Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 10

Kollektif
Yazı tipi:

Wight, Colin (1999a) ‘They Shoot Dead Horses Don't They? Locating Agency in the Agent-Structure Problematique’, European Journal of International Relations, 5 (1): 109-42.

Wight, Colin (1999b) ‘MetaCampbell: The Epistemological Problematics of Perspectivism’, Review of International Studies, 25 (2): 311-6.

Wight, Colin (2000) ‘Interpretation All the Way Down? A Reply to Roxanne Lynn Doty’, European Journal of International Relations, 6 (3): 423-30.

Winch, Peter (1958) The Idea of a Social Science. London: Routledge and Kegan Paul.

Winch, Peter (1990) The Idea of a Social Science, 2nd edn. London: Routledge.

Wright, George Edward (1974) Causality and Determinism: Woodbridge Lectures: 10. London: Columbia University Press.

Wright, Quincy (1942) A Study of War. Chicago: University of Chicago Press.

Wright, Quincy (1962) Preventing World War III: Some Proposals. New York: Simon and Schuster.

Zaiewski, Marysia (1993) ‘Feminist Theory and International Relations', in Mike Bowker and Robin Brown (eds), From Cold War to Collapse: Theory and World Politics in the 1980s. Cambridge: Cambridge University Press, pp.115-43.

3
Rasionalizm Konstruktivizmə qarşı
Bədbin baxış
JAMES FEARON VƏ ALEXANDER WENDT

International Organization-un əlli illiyinə həsr edilmiş yubiley nəşrininə ön sözdə Peter Katzenstein, Robert Keohane və Stephen Krasner (1998) belə fərz etmişdilər ki, üzümüzə gələn illərdə Beynəlxalq münasibətlər (BM) sahəsində debatların əsas istiqaməti ehtimal ki, rasionalizm konstruktivizmə qarşı olacaqdır. Ən azı bir mühüm cəhətdən, bu, diqqətəlayiq inkişaf olardı. Nə olmalarından asılı olmayaraq, rasionalizm və konstruktivizm beynəlxalq siyasətin birinci instansiya nəzəriyyələri arasında deyillər. Rasionalizm sanki daha çox sosial yozum nədir və necə işləməlidir barəsində fəlsəfi mövqeyi tətbiq edən metodoloji üsula müraciət edir. Konstruktivizm isə, sanki sosial izah haqqında, sosial tədqiqatın müəyyən sual və üsullarına üstünlük verilməsini nəzərdə tutan, arqumentlər dəstinə müraciət edir. Əgər sahə diqqəti həqiqətən də rasionalizm konstruktivizmə qarşı məsələsində cəmləşdirəcəksə, BM-də mərkəzi debat Beynəlxalq münasibətlər deyil, daha çox Beynəlxalq münasibətləri necə öyrənmək haqqında olacaqdır.

Əlbəttə, BM-də sosiologiyanın metod və fəlsəfəsi ilə əlaqədar məsələlər, pozitivizm və post-pozitivizm barədə bu yaxınlardakı mübahisələr, və əvvəllər aparılmış davranışçılıq (biheviorizm) tarixi ənənəçiliyə qarşı debatı timsalında presedentlərə malikdir.25 Rasionalizm və konstruktivizm arasında meydana çıxmış debatın şərtləri bunlarınkından fərqlidir, lakin birnci tərtibdən daha çox, ikinci tərtib problemlərlə məşğul olunması cəhətdən oxşardır.

Məntiqli olaraq soruşula bilər ki, BM sahəsinin analitik paradiqmlərin döyüşü şəklində qurulmuş forması Beynəlxalq münasibətlərin başa düşülməsinə və insanın (və planetin) həyat şəraitinin yaxşılaşmasına ən yaxşı xidmət edən formadırmı. Bu, ən azı alimləri öz (üstün hesab edilən paradiqmatik dəbə tabe olmayacaqları halda etina edilməyəcək mühüm sual və cavablarla nəticələnə biləcək) tədqiqatlarında problemlə yönəldiləndən daha çox, metodla istiqamətləndirilən olmağa həvəsləndirə bilər. Lakin biz bu fəsildə bu mühüm sualı kənarada qoyacağıq. «Rasionalizm konstruktivizmə qarşı»nın üzümüzə gələn illərdə BM-də müəyyən debatlara istiqamət verəcəyini fərz edərək, ziddiyyətin nədən ibarət olduğunu soruşuruq. Xatırlanan «izm»lər nədən ibarətdir? Və onlar arasındakı fərqlər paradiqmlərin müharibəsi üçün əsas verirmi?

Biz son suala əsasən mənfi cavab veririk. Biz əsaslandırırıq ki, bu iki yanaşma arasında müəyyən mühüm fərqlər olsa da, əhəmiyyətli razılıq sahələri də mövcuddur, və həqiqi fərqlərin olduğu yerlərdə onlar çox vaxt zidd olandan daha çox bir-birini tamamlayandır. Bizim məqsədimiz burada müzakirəyə ehtiyac olmadığını, və ya rasionalizmlə konstruktivizmin bir görüşə sintez edilməsinin lazım və ya mümükün olmasını təklif etmək deyil. Təklif daha çox ondan ibarətdir ki, onların münasibətlərinin cəmi sıfır olan yozmalarını kənara qoyaraq, qəbul edilmiş rasionalist/konstruktivist sərhədlərin kəsişməsindəki suallarla məşğul olan iş güman ki, ən maraqlı tədqiqat olacaqdır.26

Biziə görə, belə nəticənin lehinə olan həlledici arqument odur ki, rasionalizm və konstruktivizm metafiziki mövqe, və ya dünyanın empirik təsviri kimi yox, praktiki analitik alət kimi daha məhsuldar işlədilir.27 Debatın ontoloji və empirik yozumları ədəbiyyatda çox ümumi halda olduğundan və çoxlu sayda sıfır cəmlərə gətirdiyindən, onlara niyə müqavimət göstərdiyimizi qısaca olaraq izah etmək faydalı olardı.

Ontoloji oxunuş rasionalizm və konstruktivizmə sosial həyatın nədən təşkil olunması, və bu elementlər arasında hansı münasibətlərin mövcud olması haqqında fərziyyələr dəsti kimi baxır. Məsələn, bu mövqedən rasionalizmə adətən bütövü qarşılıqlı təsirdə olan hissələrə gətirilə bilən hesab edən fərdiyyəçi (individualist) ontologiyanı, konstruktivizmə isə hissənin yalnız ümumiyə nisbətən mövcud olduğunu hesab edən bütövlük (holist) ontologiyasını qəbul edən kimi baxılır. İstənilən halda, müəyyən empirik arqumentlər və analitik alətlər əvvəlcədən legitim və ya qeyri-legitim, elmi və ya qeyri-elmi kimi təyin və ya qadağan edilmişdir, və beləliklə də, paradiqmlərin həqiqi müharibəsi üçün döyüş səhnəsi hazırlanmışdır.

Bu ontoloji problemlərin anlanılması vacibdir, çünki bunu anlamaqdan imtina etmək potensial olaraq maraqlı arqument zəncirlərini əsassız olaraq rədd edən dinməz ontologiyalara çevrilən analitik alətlərə və ya strukturlara gətirə bilər (Ruggie, 1983: 285). Lakin biz rasionalist-konstruktivist debatın belə strukturunun ən yararlı olacağına üç səbəbdən inanmırıq. Birincisi, məsələlər öz tərifinə görə fəlsəfidir, və güman ki, bu keyfiyyətdə yaxın zamanlarda, bəlkə elə sonra da BM tədqiqatçıları tərəfindən həll edilə bilməyəcəkdir. İkincisi, rasionalist və konstruktivistlərin bəziləri, möhkəm ontoloji öhdəliklər götürə, bəziləri isə götürməyə bilər, lakin mütləq bu ənənələrin ontologiyası çərçivəsində işləmək haqqında öhdəlik götürməyə xüsusi ehtiyac yoxdur. Kvant fizikası ilə məşğul olanlar öz işlərini onların ontoloji nəticələrini necə izah etmək haqqında heç bir fikrə malik olmadan gördükləri kimi, sosioloqlar da, cəmiyyətin «gerçək» olaraq nədən ibarət olması barəsində aqnostik qalmaqla bərabər, öz işlərini praktik davam etdirə bilərlər. Nəhayət, bizim, bir fənn kimi beynəlxalq həyat haqqında xalis fəlsəfi əsaslara söykənən bəzi arqumentləri başlanğıcdan (apriori) istisna edə biləcək qədər biliyə malik olmağımız şübhəli görünür. Ona görə də, ontoloji məsələlərin rasionalizm-konstruktivizm debatının strukturlaşmasında rolunu qəbul etsək də, bu fəsildə biz ondan əhəmiyyətli dərəcədə yan keçəcək, və ontoloji plüralizm mövqeyində duracağıq.28

Debatı formalaşdırmağın ikinci yolu aktyorların nəticələrin, və ya məqsədəuyğunluğun məntiqinə nə dərəcədə tez-tez əməl etməsi, və ya verilmiş sosial qarşılıqlı təsir üçün üstünlüklərin ekzogen (xarici) və ya endogen (daxili) olması kimi substantiv məsələlər barəsində fikir ayrılığı kimi empirik terminlərdədir. Biz aşağıda bu suallardan bəzilərini tədqiq edir və bəzi həqiqi fərqlər tapırıq, lakin bu bizim üstünlük verəcəyimiz şərh yolu deyil. Birincisi, özünün ən bəsit, sadələşdirilmiş formasında heç bir yanaşma dünya haqqında çoxlu sayda maraqlı empirik öngörüm təmin etmir. Əhəmiyyətli dərəcədə belə öngörümlər yalnız köməkçi fərziyyələr, məsələn, konkret üstünlüklər nəzəriyyəsi, daxil edildikdən sonra alınır. Bundan əlavə, fərziyyəni, yəni ekzogen üstünlükləri, müəyyən sosial sistem barədə faktik tələblər kimi yozmaq mümkündürsə də, bunu etməyə ehtiyac yoxdur. Buna hər şeyi birdən öyrənməyin mümkün olmaması faktı ilə şərtləndirilən metodoloji rahatlıq kimi baxılması tamamilə qanunidir. Ontoloji halda olduğu kimi, burada da analitik fərziyyələrin üstüörtülü empirik təkliflərə çevrilə biləcəyi təhlükəsi vardır, lakin metodoloji mənada kifayət qədər şüurlu yanaşdıqda bu problemdən qaçmaq olar.

Bu, bizi rasionalizm və konstruktivizmin dünya siyasəti barədə nəzəri mülahizələr söyləmək üçün bir analitik alət və ya linzalar olması kimi praqmatik yozumuna gətirir. Analitik linzalar öz-özlüyündə tədqiqatçını ontoloji və ya empirik öhdəliklər götürməyə məcbur edə bilməz. Onların müqayisəsini maraqlı edən, onların cəmiyyətə əks nöqtələrdən, kobud desək rasionalizmin «aşağıdan yuxarı», konstruktivizmin isə «yuxarıdan aşağı» baxmasıdır. Nəticədə onlar praktikada müəyyən qədər fərqli suallar vermək, və bu yolla sosial həyatın müxtəlif cəhətlərini diqqət mərkəzinə çevirməyə meyl edirlər. Əgər bu, dünya siyasətinin fərqli mənzərəsinə və ona görə də, dünya siyasətinin həqiqətdə nəyə bənzəməsi barədə «paradiqmatik» debata gətirməsəydi təəccüblü olardı. Bu fəsli yazmağın bir yolu bu fərqlərə vurğu etmək ola bilərdi. Bu gün BM-də rasionalizm və konstruktivizm arasında münaqişənin mövcudluğu kifayət qədər qəbul edilmişsə də, bizim fikrimizcə bunun çox hissəsi onların ontoloji, yoxsa empirik terminlərdə nəzərdən keçirilməsi, və ya onların hansı nəticələrə gətirəcəyi kimi zəruri olmayan və yanlış şeylərə əsaslanır. Bundan başqa, bizi həm də kifayət qədər qiymətləndirilməmiş iki potensial yaxınlaşma oblastının olması heyrətləndirmişdir. Birincisi, hər iki yanaşmanın məhsulu çox vaxt beynəlxalq həyatın bənzər, və ya, ən azı, bir-birini tamamlayan hesabatı olur. Bu izafilik onların son nəticədə eyni bir təməl gerçəkliyi tədqiq etməsinin nəticəsində meydana çıxa bilər. İkincisi, onların uyğun müşahidə mövqeləri praktik olaraq başqalarını deyil, məhz müəyyən sualları önə çəkməyə meyl göstərsə də, bir çox hallarda, birinin alətlərindən digərinin verməyə meyl etdiyi suallara cavab almaq üçün istifadə edilməsindən daha çox şey əldə etmək olardı. Xarakteristik sualların və cavabların belə çarpaz-paradiqmatik mübadiləsi bizim fikrimizcə təkcə gündəlikdə olan bu iki tədqiqat məsələsini irəli aparmaq üçün yox, həm də, və daha çox dünya siyasətini anlamağımız üçün ən məhsuldar yoldur. Beynimizdə tutduğumuz bu mülahizələrlə, biz bu fəsli iki yanaşma arasında güman edilən ziddiyyətləri açıqlamaq, və üst-üstə düşən məqamları işıqlandırmaq istiqamətində yazacağıq. Təkrar edirik ki, bu, bəzilərini yuxarıda müzakirə etdiyimiz fərqlərin olmadığını fərz etmək deyildir. Lakin biz analitik, işçi alətlər dəsti mənasında baxdıqda, zahiri mübahisələrin gücünün çox hissəsini itirəcəyinə inanırıq.

Bu praqmatik mövqedən, biz hər yanaşmanın masa üzərinə qoyduğunu və onların bir-biri ilə necə münasibətdə olduğunu aydınlaşdırmağa çalışacağıq. Debatların standart təqdimatı zamanı iki məsələ ən mübahisəli görünür: (1) dünya siyasətində ideyalar hansı dərəcədə əhəmiyyətə malikdir, və (2) beynəlxalq aktyorlar və onların üzv olduqları təşkilatlarla münasibətləri. Bu çox geniş mövzudur və biz onların hər ikisini burada tam müzakirə etməyə cəhd göstərməyəcəyik. Lakin biz əsas-landıracağıq ki, birinci məsələ barəsində adətən hesab ediləndən əhəmiyyətli dərəcədə daha az fikir ayrılığı vardır. Rasionalizm çox vaxt təsəvvürinin əksinə olaraq maddi amillərə vurğu edən kimi təsvir edilir, lakin belə mövqe yanaşmanın verdiyi nəticələrin yanılış şərhinə gətirir.

Bu, bizə diqqətimizin çoxunu ikinci məsələdə cəmləməyə imkan verir. Debatı iki hissəyə – struktur konsepsiyalarına və daşıyıcı (agentlik) konsepsiyalarına bölməkdən başlamaq faydalı görünür. Ədəbiyyatda bu yanaşmalardan birinin agent-mərkəzli, digərinin isə struktur-mərkəzli olması haqqında fərziyyələrin ümumi fikrə çevrilməsi prosesi gedir29, lakin bu, birinin yalnız agentlər, digərinin isə yalnız strukturlar haqqında olması kimi yanlışlığa gətirə bilər. Əslində hər ikisi həm agentlik, həm də struktur cəhətlərinə malikdir.

Biz görülə biləcək ən faydalı işin debatın struktur cəhətdən fikirləşilməsi olduğuna inansaq da, yer məhdudiyyətlərini nəzərə alaraq, bu məsələni problemə agentlik tərəfdən yanaşılmasının xeyrinə təxirə salacağıq.30 Biz bunu müəyyən qədər də ona görə edəcəyik ki, müasir BM-də sanki agentliyə maraq struktura maraqdan bir qədər artıqdır. Belə mövqe həm də ona görə mənaya malikdir ki, konstruktivizm sahəyə qismən agentliyə rasionalist, strukturdan kənar olan bir şey kimi baxılmasının tənqidi ilə daxil olmuşdu, indi isə konstruktivizm özü agentliyin nəzəriyyəsinin çatışmaması üzündən tənqid edilir.31 Bu mənada, rasionalist/konstruktivist debatında müəyyən mühüm məsələləri kənara qoymaq lazım gəlsə belə, biz həqiqətən də onun indiyə qədər mövcud olan ən əsas problemlərindən biri haqqında danışılacağına ümid edirik.

Növbəti bölmə ənənəvi olaraq «rasionalizm» və «konstruktivizm» kimi adlandırılan mövqelərin qısa xülasəsini verir. Fəslin qalan hissəsi agent-struktur probleminin agent amilinə münasibətdə debatı xarakterizə etməyin beş ümumi yolunu tədqiq edir: maddi təsəvvüriyə qarşı; nəticələrin məntiqi məqsədəuyğunluğun məntiqinə qarşı; faydalı kimi normalar hüquqi kimi normalara qarşı; səbəbiyyət terminlərində başa düşüləndə, xarici aktyorlar daxili aktyorlara qarşı; və təsisatı terminlərdə başa düşüləndə, xarici aktyorlar daxili aktyorlara qarşı.

Bu siyahı heç bir halda müzakirə mövzularının hamısını əhatə etmir. Bizim yalnız ötəri toxunacağımız xüsusilə maraqlı olan məsələ aktyorların təsisində «performativliyin» roludur. Post-modernizmlə əlaqələndirilən və ona görə də geniş mənada konstruktivist olan bu terminin BM-də tərifi verilərkən post-modernizm və konstruktivizm arasında fərq meydana çıxmışdır, və bu mənada rasionalist/konstruktivist debatda əvvəlcədən (per se) iştirak etmir.32 Biz ümid edirik ki, bu debatlar üçün performativliyin əhmiyyəti bu yaxınlarda tədqiqat obyekti olacaqdır.

RASİONALİZM VƏ KONSTRUKTİVİZMİN XÜLASƏSI
Rasionalizm

Belə görünür ki, BM kontekstində istifadə edilən formada «rasionalizm» rasional seçim nəzəriyyəsinin BM məsələlərinə formal və qeyri-formal tətbiqlərinə, Alfred Marshall-dan təkamülçü oyun nəzəriyyəsinin son zamanlardakı nailiyyətlərinə qədər mikroiqtisadi nəzəriyyə ənənələrində təsvir edilən bütün işlərə, və ya ən geniş mənada, xarici siyasətin məqsədyönlü davranışa əsaslanmaqla izahı sahəsində hər bir «pozitivist» tapşırığa bu və ya digər dərəcədə aiddir. Birinci iki mənada rasionalizm metod kimi, yəni hərəkətləri (hadisələri) (xüsusən də strateji və ya çox-aktyorlu kontekstdə hərəkətləri) necə izah etməyi göstərən kulinariya kitabı və ya resept kimi xarakterizə edilə bilər. Bu resepti aşağıdakı kimi təsvir etmək olar.

1 İzah edilməli olan hərəkətdən və ya hərəkətlər ülgüsündən (modelindən) başlanılır.33 Bəzi Beynəlxalq münasibətlər nümunələrinə qoşunları döyüşə göndərmək haqqında qərar qəbul edilməsi, güc balansının formalaşdırılması, silahlanma, valyutanın devalvasiyası, tariflərin qoyulması, və ya beynəlxalq təşkilatların yığıncaqlarında etiraz bildirilməsi daxil ola bilər.

2 Nəzərdən keçirilən hərəkətləri etmək gücündə olan aktyorlar dəsti və ola bilsin ki, baxılan hərəkətlərə təsir edə biləcək hərəkətlər edə bilən digərləri digərlərini postulə edilir. Xüsusən də BM-də bu addıma adətən sadələşdirmə və ya abstraktlaşdırma (məsələn, fərdlərin əvəzinə aktyor kimi dövlətlər və ya beynəlxalq təşkilatlar) daxil olur.

3 Qarşılıqlı təsir strukturu – (2)-də müəyyən edilmiş aktyorlar üçün mümkün imkanların daha böyük çoxluğunda izah ediləçək hərəkət ülgüsünü öz daxilində saxlayan seçim ardıcıllığı – təklif edilir. Məsələn, silahlanmanı izah etmək üçün silahlanma yarada bilməyəcək hərəkətlərə prinsipcə imkan verən qarşılıqlı təsir strukturuna ehtiyac vardır. Hər bir strukturda müəyyən elementlər təhlil məqsədi ilə xarici (ekzogen) kimi götürülə bilər. Rasionalist modelin ekzogen elementləri və ya arqumentləri müzakirə çərçivəsində izah edilməyən xüsusiyyətlərdir, məsələn, (əsasən) nəticələrə görə üstünlük vermə, aktyorların təsis edilən qarşılıqlı təsirin başlanğıcında dayandıqlarına inam, və ya texnoloji imkanlar (X qoşunlarının verilmiş Z ərazisində Y mil hərəkət etməsi üçün lazım olan zaman kimi) kimi. Endogen xüsusiyyətlər model/müzakirə daxilində izah edilən şeylərdir, məsələn, aktyora hərəkətlərinə görə üstünlük verilməsi, və ya digər aktyorlara onların hərəkətləri əsasında inam kimi. Ekzogen elementlərin, məsələn, konkret modeldə iki ordunun nisbi ölçüsü və ya dövlətlərin cari tədiyyə balansının müxtəlif qiymətlərindən istifadə edilməsi, izah ediləcək nəticələrin alınmasının nə vaxt çox və ya az ehtimallı olacağı haqqında təkliflər verməyə imkan yaradır.

4 Ya (a) (3)-də müəyyən edilmiş mümkün nəticələr çoxluğuna görə aktyorların üstünlüyü haqqında əsaslandırmalar edilir, ya da (b) təkamül oyun-nəzəri model/arqumentlər vasitəsilə müxtəlif nəticələrin aktyorların təkrar istehsalı ilə necə əlaqədar olması qaydaları, onların sonrakı mərhələlərdə «proqram» və ya qərar qəbul etmə qaydaları postulə edilir. Bundan başqa, bəzi model/arqumentlərdə nəzərdən keçirilən aktyorların malik olduğu başlanğıc inamlarının strukturu da postulə edilə bilər.

5 Aktyorlar, inamları və digər aktyorların seçimləri baxımından, və ya daha böyük sayda təkamülçü modellərdə qərar qəbul etmə qaydalarının və ya ənənələrinin uzunmüddətli seleksiyasının nəticəsi kimi rasional seçilmişlərsə, nəzərdən keçirilən hərəkətlərin nəticəsinin və ya ülgüsünün (modelinin) necə və hansı şəraitdə meydana çıxa bilməsi göstərilir.34 Oyun-nəzəri modellərdə inamlar özləri də, həm Bayes-çi, həm də öyrənmənin daha məhdud rasional formaları vasitəsilə, rasional təftiş meyarlarının subyektidir.

Hansısa müəyyən ardıcıllıqla baş verməsi zəruri olmayan 2, 3 və 4-cü addımların hər üçü empirik və nəzəridir. Onlar o mənada empirikdir ki, qeyri-real ola bilməsi əsasında hər biri dolayısıyla tənqid üçün açıqdır. Məsələn, tənqidçi əsaslı olaraq deyə bilər ki, «sizin A dövlətinin ərazisini müharibə deyil, zorla təhdid etmə nəticəsində verə bilməsi imkanlarının olmaması haqqında arqumentiniz empirik olaraq həqiqətə uyğun deyildir, sizin aldığınız nəticəni də məhz bu məhdudiyyət müəyyən edir».35 Onlar o mənada nəzəridir ki, hər biri öz tərkibində problemi daha anlaqlı və aydın edə biləcək və ya bilməyəcək yaradıcı sadələşdirmələr və mürəkkəb gerçəkliyin sxematik formada təsvirini saxlayır. Başqa sözlə bu elmdən daha çox incəsənətdir. Bu reseptə əməl etmək hələ dadlı və dolğun nəticələrə təminat vermir.

Rasionalizm barədə iki ümumi anlaşılmazlıq

Sayentizm və formal modellərin statusu İzah üçün yuxarıda gətirilmiş resept qeyri-formal olaraq adi dildə, və ya formal olaraq oyun və ya qərar nəzəriyyəsi dilində nəzərdən keçirilə bilər. Sonuncu halda tədqiqatçıların çoxu riyaziyyat və simvollardan istifadə edilməsindən belə nəticə çıxarırlar ki, «rasionalist» təbiət və ictimai elmlər arasında fundamental fərqlərin olmadığını, və sosiologiyanın da, necə deyərlər, nəzəri fizika kimi ola biləcəyinə və olmağa çalışmasına inanmalıdır. Buna inanan alimlər ola bilərsə də, tam yəqinliklə demək olar ki, mövqe mikroiqtisadi ənənəyə uyğun formal modellərin istifadə edilməsi ilə müəyyən olunmur. Tam əksinə, yuxarıda təsvir edilmiş rasionalist resept məramlılığı, və hərəkətlərin inamlar, arzular, səbəblər və mənalar terminlərində izahını əhatə edir.36 Fizikadakı modellər bilavasitə intuitiv çıxışımız olmayan cansız obyektlər dünyasını idarə edən invariant qanunları təsvir etməyi nəzərdə tutur. Mikroiqtisadi modellər başlanğıcda tapmaca kimi görünən hərəkət nümunələrinin inamlar, arzular və üzləşdikləri məhdudiyyətlər işığında bizim üçün mənaya malik olan (anlaşılan) fərdi seçimdən necə meydana gəldiyini göstərməyi nəzərdə tutur. Onlar davranışın güman edilən qanunlarını idarə edən tənlikləri tapmaq cəhdlərindən daha çox etnoqrafiyanın bir formasıdır.

Rasionalist ənənədə modellər xalq psixologiyasının fundamental prinsipinin kollektiv nəticələrini formallaşdıran və tədqiq edən arqumentlərdir Bu mövqeyi qurmağın başqa yolu da var: formal model yalnız arqumentdir. Rasionalist ənənələrdə modellər xalq psixologiyasının «hərəkətlər konkret inam və istəklər baxımından hansı mənaya malik olmasının göstərilməsi ilə izah edilir» kimi fundamental prinsipinin kollektiv nəticələrini formallaşdıran və tədqiq edən arqumentlərdir.37 Oyun modellərinin bəzi istifadəçiləri bunun əvəzində onları sehrli qutu kimi təqdim edirlər. Fərziyyələr bir başdan daxil olur və aradakı əlaqəni nəyin və necə yaratmasının izahına azacıq diqqət verməklə, və ya ümumiyyətlə diqqət verməməklə o birisi başdan (cəld!) hipotez və nəticələr çıxır. Bizim fikrimizcə bu pis praktikadır. Məramlı qərar vermə modeli çərçivəsində hərəkəti anlanılması asan olan adi danışıq ifadələrinə çevirmək imkanı həmişə olmalıdır, və bunu etmək belə modellərdən istifadə edənlərin öhdəsinə düşür.

«Rasionalizm» mütəhərrik hədəfdir BM-də rasionalist təhlillər əsasən mikroiqtisadi nəzəriyyənin təkamül proqramının nəticələrindən çıxarılmışdır və çıxarılmaqdadır.38 Qeyd etməyə dəyər ki, bu proqramın əsasən iqtisadiyyat nəzəriyyəçiləri olan yaradıcıları öz yanaşmalarının və onun nəticələrinin müəyyənedici xüsusiyyətləri və fəlsəfi təməlləri barədə fikirləşməyə çox az vaxt sərf etmişlər. Əvəzində «rasionalizmin» (bu və ya digər adlar altında) sərhədlərini müəyyən etmək cəhdləri demək olar ki, daim kənardan, filosoflardan, sosioloqlardan, psixoloqlardan və politoloqlardan gəlir. Bunun nəticələrindən biri odur ki, belə cəhdlərin tarixi bəzən mikroiqtisadiyyat nəzəriyyəçilərinin bir problem dəstindən digərinə keçməsi tarixi ilə üst-üstə düşür. Rasionalizmi bütün keçmiş və gələcək «rasionalist» işləri xarakterizə etməli olan təməl fərziyyələr dəstini ayırmaq yoluyla müəyyən etməyə çalışmaq çətin və ziyanlıdır.

Bu mövqeyi inkişaf etdirmək üçün iki misal faydalıdır. Birincisi, 1950-ci illərin axırlarında Herbert Simon rasionalizmi (1) mütləq məlumata və (2) hesablamaları aparmaq üçün mütləq qabiliyyətə malik olmaqla xarakterizə etdiyi mütləq rasional agentlər fərziyyəsinə uyğun olaraq inandırıcı şəkildə sərhədləmişdi. 1970-ci illərdə Akerlof-un «limon problemi» barədə işindən (bu və ya digər dərəcədə) başlayaraq, və 1980-ci illərdə natamam informasiya oyun nəzəriyyəsinin inkişafından keçərək, mikroiqtisadi nəzəriyyə insanların üzləşdikləri şəraitin müəyyən mühüm cəhəti haqqında məlumat qıtlığına malik olduğu halda hərəkəti izah etmək üçün güclü alətlər dəsti inkişaf etdirilmişdi. Bu inkişaf, natamam informasiyanın Simon-un fərz etdiyi kimi «məhdud rasionalizmə» gətirmədiyini, və məhdud rasionallığın daha çox hesablamaları aparmaq, işlərin vəziyyətini yadda saxlamaq və təsəvvür etmək qabiliyyətinin natamamlığı ilə şərtləndiyini aydınlaşdırmağa kömək etdi.

İkincisi, heyrətamizdir ki, təqribən on il ərzində mikroiqtisadi nəzəriyyənin ülgücü demək olar ki, tamamilə aktyorların bu ikinci, daha dar mənada tamdan daha az rasional olduğu, modellərə həsr edilmişdi.39 1980-ci illər natamam məlumata malik agentli modellərdə rasionallıq fərziyyəsinin mənası və nəticələrini tədqiq edən işlərin partlayış şəklində artmasının şahidi olmuşdu. 1990-cı illərin əvvəllərinə bu tədqiqat öz suallarına ya onları gedə biləcəyi qədər irəli aparmaqla cavab verdi, ya da köhnə sualları (tarazlığın seçilməsi problemi kimi) daha təxirəsalınmaz etdi. Rasional agentli qeyri-kooperativ oyun nəzəriyyəsi üzrə tədqiqat proqramının səmərəli başa çatdırılması bilavasitə sabit (fiksə edilmiş) qərar qəbul etmə qaydalarından istifadə edən, və ya öz hərəkətlərini müəyyən yaxın, məhdud rasionallıqlı üsulla tənzimləyən agentli təkamülçü model üzərində işlərə gətirirdi.40

Diqqətə layiqdir ki, heç bir (biz bildiyimiz çərçivədə) iqtisad nəzəriyyəçisi tam rasional agentli modellərdən bu cür kənara çıxmanı «rasionalizmin» ilkin şərtlərinə xəyanət kimi qiymətləndirmirdi. Tədqiqatın ruhu daha çox əvvəlki kimi qalmışdı: «əgər bu və ya başqa fərziyyələr edilərsə problemin modelində nə baş verər?» Bundan əlavə, təkamülçü və məhdud rasionalist modellərdən alınan əsas nəticələrin çoxu tamdan az rasionallıq fərziyyələrinin nə dərəcədə tez-tez əvvəlki tam rasionallıq modellərinin verdiyi, və ya ona bənzər toplam nəticələrə gətirdiyini nümayiş etdirirdi. Əgər kənara çıxma cari mikroiqtisadi proqramın fəlsəfi öhdəlikləri barədə nəyisə meydana çıxarırdısa, aydın olurdu ki, təməl öhdəlik aktyorların rasionallığı haqqında hansısa xüsusi fərziyyədən daha çox, müxtəlif fərziyyələrin nəticələrini tədqiq etmək üçün arqumentlərin formallaşdırılmasıdır.

Bu ikinci nümunə rasionallığın «rasionalizmə» dəqiq münasibətinin nədən ibarət olması barədə sualı ortaya qoyur. Əlbəttə, rasionalizmi mikroiqtisadi nəzəriyyənin istifadəçilərinin etdiyindən asılı olmayan bir şey kimi təyin etmək təəccüblü olardı, və əlbəttə, proqramın çıxış nöqtəsi, uzun müddət, hərəkətin inamlar və istəklər baxımından optimallığa istinad etməklə izahı olmuşdur.41 Lakin, ola bilsin ki, rasionalizmin təsisati təbiəti üçün ən həqiqətəbənzər namizəd makro-sosial hadisələrin mikro-səviyyəli hadisələrin terminlərində izah edilməsi öhdəliyidir, yəni Thomas Schelling-in (1978) təklif etdiyi kimi «mikromotivlərdən» «makrodavranışa» getməkdir42. Diqqət edin ki, yuxarıda gətirilmiş rasionalist reseptdə güc balansı kimi toplam nəticələri (mədəni və ya, başqa sözlərlə, verilmiş dövlət «proqramının» fərqli seçilməsinə istinad edərək, izah edən modeldə olduğu kimi) rasionallıq fərziyyələrinin bütün növlərindən istifadə etmək də, heç birindən istifadə etməmək də olar. Bunun əksinə, resept tamı – nəticəni və ya hərəkətlərin ülgüsünü – tərkib hissələrin terminlərində izah etmək cəhdi ilə daha fundamental xarakterizə olunur.

Bu, «rasionalizm»in sosial strukturlar kimi makro-səviyyəli hadisənin fərdi aktyorlara necə əl qatması və ya, hətta onları «sosial qurması»nın hər-hansı hesabatından qıtlıq çəkdiyini nəzərdə tutmur. Doğrudan da tarazlıq nöqtəsi təhlili bəzi «makro»-strukturların, öz növbələrində strukturu təsis edən fərdi hərəkətlər üçün stimulu necə seçdiyini və ya yaratdığını işləyib hazılamaqdır. Biz fəslin axırdan əvvəlki bölməsində belə hesabatları və onların konstruktivizmlə əlaqəsini qısaca olaraq nəzərdən keçiririk. Lakin hələ də onu demək doğru olardı ki, müvəqqəti başlanğıc nöqtəsi kimi, rasionalist təhlil mikro səviyyədən başlayır və makro səviyyə ilə işləməyə cəhd göstərir.

«Mikrodan makroya»nın metodoloji fərdiçiliyin müəyyən formasına ontoloji uyğunluğun ifadəsi olması, və ya olmalı olması, yoxsa sadəcə olaraq sosial izahı tapmaq üçün potensial məhsuldar yol barədə praqmatik təklif olması aydın deyil. Müəyyən rasionalistlər sanki, ənənəvi rasionalist/konstruktivist debatı metafizika sahəsinə köçürmək kimi köhnə mövqeyə43 meyllidirlər və oyun daha çox «qalib hər şeyə sahib olur»a çevrilir. Rasionalizmin istər açıq, istər gizli belə ontolojiləşdirilməsi konstruktivistlərin çoxunu (Wendt kimi) narahat edir və bu narahatlıq onların rasionalist tədqiqat proqramına müəyyən tənqidi cavablarının əsasında dayanır. Lakin rasionalist metodların istiıfadəçilərinin çoxu (Fearon kimi) bu yanaşma üçün geniş metafiziki tələblər yaratmağa ehtiyac olmadığını hesab edir, və sadəcə olaraq onun sosial izah üçün əhəmiyyətini tədqiq etmək istəyirlər. Bu praqmatik mövqe sosial izaha konstruktivist yanaşmaları apriori istisna etmir, və eləcə də yeni «Böyük Debatlar» barədə hər bir təklifin qazını buraxmaq üçün çox iş görür.

Konstruktivizm

Rasionalizm kimi konstruktivizmə də ontoloji, empirik və ya analitik terminlərdə baxıla bilər. Lakin hər bir halda bu, dünya siyasətinin müstəqil nəzəriyyəsi deyil. Bunu qeyd etmək ona görə vacibdir ki, konstruktivizm çox tez-tez bu axırıncı ilə eyniləşdirilir, və sonra, dünya siyasətinin realizm və ya liberalizm kimi bona fide (həqiqi) nəzəriyyələri ilə müqayisə edilir.44 Bu şübhəli məsələdir. Rasionalist BM nəzəriyyəsində olduğu kimi onun konstruktivist tərəf müqabilində də dövlət-mərkəzli, qeyri-dövlət-mərkəzli nəzəriyyələr, ikinci-təsvir və üçüncü-təsvir nəzəriyyələri, bədbin və nikbin nəzəriyyələr və s. tapmaq olar. Eləcə də, konstruktivist BM-də substantiv məsələlərin böyük rəngarəngliyi mövcuddur, və, həqiqətən də, konstruktivist nəzəriyyəyə tez-tez şüurlu olaraq siyasi xarakter verən bu məsələlər rasionalistlər arasında olandan daha intensiv fikir ayrılığına səbəb olan şeylərdir. Xoşbəxtlikdən burada biz bu müstəqil rəngarəngliyə müraciət etməyə ehtiyac görmürük, lakin beynəlxalq siyasətin məzmunu və xarakterinə gələndə, ümumiyyətlə konstruktivizmin rasionalizmdən daha artıq «nəzəriyyə» olmadığını burada qeyd etmək səhv olmazdı.

Bu yolla baxış sahəsini daraltdıqdan sonra belə, konstruktivistlər arasında razılığın rasionalistlər arasındakından çox olmadığı görünür. Belə ki, yuxarıdakı rasionalist tədqiqat üçün vahid resept şərtləri qoymağa risk etmək olardısa, burada bunu etmək daha çətindir. Bu çox vacib hissədir, çünki rasionalistlər ümumi halda epistemologiya suallarında razılığa gəlirlərsə də, konstruktivist BM-də biliyin təbiəti və həqiqilik iddiaları barədə debatlar hələ çox canlıdır. Doğrudan da, rasionalistlər sosiologiya barədə dərin epistemoloji şübhələrə meyl etmirlər və epistemologiya haqqında mübahisələri birinci yerdə görmürlər deyə, bu məsələlərin müzakirəsinin əsasən konstruktivizm daxilində aparıldığını demək düzgün olardı.45

Məsələn, konstruktivist BM təlimi hal-hazırda ən azı iki epistemoloji suala münasibətdə parçalanır: (1) sosial həyat haqqında biliyə malik olmaq iddialarına ehtimali öyrəncinin məntiqi gücündən başqa bir təminat verilə bilərmi (bunu nisbilik problemi adlandıraq); (2) sosial tədqiqatda səbəbiyyət izahları yerinə düşəndirmi (naturalizm problemi). Bu suallar qismən müstəqildir və konstruktivizm daxilində üç fərqli epistemoloji mövqenin yaranmasına imkan verir: hər iki suala müsbət cavab verən «pozitivist» mövqe; uyğun olaraq bəli və xeyr cavabı verən «interpretivist» (yozumçu) mövqe və hər iki suala (sanki?) mənfi cavab verən «postmodernçi» mövqe. Bu epistemoloji fərqlər, ümumiyyətlə vahid «konstruktivizmdən» danışmaq olarmı sualını qaldırmağa yetəcək qədər dərin, və kifayət qədər mübahisəlidir. Bundan əlavə, konstruktivistlərin çoxunun gözündə epistemoloji mövqelər onların inandığı ontoloji və analitik suallar üçün əhəmiyyətə malikdir, onları bir-birindən ayırmağı qeyri-mümkün və ya qeyri-legitim edən rasionalizm və konstruktivizm mübahisəsində təhlükə altındadır. Belə ki, ən azı konstruktivist tərəfdən «rasionalizm konstruktivizmə qarşı» probleminin fundamental parametrləri əhəmiyyətli dərəcədə mübahisəlidir.

25.Hansılar ki, indiyə qədər uyğun olaraq üçüncü və ikinci «Böyük debatlar» kimi tanınırdı (bax Lapid, 1989). Bu hesabla rasionalizm konstruktivizmə qarşı «dördüncü debat» olardı.
26.Bu istiqamətdə son müzakirələr üçün bax, Fierke və Nicholson, 2001 və Katzenstein, Keohane və Kraser, 1998.
27.Debatı yozmağın bu üç yolunun sonrakı müzakirəsi üçün bax, Wendt, 1999: 33-8.
28.Debatın ontoloji cəhətlərinin tədqiqi üçün bax, Wendt, 1999.
29.Məsələn, Clark, 1998; Finnemore, 1996.
30.Struktur tərəfə vurğu edən əlavə müzakirə üçün bax, Wendt, 1999: ch. 4.
31.Sonuncu tənqid barədə, bax Checkel, 1998.
32.BM-də performativlik haqqında ədəbiyyata giriş üçün bax, Campbell, 1998; Laffey, 2000; Weber, 1998.
33.Güc balansı kimi «nəticələr» bu yanaşmada hərəkət nümunələri üçün yarlıq və ya hərəkətlər dəstinin nəticəsi kimi başa düşülür.
34.Bu cümlədə «rasional» instrumental (vasitəli) rasionallığa aiddir.
35.Çox vaxt konkret rasionalist modellərin/arqumentlərin konkret xassələri əvvəlcədən (per se) real olmayan tapşırıqlar üçün seçilir ki, bu da güman ki, heç vaxt etibarlı tənqid ola bilməz.
36.«Hərəkətlərin» genetik və ya şəraiti tam əks etdirməyən mədəni «proqramlaşdırmanın» nəticəsi kimi izah edildiyi bəsit təkamülçü modellər halını istisna etməklə. Bu qiymətləndirmə sonrakı müzakirənin müxtəlif yerlərində istifadə edilir.
37.Harada ki, «mənaya malikdir» vasitəli rasionallıq terminlərində başa düşülür.
38.Bu proqramın çox hissəsi dərslikləşdirilmişdir; son yaxşı nümunə üçün, bax Mas-Collel, Green və Whinston 1995. Ön cəbhəyə yaxın işlərin nümunələri üçün, bax Fudenberg və Levine, 1998; Rabin, 1993; Rabin və O'Donoghue, 2001.
39.Başlıca istisna qərar qəbul edilməsi nəzəriyyəsinin epistemik təməli barədə işdən ibarətdir; qısa şərh üçün, bax Dekel və Gul, 1997.
40.Şərhlər və əsas nəticələr üçün, bax Fudenberg və Levine, 1998, Weibull, 1995, və ya Young, 1998. Politoloq Robert Axelrod təkamülçü modellərin pioneri olmuşdur, və indi də təkamülçü oyun-nəzəri və onunla əlaqəli kompüter modelləşdirilməsi sahəsində işləyən azsaylı BM tədqiqatçıları icması mövcuddur (Cederman, 1997). Bu maraqlı fəaliyyət istiqaməti iqtisadçılar və nəzəri bioloqlar tərəfindən alınan daha geniş nəticələr dəstindən təəccüblü surətdə ayrı qalır.
41.Digər tərəfdən, soruşmaq olardı ki, ilk növbədə «rasionalizmi» sərhədləmək üçün mövqe bir tərəfi paradiqmlərarası döyüş üçün təchiz etməkdən başqa nədən ibarətdir.
42.Schelling 70-ci illərdə sonrakı oyun-nəzəri işlərdə inkişaf etdirilənlər baxımından rasionallıqdan çox uzaq olan agentlərə malik modelləri tədqiq etmişdi. Doğrudan da onun budanmış modelləri təhlili göstərir ki, təkamülçü fikir «rasionalizmdə» yeni bir şey deyildir.
43.Misal üçün, bax, Elster – özünün bəzi erkən işlərində (Elster, 1985).
44.Məsələn, Walt, 1998; Wendt, 1992, 1994.
45.Bax, misal üçün, Kratochwil, 2000; Searle, 1995; Smith, 2000; Wendt, 1999.