya bir qarağac kölgəsi altında oturub müxtəlif məsələlər haqqında fəlsəfi düşüncələrə dalsaydıq, dərinlərə getsəydik nə yaxşı olardı!..
Çiçikov da ah çəkərək dedi:
– Bəli! Dünyada bundan gözəl bir həyat olmazdı! – O, Manilovun arvadının əlini öpərək əlavə etdi: – Əlvida, xanım! Əlvida, hörmətli dost! Mənim xahişimi unutmayın!
Manilov:
– Ba, heç elə də şey olar, arxayın olun! – dedi. – Mən sizinlə ancaq ikicə günlüyə ayrılıram, artıq yox!
Hamısı yemək otağına keçdi.
Çiçikov Alkidi və Femistoklyusu görüb dedi:
– Əlvida, əziz balalar! – Onların başı, ağacdan qayrılmış, qolları və burnu qırılmış bir qusara qarışmışdı. – Əlvida, körpə tifillərim! Siz məni əfv edin: mən sizə hədiyyə gətirməmişəm, ona görə gətirməmişəm ki, etiraf edirəm, sizin hətta dünyada yaşayıb-yaşamadığınızdan xəbərdar deyildim, amma indi gələn kimi mütləq gətirəcəyəm. Sənə qılınc gətirəcəyəm. Qılınc istəyirsənmi?
Femistoklyus:
– İstəyirəm, – deyə cavab verdi.
Sonra Alkidə sarı əyilərək sözünə davam etdi:
– Sənə də təbil gətirəcəyəm. Təbil, elə deyilmi?
Alkid başını aşağı dikərək pıçıltı ilə dedi:
– Təbil.
– Yaxşı, sənə təbil gətirəcəyəm. Elə gözəl təbil ki… Həmişə də çalacaqsan: dam-ba-dam, dam-ba-dam… Əlvida, əzizim! Əlvida! – Bunu deyib Alkidin başından öpdü, gülə-gülə Manilova və onun arvadına sarı döndü: belə bir gülüşlə adətən ata-anaya müraciət edirlər, bununla da onlara hiss etdirmək istəyirlər ki, uşaqlarının arzusu məsumanə bir arzudur.
Artırmaya çıxanda Manilov dedi:
– Doğrudan da, Pavel İvanoviç, getməyin, qalın. Bir ora baxın, hava gör necə buluddur!
– Elə şey deyil.
– Heç olmasa Sobakeviçgilə gedən yolu tanıyırsınızmı?
– Bunu sizdən soruşmaq istəyirdim.
– İcazə verin mən bu saat bunu sizin sürücüyə izah edim, – Manilov eyni nəzakətlə hansı yolla gedəcəyini sürücüyə izah etdi, hətta bir dəfə ona «siz» də dedi.
Sürücü Manilovdan iki yol döngəsini buraxıb üçüncü döngədən burulmaq lazım gəldiyini eşidib: «Zat-aliləri, taparıq» dedi və onlar yola düşdülər. Manilovla arvadı onların ardınca uzun-uzadı baş əydi və pəncələri üstə qalxaraq yaylıq elədilər.
Manilov artırmada durub uzaqlaşmaqda olan briçkaya xeyli baxdı; briçka gözdən itəndən sonra o yenə də çubuğunu çəkə-çəkə artırmada xeyli durdu. Nəhayət otağa girib stulda oturdu və düşüncəyə daldı: o öz qonağını, az da olsa, razı yola saldığına ürəkdən sevinirdi. Sonra o heç özü də hiss etmədən başqa şeylər haqqında düşünməyə başladı və xəyalından cürbəcür şeylər keçdi. O, gözəl dostluq həyatı haqqında düşünürdü: adam öz dostu ilə çay qırağında yaşasaydı nə yaxşı olardı! Sonra da bu çayın üstündən bir körpü salındı, nəhəng bir ev tikildi, evin də elə hündür qülləsi vardı ki, buradan lap Moskvanı görmək olardı, axşamlar da orada açıq havada oturub çay içərdin, könül xoşlayan şeylərdən söhbət açardın… Sonra onlar Çiçikovla bərabər gözəl karetalarda bir məclisə getdilər, orada öz xoş rəftarları ilə hamını valeh etdilər və guya padşah özü onların belə yaxşı dost olduqlarını eşidib hər ikisinə generallıq rütbəsi verdi; sonra o elə şeylər düşündü ki, bunların nədən ibarət olduğunu heç özü də anlaya bilmədi. Çiçikovun qəribə təklifi birdən onun yadına düşdü və bütün düşüncələrini qırdı: bu qəribə təklif onun beyninə heç batmırdı; bunu nə qədər öyür-çöyür eləsə də bir şey aydınlaşdıra bilmədi, çubuq çəkə-çəkə ta axşam yeməyinə qədər beləcə oturub götür-qoy elədi.
Üçüncü fəsil
Çiçikov isə xeyli vardı öz briçkasında oturub baş yol ilə gedirdi; onun kefi kök idi. Əvvəlki fəsildən Çiçikovun əsasən nə fikirdə və nə niyyətdə olduğu bizə məlumdur; buna görə də çox keçmədən onun bütün varlığı ilə bu məsələyə qurşanması heç də təəccüblü deyildir. O öz aləmində cürbəcür mülahizələr yürüdür, müxtəlif fərziyyələrə əl atır, götür-qoy eləyirdi və onun üzündəki ifadədən aydın olurdu ki, bu mülahizələr, fərziyyələr, götür-qoylar onun çox-çox ürəyinə yatan şeylərdir, çünki tez-tez onun üzündə məmnuniyyət bildirən təbəssüm izləri görünürdü. O öz fikrilə məşğul olduğundan, Manilovun nökərlərindən razı qalan sürücünün sağ tərəfdən qoşulan ala ata çox yerində məzəmmət etdiyinə heç əhəmiyyət vermirdi. Bu ala at çox bic at idi: özünü elə göstərirdi ki, guya briçkaya güc verir, amma əslində briçkanı, ortaya qoşulan kəhər at, bir də sol tərəfdən qoşulan, özünə də, bir nəfər iclasçıdan alındığı üçün, İclasçı adı verilən qonur at çəkirdi və ancaq onlar ürəkdən çalışırdı, belə ki, bundan duyduqları həzz hətta onların gözlərində də görünürdü. Selifan bir az yerindən qalxaraq, qamçını tənbəl ata çəkib deyirdi: «Bir bunun bicliyinə bax! Sən nə qədər bic olsan mən səndən də bicəm. Yerisənə, alman şalvarı! Bax, kəhər yaxşı atdır, o öz borcunu yerinə yetirir, mən lap ürəkdən ona bir xəlbir də artıq arpa verərəm, ona görə ki, o yaxşı atdır. İclasçı da yaxşı atdır… Hə, bir buna bax, qulaqlarını niyə silkələyirsən? Axmağın biri axmaq, sən deyilənə qulaq as! Ay gic, mən sənə pis şey öyrətmərəm. Gör hara çəkir! – Selifan yenə də ona bir qamçı çəkdi: «Hıy, çər dəymiş! Məlun Bonapart!» Sonra isə hamısının üstünə çığırdı. «Hə, əzizlərim!» deyərək hamısına cəza olmaq üçün deyil, razı qaldığını bildirmək üçün bir qamçı vurdu. Selifan atlara belə bir mehribanlıq göstərdikdən sonra yenə də ala ata sarı dönüb sözə başladı: «Sən elə bilirsən ki, öz bicliyini məndən gizlədəcəksən? Yox, sən bunu eləyə bilməyəcəksən! Əgər istəyirsən ki, sənə də hörmət eləsinlər, onda sən düz dolan. O mülkədar ki, onun evində idik, bax, onun adamları yaxşı adamdır. Yaxşı adamla mən lap ürəkdən söhbət elərəm. Yaxşı adamla həmişə dost olarsan, beləsi ilə lap ürəkdən yoldaşlıq da elərsən, əgər adam yaxşı adamsa, oturub onunla çay da içərsən, çörək də yeyərsən. Yaxşı adama hamı hörmət eləyir. Bax, bizim ağaya hamı hörmət eləyir, ona görə hörmət eləyir ki, ey, eşidirsənmi, bəli, ona görə hörmət eləyir ki, o, hökumət qulluğunda olub, o skoleskoy12 müşavirdir…»
Selifan bu qayda ilə danışa-danışa axırda ən mücərrəd şeylərə əl atmağa başladı. Çiçikov onun danışığına qulaq asmış olsaydı, özü haqqında bir çox şeylər eşitmiş olardı. Lakin o öz düşüncələrilə son dərəcə məşğul idi və onu ancaq şiddətli bir göy gurultusu öz fikrindən ayıldıb ətrafa baxmağa məcbur etdi: bütün göyü başdan-başa qara buludlar bürümüşdü, tozlu poçt yoluna tək-tək yağış damlaları düşürdü. Sonra göy daha bərkdən və daha yaxında guruldadı, yağış da birdən-birə novçadan tökən kimi yağmağa başladı. Yağış əvvəl çəpinə yağdığından, kuzovun bir tərəfini, sonra o biri tərəfini döyəclədi, ən axırda da hücum istiqamətini dəyişərək, tamamilə düz yağmağa və kuzovun üstünü döyəcləməyə başladı, indi yağış sıçrantıları Çiçikovun lap üzünə çilənirdi. O, ətrafı seyr etmək üçün, iki girdə pəncərəsi olan meşin pərdəni kuzovun qabağına çəkdi və briçkanı tez sürməyi Selifana əmr etdi. Selifanın danışığı lap şirin yerində qırılmışdı, indi o da başa düşürdü ki, ləngimək olmaz: qozlanın altında boz mahuddan tikilmiş köhnə bir şey çıxarıb qollarına keçirtdi, cilovları yığıb atların üstünə çığırdı; atlar bu zaman lap ağır-ağır gedirdilər, çünki onlar Selifanın ibrətli sözlərini eşidərək xoş bir zəiflik duyurdular. Selifan isə heç bilmirdi ki, yolun iki döngəsinimi, ya üç döngəsinimi keçmişdir. O gəldiyi yolu bir qədər yadına salaraq, bir çox yol döngəsinə rast gəldiyini və bunların hamısını ötdüyünü hiss etdi. Lakin ruslar həlledici dəqiqələrdə uzun-uzadı düşünmədən nə etmək lazım gəldiyini bildiyindən, Selifan da briçkanı rast gəldiyi bir yol döngəsindən sağa burub: «Ho, dostlarım!» deyə çığırdı və bu yolun hara gedib çıxacağını nəzərə almadan atları qovmağa başladı.
Lakin yağış kəsilmək bilmirdi. Çox keçmədi ki, yolun tozu dönüb palçıq oldu; briçkanı çəkib aparmaq atlar üçün get-gedə çətinləşirdi. Bu qədər yol getdikləri halda hələ də kəndin görünməməsi Çiçikovu narahat etməyə başladı. Onun hesabınca Sobakeviçin kəndinə gərək çoxdan çataydılar. Çiçikov diqqətlə ətrafa baxdı, lakin hava elə qaranlıqdı ki, heç göz-gözü görmürdü.
Axırda o başını briçkadan bayıra çıxarıb çağırdı:
– Selifan!
– Bəli, ağa!
– Bir bax gör kənd görünmür ki!
– Xeyir, ağa, kənd-zad görünmür. – Selifan bunu deyib, əlindəki qamçını atların üstünə yellədə-yellədə oxumağa başladı, lakin onun bu oxuduğu şeyə nəğmə demək olmazdı, bu bitib-tükənməyən uzun bir şeydi. Bütün Rusiyada atları hərəkətə gətirmək və ruhlandırmaq üçün ifadə edilən bütün çığırtılar, ağına-bozuna baxmadan və dalısını gözləmədən deyilən, müzəkkər, müənnəs və orta cinslərə aid olan bütün sifətlər bu oxumağın içində vardı. İş axırda gəlib o yerə çatdı ki, Selifan atları katib adlandırmağa başladı.
Bu zaman Çiçikov gördü ki, briçka o yan-bu yana əyilir, atılıb-düşür və onu bərk yırğalayır; bundan o hiss etdi ki, briçka yoldan kənara çıxmışdır və yəqin ki, şumlanmış əkin yeri ilə gedir. Selifan özü də deyəsən bunu başa düşmüşdü, ancaq heç bir söz demirdi.
Çiçikov dedi:
– Haramzada, bu nədir, sən hansı yol ilə gedirsən?
– Ağa, neyniyəsən axı, pis vaxtdır, elə qaranlıqdır ki, adam heç əlindəki qamçını görmür, – Bu zaman briçka elə əyildi ki, Çiçikov hər iki əli ilə yan-yörəsindən tutmağa məcbur oldu və ancaq indi Selifanın kefli olduğunu başa düşdü. O:
– Saxla, saxla, aşırarsan! – deyə çığırdı.
– Yox, ağa, necə ola bilər ki, mən briçkanı aşırım! Briçkanı aşırmaq yaxşı şey deyil, bunu mən özüm də bilirəm. Yox, mən onu aşırmaram. – Sonra o briçkanı yavaş-yavaş döndərməyə başladı, döndərdi, döndərdi, axırda lap böyrü üstə çevirdi. Çiçikov əlli-ayaqlı palçığa sərildi. Selifan atları saxladı, saxlamasaydı da atlar özü dayanacaqdı, çünki yorulub lap əldən düşmüşdülər. Bu gözlənilməyən hadisə Selifanı çox təəccübləndirdi. Qozladan düşdü, gəlib briçkanın yanında dayandı, əllərini böyrünə dirədi, ağası isə bu vaxt palçığın içində eşələnir, oradan çıxmağa çalışırdı. Selifan bir az düşündükdən sonra öz-özünə dedi: «Gör ha, aşdı!»
Çiçikov:
– Sən ki, lap lül-qəmbərsən! – dedi.
– Yox, ağa, necə ola bilər ki, mən lül-qəmbər olum! Mən bilirəm ki, lül-qəmbər olmaq yaxşı şey deyil. Dostumla oturub bir balaca söhbət elədim, ona görə ki, yaxşı adamla söhbət eləmək olar, bunda pis bir şey yoxdur, bir balaca çörək yedik. Çörək yemək pis şey deyil, yaxşı adamla oturub çörək yemək olar.
– Sən ki, axırıncı dəfə içib sərxoş olmuşdun ha, onda mən sənə nə dedim? Hə? Yadından çıxıb?
– Yox, zat-aliləri, necə ola bilər ki, yadımdan çıxarım! Mən öz işimi bilirəm: mən bilirəm ki, içib keflənmək yaxşı şey deyil. Yaxşı bir adamla söhbət elədim, ona görə ki…
– Mən səni çubuqla yaxşıca döyərəm, onda sən bilərsən ki, yaxşı adamla danışmaq necə olar!
Selifan hər şeyə razı idi:
– Ağa, kefiniz necə istəyirsə elə də eləyin, döymək lazımdırsa döyün, mən bundan heç boyun qaçırmaram. Pis iş tutandan sonra niyə döyməyəsən? Bu, ağanın öz işidir. Ağa gərək döysün, ona görə ki, mujik şıltaqlıq eləyir. Qayda-qanunu gözləmək lazımdır. Əgər pis bir iş tutsa onda döy, niyə də döyməyəsən?
Bunun qabağında ağa deməyə söz tapmadı. Elə bu vaxt sanki taleyin onlara yazığı gəldi: uzaqdan it səsi eşidildi. Çiçikov sevinərək, atları qovmağı sürücüyə əmr etdi. Rus arabaçısının göz yerinə yaxşı bir duyğusu var, həmin bu duyğuya görədir ki, o, gözlərini yumaraq atları var gücü ilə qovur, həmişə də necə olsa bir yerə gəlib çıxır. Selifan heç bir şey görmədiyi halda atları düz kəndin üstünə sürdü və ancaq o zaman dayandı ki, briçkanın qolu gəlib hasara toxundu və daha heç bir yerə getmək mümkün olmadı. Çiçikov qalın yağış pərdəsi arasından taxtapuşa oxşar bir şey gördü. Selifanı göndərdi ki, gedib darvazanı açsın, lakin Rusiyada qapıçı əvəzinə zirək itlər olmasaydı, heç şübhəsiz bu iş çox gec başa gələrdi, amma onun gəlməsi haqqında ev sahibinə elə bərkdən məlumat verməyə başladılar ki, Çiçikov hətta barmağı ilə qulaqlarını tıxadı. Pəncərədə bir işıq göründü, işıq dumanlı bir şüləm şəklində hasara qədər uzandı və yol gələnlərə darvazanın harada olduğunu göstərdi. Selifan darvazanı döyməyə başladı. Çox çəkmədi ki, başına çuxa atmış bir adam həyət qapısını açdı və ağa ilə xidmətçisi xırıltılı bir arvad səsi eşitdilər:
– Qapını döyən kimdir? Nə olub məgər?
Çiçikov:
– Ana can, – dedi, – yol gəlmişik, qoy gecəni sizdə qalaq.
Qarı dedi:
– Əcəb diribaş tərpənmisən! Gör nə vaxt gəlib! Bura sənin üçün karvansara deyil: burada mülkədar arvadı yaşayır.
– Ana can, neyləyək axı! Yol azmışıq. Belə vaxtda çöldə qala bilmərik ki!
Selifan da əlavə etdi:
– Bəli, hava qaranlıqdır, pis vaxtdır.
Çiçikov onun üstünə çımxırdı:
– Kəs səsini, axmaq!
Qarı soruşdu:
– Sən kimsən axı?
– Ana can, dvoryanam.
«Dvoryan» sözü deyəsən qarını bir az düşündürdü.
– Dayanın, gedim xanıma deyim. – İki dəqiqədən sonra o, əlində fanar qayıtdı.
Darvazanı açdılar. O biri pəncərədə də işıq yandı. Briçka həyətə girərək balaca bir evin qabağında dayandı, qaranlıqda evin necə bir ev olduğunu görmək mümkün deyildi. Ancaq onun bir hissəsi pəncərələrdən düşən işıqla işıqlanmışdı. Evin qabağında bir gölməçə görünürdü, – pəncərələrdəki işıq düz onun üstünə düşmüşdü. Yağan yağış taxtapuşda səslənir və şırıltı ilə axaraq çəlləyə tökülürdü. İtlər də ki, səs-səsə verib hürüşürdü: birisi başını geri ataraq elə uzada-uzada və elə səy ilə hürürdü ki, elə bil bundan ötrü böyük bir maaş alırdı; o birisi dyaçok kimi tələsirdi; bu iki səs arasında, poçt zəngi kimi, susmaq bilməyən zil bir səs eşidilirdi, yəqin ki, bu bir küçüyün səsi idi; bunların da hamısını yoğun bir səs tamamlayırdı: bəlkə də bu, qüvvətli it təbiətinə malik olan bir qoca köpək idi, çünki onun səsi, konsertin qızğın yerində səslənən xor kontrabası kimi xırıldayırdı: bu zaman tenorlar daha yüksək bir səsə keçmək üçün pəncələri üstə qalxır və bütün oxuyanlar başlarını geri ataraq var qüvvələri ilə səslərini ucaldırdılar, yalnız o qırxılmamış çənəsini qalstukunun üstünə endirib oturmuş və az qala yerə qədər əyilərək elə səs çıxarır ki, bu səsdən pəncərə şüşələri cingildəyərək tir-tir titrəyir. Belə musiqiçilərdən təşkil edilən konsertdən – elə itlərin hürüşündən kəndin abırlı bir kənd olduğunu təyin etmək olardı. Lakin bizim yağışdan islanmış və üşümüş qəhrəmanımız yataqdan başqa heç bir şey haqqında düşünmürdü. Briçka tamamilə dayanmamışdı ki, Çiçikov artırmaya atıldı, səntirlədi, az qaldı ki, yıxılsın. Artırmaya yenə də bir arvad çıxdı, bu bayaqkından bir az cavandı, ancaq ona çox oxşayırdı. Arvad Çiçikovu otağa apardı. Çiçikov otağa ötəri bir nəzər saldı: otağın divarlarına köhnə, zol-zol kağız çəkilmişdi, divarlarda quş şəkilləri, pəncərələrin arasında burulmuş yarpaq şəklində, qara rəngli çərçivələr içərisində qədim güzgülər, hər güzgünün dalına ya bir məktub, ya köhnə kart kağızı dəstəsi, ya da corab qoyulmuşdu; otaqda, siferblatına çiçək şəkli çəkilmiş bir divar saatı da vardı… Çiçikovun daha başqa şey görməyə taqəti qalmamışdı: göz qapaqları bir-birinə yapışırdı, sanki onlara bal sürtülmüşdü. Bir dəqiqə keçməmiş ev sahibi özü gəldi. O, başına tez-tələsik gecə ləçəyi bağlamış, boynuna flanel sarımış ötkün yaşlı bir qadındı, məhsul olmamasından, ziyana düşməsindən acı-acı şikayətlənən, başını bir az çiyninə sarı əyən kiçik mülkədar xanımlardan biri idi; lakin onlar məhsul olmamasından, ziyana düşmələrindən şikayətlənsələr də çitdən tikilmiş kisələrə yavaş-yavaş pul yığıb komodun gözlərinə qoymağı yaddan çıxartmırlar. Kisələrin birinə ağ manat, birinə gümüş onşahılıq, birinə abbasılıq yığır, amma gendən baxanda deyirsən ki, komodda alt paltarından, gecə köynəyindən, sap yumağından, sökülmüş qadın paltosundan başqa ayrı bir şey yoxdur; əgər köhnə don bayram üçün qoğal, külçə və başqa şirin şeylər bişirərkən yanıb eləsə ya öz-özünə köhnəlib üzülsə, onda həmin sökülmüş palto dönüb bir don olur; amma köhnə don nə yanır, nə də öz-özünə köhnəlib üzülür, çünki qarı çox ehtiyatlı tərpənir; paltonun da nəsibi bu olur ki, elə sökülmüş halda uzun zaman komodda yatıb qalır, axırda da edilən vəsiyyətə görə, başqa köhnə-küluş şeylərlə bərabər qarının bacısı nəvəsinin qardaşı qızına qismət olur.
Çiçikov belə qəfildən gəlməsilə ev yiyəsini narahat etdiyinə görə üzr istədi. Ev yiyəsi dedi: «Eybi yoxdur, eybi yoxdur! Ancaq belə vaxtda heç evdən bayıra çıxarlar! Gör aləm necə qarışıb, necə çovğundur… Yol gəlmisiniz, bir şey yemək lazımdı, ancaq vaxt gecdir, yemək hazırlamaq mümkün deyil».
Qəribə bir fısıltı ev yiyəsinin sözünü kəsdi, qonaq az qalmışdı ki, qorxsun: elə bil otaq ilanla dolmuşdu, səs ilanların fısıltısına oxşayırdı. Lakin qonaq yuxarıya baxıb sakitləşdi, başa düşdü ki, divar saatının kefi gəlib, dınqıldamaq istəyir. Fısıltının ardınca xırıltı başladı, axırda saat var gücünü toplayaraq elə bir səslə ikini vurdu ki, elə bil kimsə çatlaq bir küpəni ağacla döyəcləyirdi; səs kəsiləndən sonra saatın kəfkiri yenə də sağa-sola yırğalana-yırğalana sakitcə tıqqıldamağa başladı.
Çiçikov ev sahibinə təşəkkür edib dedi: «Mənə heç bir şey lazım deyil, narahat olmayın, mənə ancaq yorğan-döşək lazımdır, bundan başqa heç bir şey istəmirəm». Ancaq hara gəlib çıxdığını, buradan Sobakeviçgilə çoxmu yol olub-olmadığını soruşdu: qarı da dedi ki, mən belə bir ad eşitməmişəm və belə bir mülkədar heç yerli-dibli yoxdur.
Çiçikov soruşdu:
– Bəlkə Manilovu tanımış olasınız?
– Manilov kimdir?
– Mülkədardır, ana.
– Yox, eşitməmişəm, belə bir mülkədar yoxdur.
– Bəs hansılar var?
– Bobrov var, Svinyin var, Kanapatyev var, Xarpakin var, Trepakin var, Pleşakov var.