Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Varlıq və Yoxluq Arasında», sayfa 3

Yazı tipi:

“Mən getməliyəm. Görüləsi bəzi kiçik işlərim var. Axşama qayıdaram. Burda olacaqsan? Sənə əlavə açarı buraxa bilərəm. Al, bax burdadı,” açarı masanın üstünə buraxdı. Lara heç nə demədi. O yataq otağına keçdi. Dolabdan bir şeylər götürüb cibinə qoydu. Sonra yan otağa keçib üzünə soyuq su vurdu. Başını qaldırıb sınıq güzgüyə baxdı. Bir də su vurdu. Sanki nədənsə ayılmağa çalışırdı, amma ayılmaq istədiyi sərxoşluğun içdiyi içkininmi yoxsa yan otaqdakı qadınınmı sərxoşluğu olduğundan əmin deyildi. Üzünü köynəyi ilə quruladı. Salona keçdi. Laraya yaxınlaşdı və onu son dəfə qucaqladı. “kaş ki heç tanışmasaydıq” dedi.

Qapını açıb çölə çıxdı və getdi.

* * *

4
SAUDADE

– Heyvanların göz yaşı tökmədən ağladıqlarını bilirdinizmi?


Yaxınlıqdakı sahilə doğru yeriməyə başladı. Laraya yalan demişdi. Edəcək çox da vacib bir işi yox idi. Nə evdə oturmaq istəyirdi, nə də yanında kiminsə olmasını. Depressiv hiss edirdi və üzündəki heç bir əzələni tərpətməyə taqəti yox idi. İçkinin köməyi dəyməmişdi. Belə əhvalla oyandığı sabahlara nifrət edirdi. Neqativ fikirlər sarırdı bütün beynini və içinə getmə istəyi dolurdu. Keçmişdən xoş xatirələr yaddaşını ələ keçirir və onu boğurdular.

Keçmişdə bu qədər ilişib qalmış olmasının səbəbi onun yaşam formasıydı. Həmişə bir yerlərdən qaçmışdı. Özünü tanıyandan qaçırdı. Davamlı olaraq bir şəhərdən başqa şəhərə, başqa ölkəyə, başqa qitəyə köçmüşdü. Bəziləri planlı, bəziləri plansız olmuşdu. İndi olduğu nöqtədən geriyə dönüb baxanda, bu qədər vaxta o qədər şeyi necə sığdırdığına bəzən çaşıb qalırdı. Normal bir insanın həyatında tanıyacağı insan sayısından bəlkə də qat-qat artıq insan tanımış, hər cür insan tipi görmüşdü və bu onu həmişə valeh etmişdi. Nə qədər fərqli insanın var olmuş olması. Milyardlarla nəfərlik dünya da, milyardlarla hekayə var idi. Hər insanın bir hekayəsi var idi və o hekayələri sevirdi.

Yeni şəhərlər, yeni insanlar və yeni kitablar onun bəlkə də həyatdakı tək devizi olmuşdu bir vaxtlar. Heç vaxt doğulduğu yerdə ölən insanlardan olmaq istəməmişdi. Sıxıcı gəlirdi bu düşüncə və yaşam tərzi ona. Vətəndə xan olmaqdansa, qürbət eldə dilənməyi üstün tutmuşdu həmişə. Dilənə-dilənə də yaşamışdı elə başqa ölkələrdə. Hər şəhərdə, hər ölkədə sıfırdan başlamışdı hər şeyə. Heç vaxt peşman olmamışdı. Olacağını da sanmırdı. Onu həyatda tutan tək istəyin bu olduğunu bilirdi. Getmək. Amma hara qədər?

Eyni şəhərdə belə olsa, canı sıxıldığı zaman evini və işini dəyişməliydi. Bir yerdə ilişib qalmaq onu boğurdu. İçində bitmək tükənmək bilməyən bir maraq hissi var idi həmişə. Öyrənmə hissi. Başqa dünyaları, başqa insanları, başqa mədəniyyətləri görmə, bilmə və öyrənmə.

Köçəri həyat yaşamışdı. Və bunu sevmişdi. Həyatının heç bir dövründə bəhrəsini sonra görəcəyi şeylər etməmişdi. Planlı yaşamamışdı. Çəkinmişdi bu şeylərdən. Heç vaxt bitirməyəcəyinə əmin olduğu Universitetlərdə oxumuşdu məsələn. Əvvəlcə bir müddət psixologiya, sonra fransız dili və ədəbiyyatı, sonraysa fəlsəfə oxumuş və hamısını da yarım buraxmışdı. Ona görə yox ki nə istədiyindən əmin deyildi, ona görə ki hər şeyi istəyirdi. Həm də məsələ nəticə deyildi, əsas prosses idi onun üçün. Nəticə heç vaxt ona maraqlı deyildi. Əsas gedişat idi. Əsas bir çayın suyu kimi axmaq idi, o çayın gedib harasa tökülməsi yox. Gələcəyini heç vaxt düşünməmişdi. Ya da o qədər xoşbəxt olmuşdu ki anın içindən ayılıb gələcək təlaşıyla yaşamaq istəməmişdi. İnsanın keçmişində ilişib qalması kimi, gələcək təlaşıyla yaşamasını da qəbul edə bilmirdi. Çünki insan içində yaşadığı anı yaşamamış olurdu elə olan halda. Sırf daha sonra pul qazanmaq xətrinə sevmədiyi bir şeyləri öyrənmək üçün vaxtını sərf etməmişdi heç vaxt. İstəməmişdi bunu. Bəlkə də bütün həyatı boyu sevmədiyi işlərdə işləmişdisə də, bəhrəsini ən azından paralel olaraq eyni anda görmüşdü. Ya da ən azından, özünün dediyi kimi, başqa şəhərlərdə başqa ölkələrdə olmuşdu həmin sıxıcı, yorucu bəzənsə macəra dolu işlər.

Hər an öləcəkmiş kimi yaşamışdı. Ölümü həmişə sağ cibində gəzdirmişdi. Və bu onu rahatlatmışdı həmişə. Hər an öləcəkmiş kimi yaşadığı üçün də daim tələsmişdi, başqa şəhərlərə, başqa ölkələrə, sanki hər an bir maşın qəzasına qurban gedə bilərmiş kimi hiss etmiş və ona görə hərəkət etmişdi. Sanki ölümün həmişə onun iki addım gerisində olduğunu hiss etmişdi. Ona görə də bu kiçik həyatına bir çox şeyi sığdırmış və indi onların əksikliyində qıvrılırdı.

Əgər bir gün sahib olduğun xoşbəxtliyi itirsəm ya da gələcəyi planlamadan yaşadığım üçün gələcəyim bir tıxaca girsə çıxış yolum sağ cibimdəki ölümdür demişdi.

Sağ cibində həmişə ölümü gəzdirməyi bacara bilmənin də şərtləri var idi amma. Bağlanmaq olmazdı, ailə olmazdı, uşaq olmazdı. Səni tərəddüdə salacaq heçnə olmazdı. Bəlkə də buna görə o həmişə qaçmış, yer dəyişdirmişdi. Bir vaxtlar həyatında məna kəsb edən insanların heç biri ətrafında deyildi indi. Ailəsindən və uşaqlıq dostlarından okeanlarca uzaqdaydı. Harda necə olduqlarını belə bilmirdi, bilmək də istəmirdi.

Anasının və xəstə bacısının ölümündən sonra daha yaxşı anlamışdı, bağlanmaq, bir insanı çox sevmək olmazdı. Yoxluğu da bir o qədər ağrı verəcəkdi çünki. Hər an hər kəsi və hər şeyi itirməyə hazır olmalısan. Elə o günlərdə qərar vermişdi: heç vaxt uşaq sahibi olmayacaqdı. Bağlanmaq olmazdı. Bəlkə də anasının və bacısının ölümü idi onu bu qədər uzaqlara aparan. Mümkün qədər uzağa qaçmağa çalışmışdı ağrını unutmaq üçün. Diqqətini dağıtmağa çalışmışdı. Ölümün və həyatın absurdluğu ilə ilk dəfə onda üz-üzə qalmışdı, hər gün birlikdə olduğun insan durduq yerdə birdən birə ölə bilər. İlk başda qəbullanmaqda çətinlik çəkirsən, başa düşmürsən, sonra qəbullanırsan. Əsl ağrı ilə baş-başa və yalnız qalırsan, birini anidən itirməyin və onun yoxluğunun ağrısı. Və içində heç vaxt yoxa çıxmayacaq bir yara peyda olur. Ömrünün sonuna qədər sinən də özünlə gəzdirəcəyin bir göynərti. Həmişə göynəyəcək, göynəyəcək və göynəyəcək. Həmişə içində qalacaq bir əksiklik hissi, saudade, həmişə hər nə olursa olsun, bir şeylər natamam və əksik olacaqdı. Heç vaxt gəlməyəcək birini pəncərə qarşısında illərcə gözləmək kimi. İçindəki göynərti heç vaxt yoxa çıxmayacaq, sadəcə bəxtin gətirsə bəzən diqqətin dağılacaq və unudacaqdın. O, son illərdə diqqətini dağıtmaqla məşğul idi.

Bəlkə də qadınlara olan hərisliyinin səbəbi də bu idi, diqqətini dağıdırdı. Dilini belə bilmədiyi ölkələrə getmiş, dilini belə bilmədiyi qadınlara vurulmuş və sevişmişdi. Sonra onları tərk etmişdi. Bağlanmaq olmazdı. Tək qayda bu idi. Sanki onu oturaq həyata vadar edəcək hər detaldan şüuraltı olaraq qaçmış, çəkinmişdi. Yanında gəzdirdiyi tək sevgilisi var idi, sağ cibindəki ölüm.

Bəlkə də uşaqlığında həsrətlə izlədiyi o hər payızda uçub gedən qaranquşlardan keçmişdi ona bu getmə alışqanlığı. İçində həmişə bir şeylər əksilmişdi onların gedişini hər gördüyündə. Və baharı gözləmişdi bütün qış. Bəlkə də ona görə qışları sevmirdi. Anasına hər dəfə “hara gedir qaranquşlar hər payızda?” demiş, “isti ölkələrə” cavabını almış və təkrar soruşmuşdu: bəs biz niyə getmirik?

Onları gözləmişdi bütün qış və baharın ilk günlərində onları axtarmışdı gözləri. Gəzib gəldikləri yerlər haqqında suallar vermişdi onlara, kaş ki o da onlarla gedə bilsəydi demişdi. Kaş ki sizin kimi qanadlarım olsaydı mənim də demişdi onlara.

Bir gün uçub gedəcəkdi o da. Qaranquşlardan fərqli olaraq o geri dönməyəcəkdi. Hər qış başqa bir yerə uçacaqdı, ta ki yorulanadək. Ta ki o qışların birində ilişib qalıb, bir daha bahar görməyəcəyi o qışa qədər.

Kimliyini unudanadək uçacaqdı, hər ölkədə yeni bir adla başlayacaqdı həyata. Hər ölkədə yeni bir şəxsiyyətə bürünəcəkdi. Uşaqlıqda həsrətlə oturub izlədiyi o göylə yerin birləşdiyi, dünyanın sonu sandığı yerlərə gedəcəkdi. Evin pəncərəsindən oturub izləmişdi o səma ilə yerin birləşdiyi uzaqda görülən həmin düz xətti. Daha da hündürə çıxmışdı daha da uzağı görə bilmək üçün. Hər dəfə daha hündür ağaclara çıxmış və baxmışdı. Dünyanın sonunu görə biləcəyini sanmışdı. İlk dəfə dənizi gördüyü həmin gün daha da əmin olmuşdu. Bir gün gedəcəkdi. Əslində çox yaxın amma çox uzaq görünən o səma ilə dənizin kəsişdiyi düz xəttin oyatdığı maraq hissinin iziylə gedəcəkdi. Heç vaxt unuda bilməyəcəyi insanlar tanıyacaq, hadisələrə şahid olacaqdı. Bu möhtəşəm həyəcanlar onu daha da uzaqlara aparacaqdı. Eyni şəhərdə qocalmaqdansa Konqo cəngəlliklərində itib ya And dağlarında saçını küləyə verməyi istəyirdi. Yazmağı yeni öyrəndiyi vaxtlarda kiçik bir dəftər tutmuşdu özünə, yarı rəngli televizorlarında hər gün izlədiyi heyvanlar haqqındakı filmlərdən qeydlər yazdırdı. Tam olaraq niyə yazırdı bilmirdi. Kenquru balasının uzunluğu: 3sm, Avstraliya çölləri, tundralar, iynəyarpaqlılar, adalar və yarımadalar. Nəyin harda olduğunu qeyd edirdi bir-bir. Bir gün gedəcək və öz gözüylə görəcəkdi. Rəngli və canlı olaraq.

Hekayələri sevirdi. Bir həyatın gözəl keçmiş olması ona görə həm də sahib olduğu, yaşamış olduğu hekayələr idi. Kasıb ya zəngin olması əsas deyil. Əsas yaşanmışlıqlardır. Hekayələrindir. Səni sən edən hekayələrin. Hekayələr həmişə onu cəzb etmişdi. Hekayələri olan adamlar. Həmişə hekayələrin içinə soxurdu özünü və həyatını. Əgər qarşısına bir seçim çıxırdısa, maraqlı hekayəsi olan yolu seçirdi. Hekayələr yaşamış olduğunu göstərirdi, oturub tamaşa etmədiyini. Kimisi tamaşa etməyi sevirdi, kimisi hekayənin içində olmağı, o içində olmağı sevən tərəf idi. Magellanı sevmişdi o, səyyahları və onların həyatlarını, hekayələrini. Bir yelkənli gəminin gövdəsinə dırmaşıb heç gedilməmiş torpaqlar kəşf etmək istəmişdi həmişə. Kaş ki bir yelkənli gəmisi olsaydı diləmişdi həmişə.

Bir çox insan dünyanı gəzmək ya olduqları yerdən qaçmaq istəyərdi ancaq onlar qalmağın təhlükəsiz və rahat zonası ilə getməyin təhlükəli və narahat edici tərəfləri arasında seçim etməli idilər. O seçimini etmişdi. Ona görə sadəcə iki variant var idi: Maraqlı və maraqsız.

Bir çox insan əlbətdəki dünyani gəzmək ya olduqları yer dən qaçmaq istəyərdi, ancaq onlar təhlükəsiz və rahat zona ilə olası təhlükəli və narahat şeylər arasında seçim etməli idi. O seçimini etmişdi.

Tanımadığı küçələrdə özünü azdırmaq kimi adəti var idi onun ta uşaqlıqdan, indi tanımadığı ölkələrdə özünü azdırdığı kimi. Oliver Tvist, Kiçik Şahzadə, Dəfinələr adası nağılları ilə böyüdəcəkdi özünü. Və onlar kimi getmək istəyəcəkdi, uzaqlara. O da bir başqa macərapərəst olacaqdı. Böyüdüyü o balaca şəhərdə, gedə bildiyi qədər uzaqlara getmişdi balaca ayaqları ilə. Hər dəfə yeni küçələr, tərk edilmiş yerlər kəşf etmişdi o balaca şəhərində. Geri dönüb həyəcanla danışmışdı dostlarına, o gün tapdığı tanrının belə unutmuş olduğu yerlərdən.

Bəlkə də buna görə o qədər çox sevinmişdi ilk velosipedinə sahib olarkən. Daha da uzaqlara aparmışdı deyə onu. Səkkiz velosipedi olan bir uşaqdan, təkərləri deşik ilk və son velosipedini almışdı. Heç vaxt o qədər sevinməmişdi, baxmayaraq ki velosipedi balaca idi, boyuna uyğun deyildi və gülünc görüntü yaradırdı. O qədər kiçik idi ki pedalı hər çevirişində dizləri sükana çarpmışdı. Bu onu saxlamamış, hər səhər dizləri sükanı döyə-döyə başqa bir küçəyə getmişdi. Bir nöqtədən sonra getdiyi hər küçə bildiyi bir küçəyə çıxmış və məyus olmuşdu. O balaca şəhər artıq ona bəs etmirdi. Maraq hissi doyumsuzlaşır və daha artıq dozaya ehtiyac duyurdu.

Bildiyi tək şey var idi, yetəri qədər böyüdükdən sonra, bir daha geri dönməmək üzrə gedəcəkdi oralardan. Hər küçəsini əzbərləmiş olduğu o balaca və darıxdırıcı şəhərdən çox uzaqlara gedəcəkdi.

Bilmədiyi tək şey var idi, bağlanmaqdan nə qədər qaçsa da, xatirələr onun yaxasını heç vaxt rahat buraxmayacaqdı. Bir nöqtədən sonra sahib olduğu xatirələrin sancıları incitməyə başlayacaqdı onu və parçalara bölünəcəkdi ürəyi. Darmadağın bir ürəyi gəzdirəcəkdi özüylə hara getsə. Və hara qayıtsa, heç vaxt xoşbəxt olmayacaqdı, zira qayıdılası birdən çox yer olacaqdı. Günahkar, qaranquşlarmıydı?

Sağ cibində ölümü gəzdirərkən, sol cibi ağzına qədər xa tirələrlə dolacaqdı. Ta ki bir gün yaxasına qədər dırmaşıb onu öldürəcəkləri günə qədər. O son qışa qədər.

Bunu hesaba qatmamışdı, getdiyi və yaşadığı yerlərin bir gün daş olub ürəyindən sallanacaqlarını. Tarixin və ədəbiyyatın ilk və ən böyük vətən həsrəti çəkmişlərindən biri olan Homerin Odisseyi sadəcə evi üçün, Penelopesi üçün darıxırdı, onunsa evi on beş dənəydi, hər ölkədə hər şəhərdə bir ev. Özünü bu qədər zəif sanmamışdı heç vaxt. Xatirələrdə boğulacaq qədər aciz. Bəlkə də məsələ xatirələr deyildi? Bəlkə məsələ xoşbəxtlik idi?

Məsələ – bəlkəsiz – elə həqiqətən də xoşbəxtlik idi, bəlkə də. Xoşbəxt olmadığı üçün xatirələrinə sarılaraq yatırdı hər gecə, divarlara asırdı onları. Xoşgünlərini yada salaraq pis günlərini yola verirdi amma boğacaqdı o xoşgünlərin xatirələri onu. Yavaş-yavaş. Bütün deşikləri bağlı vannanı aramla dolduran su kimi içində uzanan bədəni öldürəcəkdilər vaxtı gələndə.

Sonra bir gün, dayan demişdi özünə. Bəsdir, öldürəcəksən özünü. Bəsdir getdiyin. Bəsdir qaçdığın. Yaşadığı bu son şəhər, onun son dayanacağı olmuşdu. Və deyəsən, belə getsə, həyatdakı son dayanacağı da olacaqdı. Az qalmışdı. Buna bir son verəcəkdi.

Köçəri həyatı arzulamışdı həmişə. 60 illik ömrü məsələn, tək şəhərdə tək şəxsiyyətə bürünərək yaşamaqdansa, 60 illik həyatın hər ilini ayrı şəhər ölkə ya qitədə ayrı şəxsiyyətlərə bürünərəkl yaşamağa tərcih etmişdi. Sanki onun maraq hissi digər insanlardan o qədər yüksəkdəydi ki, dayana bilməmişdi tək bir yerdə ya ikisində. Yeni həyəcanlar üçün təhlükəli belə olsa, hər deşiyə soxmuşdu özünü. Ötdüyü kimsəsiz yolun üstündəki qorxulu qaranlıq bir dərənin içindən onu çağıran bir əl görsəydi əgər, gedərdi o bilinməz qaranlığa doğru. Başını hər cür bəlaya soxmuşdu və bu bəlalar nəticəsində möhtəşəm insanlar tanımış, möhtəşəm xatirələrə sahib olmuşdu.

Ancaq, eynilə narkotik maddələrdə olduğu kimi, eynilə süni xoşbəxtliklərdə olduğu kimi, həyatının ilk dövrlərdinə partlama yaşayan maraq hissi indilərdə dibə vurmuşdu. Riyazi dillə, üzü aşağı baxan parabola tək, sıfırdan sürətlə yuxarılara doğru yüksəlmiş maraq hissi, artıq sürətlə mənfilərə enirdi. Bəlkə də maraq hissi deyildi bitən, xatirələri boğmuşdu onu, yoxsa hələ də yerindəydi bütün köhnə xarakteristikası. Ya da maraq hissi o qədər şey dadmışdı ki artıq daha artıq dozada xoşbəxtliklərə və yeniliklərə ehtiyacı var idi və o hissi doyura bilmədiyi üçün kefsizləşirdi. Narkotik aludəçisinin hər dəfə daha artıq dozaya ehtiyac duyduğu kimi, həyatda da hər dəfə daha artıq dozaya ehtiyac duyuruq. Bir vaxtlar yaşamaq eşqiylə dolub daşarkən, bir başqa yorğun və həvəssiz Oblomov idi indilərdə, ya da bir başqa nihilist Bazarov.

Son dayanacağı olan bu şəhərdə düşdüyü tənhalıq ona bir daha getməmə əmri vermişdi. Bir daha getməyəcəkdi. Sıfırdan başlamayacaqdı. Bu şəhərdən də gedərək yaralı ürəyindəki deşiklərin sayına bir də bu şəhəri əlavə etməyəcəkdi. Getmək heç vaxt asan deyildi, getmək zəiflərə görə deyildi, onun kimi birini belə vurmuşdu getmək. Hansı ki özünü illərcə buna hazırlamışdı uşaqkən. Bəlkə də həddindən artıq getmişdi. Həddini aşmışdı. Oturaq həyat tərzi anlayışına indi əvvəlkinə nisbətən başqa pəncərədən baxır və zaman-zaman haqq verirdi. Çox da pis bir fikir deyildi, səyahətlərinin ona yaşatdığı bu qədər yalnızlıq və keçmiş həsrətindən sonra.

Gedə bilməməsinin bir səbəbi də o idi ki əgər bu şəhərdən və ölkədən getsə, bir daha geri qayıda bilməyəcəkdi. Amerikan imiqrasiya qanunlarına görə ölkədən çıxma icazəsi alması üçün bir neçə il keçməli və başvurusu dəyərləndirilməliydi. O vaxta qədər bu ölkəyə həbs olmuşdu. Başda bunun böyük bir problem olacağını düşünməmişdisə də indi bu gözləmə prossesi içində böyüyərək bir yaraya çevrilmiş və nostalgiya xəstəliyinə tutulmuşdu. Onun kimi getmək alışqanlığı olan insan üçün ölüm əmri idi sanki bu. Qəfəsə salınmış quşa çevrilmişdi və çırpınırdı.

Bu ölkəni sevirdi. Özünü bu torpaqlara aid hiss edirdi. Burdakı qarışıq irqliliyi, kosmopolitan havanı sevirdi. Sanki kiçik dünya kimiydi. Dünyaya olan acgözlülüyünü azaldırdı. Ona görə də getmək və tərk etmək istəmirdi. Kierkegaardı dinləyir və özünə təsəlli verirdi. Nə edirsən et peşman olacaqsan. Getsən də, qalsan da. Özünü assan da, asmasan da.

Sahib olduğu bu nostalgiya xəstəliyi iyirmi birinci əsrin xəstəliyi idi həm də ona görə. Dünya kiçildikcə ölkələr arası imiqrasiya trafikləri artıdqca insanların sinəsində hər keçən gün böyüyən bir nostalgia yarası yaranırdı. Ancaq daha çox kasıblar üçün. Varlılar üçün işlər o qədər də çətin deyildi. Onun kimi kasıbları vururdu nostalgiya daha çox. Qlobalizm haqqında işlədilən o dünyanın kiçik bir kəndə çevrilməsi və hər yerin bir-birinə yaxın olması ifadəsi varlılara aid idi daha çox. Kasıblar üçün əksinə dünya hər keçən gün böyüyür və məsafələr daha da uzanırdı. Çünki görürsən, ancaq gedə bilmirsən, toxuna bilmirsən. Elektron ekranlarda virtual dünyalar görürsən ancaq gedə bilmirsən. Texnologiyanın insanları depressivləşdirən tərəfi. Ya da getmiş olanların nostalgiya xəstəliyini daha da artırırdı texnologiya onların keçmişlərini virtual ekranlarda canlı tutaraq. İnternetin bu xüsusiyyəti səbəbilə yaşamış olduğu heç bir yerin şəklini görməməyə çalışırdı. Heç kimlə danışmamağa çalışırdı keçmişindən. Qlobalizm kasıblar üçün dünyanı böyüdürdü, çünki virtual ekranda sevdiyin kimlərləsə danışa bilir ancaq toxuna bilmirdin. O heç kimlə danışmırdı. Yaddaşını canlı tutacaq heç bir xəbəri oxumur, yaşamış olduğu o yerlərin musiqilərini dinləmir, filmlərini izləmir, sanki yoxmuşlar kimi davranırdı. Ancaq ordaydılar və varıydılar.

Madam ki heç harda yaşamağa alışa bilmirdi, madam ki geri getsə yenə başqa yeri ya ən son yaşadığı yeri özləyəcəkdi onda getməmək ən yaxşısıydı deyə qərara almışdı.

* * *

Ancaq yenə də, içində getməyi istəyən biriləri var idi. Birdən çox kimsələr var idi içində, bəziləriylə danışmırdı belə, küsülüydü. Bəzilərinə nifrət edirdi. Bəziləri dayanmadan da nışıb onu az qala dəli edirdilər. Ən betəri, içindəki hər kəs eyni səslə danışırdı.

İçindəkilər və o, hərə bir tərəfə getmək istəyirdi. Kimisi getmiş odluqları yerlərə, kimisi getməmiş olduqları yerlərə getmək istəyirdi. Kimisi başlamış olduqları bu odisseyanı davam etdirmək, kimisi dayandırmaq istəyirdi. Kimisinin daha da radikal fikri var idi; ölmək istəyirdi. Bu dünya bəs etmir, ya da dar gəlir, sıxırdı içindəki bəzilərini və o biri dünyanın arzusundaydılar bugünlərdə. Yenə içindən bəziləri, olduqca əminliklə əlini ətrafına yığışmış olduqları o dairəvi stolun kənarına var gücüylə vurur və inadla gedib həmin o qızı tapmaları gərəkdiyini qışqırırdı onların üzlərinə! O, okeanlar ardındakı, tanrı əli toxunmuş qıvrım və kədərli saçlarını hər gün şimal küləklərinin sığalladığı qızı, onu istəyirdi içindəkilərdən bir grup. Yığışıb üsyan edirdilər. Sanki hər gün sahili ziyarət edib səmayla dənizin kəsişdiyi o düz xətti bir ümidlə izləyən həsrət dolu gözlərin qəmini kilometrlərcə uzaqdan hiss edirdi içindəki o qrup. Əllərində şərabla sərxoş gəzirdilər içində. Getmədiyi üçün ona küs idilər. Gəlmədiyi üçün uzaqlarda bir yerlərdə ona küs olan kimsələr kimi, o qıvrımsaç qız kimi. Sanki bir gün yelkənli bir pirat gəmisində, əli belində, əvvəlki tək vecsiz qayğısız və nəşəli formada çıxıb gələcəkmişcəsinə o səmanın dənizi kəsdiyi düz xətti həsrətlə və diqqətlə müşahidə edən həmin o qız. Ümidini boşa çıxarırdı onun. Unutmamışdı onu hələ də, unuda bilməmişdi. Unudabilməmiş olması, ona özü-özünü unutdurmuşdu.

İçində bir izdiham var idi, hərəsi bir ümidin sərkərdəsi olan. Hər gün yeni biri əlavə olurdu içlərinə, yeni bir şəxsiyyəti daha olmuş olurdu. Hər yeni fikir, hər yeni ümid bir şəxsiyyətə çevirilirdi. İçində eyni səslə danışan minlərlə kimsələr var idi indilərdə. Bəziləri bir-birlərini tanımırdılar belə, adlarını – ki adları ümidləri ilə eyni idi- bilmirdilər. Qıvrımsaç adlı otuz nəfər var idi məsələn, Lara adlı iyirmi nəfər (ki getdikcə artırdılar ya da adlarını dəyişirdilər), Barselona adlı on nəfər və s. Qadın və şəhər adları üstünlükdəydi. Ən çox üstünlüyə sahib olanlarsa ən təhlükəliləriydilər; ölüm adlı üç yüz nəfər!

Hərə bir səbəbi təmsil edirdi. Hər səbəb üçün yeni bir kimsə yaranırdı və onun ölüm üçün üç yüz səbəbi var idi.

Aralarındakı ümidi ölmüş olanlar yoxa çıxmır, adlarını ölüm olaraq dəyişirdilər. Ən təhlükəlisi də bu idi. İçində ölmüş ümidlər qəbirsanlığını daşıyırdı hara getsə. Doğulan hər yeni ümid, istəyi yerinə yetirilmədiyi təqdirdə adını ölümə dəyişməklə təhdid edirdi onu. Adı ölüm olanların sayları içindəkilərin sayının yarısını keçdiyi gün, o qanlı soyqırım başlayacaqdı. Və o gün uzaq deyildi. Üsyanın səsləri qulaqlarına qədər gəlirdi. O qədər çox idilər ki, özünü itirmişdi aralarında. Əsas dinləməsi gərəkdiyinin hansı olduğunu bilmirdi artıq. Özünün hansı olduğunu bilmirdi.

İçində adları xoşbəxtlik olan ən ümidli və sağlam ideologiya sahibi istəkli bir qrup var idi. Sayları hələ ki yetəri qədər çox idi və onu əgər xoşbəxt olsa – üsulunun fərqi yox idi, necə olur olsun – o bataqlıqdan çıxacağına inandırmağa çalışırdılar. Xoşbəxt olsa əgər, adları ölüm olanlarla sayıları az olmasına baxmayaraq savaşa biləcəklərinə inandırmağa çalışırdılar onu. Onları öldürə bilərdilər. Özlərinə yaxşı baxırdılar. Əli şərab dolu olan və qabağına çıxan hər yeri yumruqlayan digər sərxoş axmaqlardan fərqli olaraq onlar hər gün meditasiya və idman edir, gümrah qalmağa çalışırdılar. Aralarında Taoizm və Stoisizmin izləyiciləri də var idi. Ölümünə savaşmaq üzrə təlim etdirilən geridönməz bir ordunun sərkərdələriydilər. Yaşam ordusu. Onlara tam olaraq inanmırdı, forma dəyişdirmiş genlər olduqlarından şübhələnirdi. Genlər tərəfindən dəstəklənirdi bu qrup. Ölüm adlı olanları öldürsəydilər belə, hər şeyin yaxşı və xoşbəxt olacağına inanmırdı ona görə də. Xoşbəxtlik, indi ona uzaq bir xəyal kimi görünürdü. Tələb etdikləri xoşbəxtliyi əldə etmək üçün verməsi gərəkən savaş ona çox yorucu gəlirdi və həvəssiz idi. Yenə də, hər kim idisə bu qrup, genlər ya ümidlər, onu hələki həyatda tutmağa bəs edəcək qədər motivasiya göndərirdilər damarlarına. Oyadırdılar onu, silkələyib özünə gətirir və həyatda qalması üçün onu həvəsləndirirdilər.

* * *

Artıq oturaq həyat sürməsi gərəkdiyini düşünməsinə baxmayaraq içində hələ də getməsi gərəkdiyini düşünən çox fikir, ümid və kimsə var idi. Bura qədərki həyatında da, burda yaşadığı son illərində də həmişə getmək istəmişdi. Əvvəl getmədiyi yeni yerlər üçün can atmışdısa, indi yaşamış olduğu yerlərdən birinə (amma hansına?) qayıtmaq istəyirdi. Baudelaire’nin “Harda deyiləmsə orada xoşbəxt olacağam kimi hiss edirəm” cümləsinin canlanmış forması kimiydi. Ya da Baudelairenin bir başqa frekansda illər sonra doğmuş reinkarnasiyasıydı bəlkə də, özü də fərqində olmadan, ya da istəmədən. İstəmədən, hə, orası dəqiq idi, istəmədən doğulmuşdu, bütün hamı kimi.

Bildiyini sandığı tək şey var idi, harda deyildisə orda xoşbəxt olacaqdı. Yanıldığına qətiliklə əmin idi, ancaq yanılmadığına bütün qəlbiylə inanırdı. Ya da başqa dillə desək, son şəhərinə qədərki marafonunda bu illuziyaya inanırdı və bir yerdən başqasına qaçırdı, içindəki təlaşdanmı qaçırdı yoxsa maraq hissimi böyük idi, bilmirik. Ancaq son stansiyasından sonra, harada deyildisə orada xoşbəxt olacağının bir illuziya olduğunu hiss edə bilirdi artıq. Bəlkə də böyüyürdü deyə, bəlkə də təcrübələrinə əsaslanırdı, bəlkələr və kaşkilər.

Bu şəhərmi onu bulanıqlaşdırmışdı yoxsa bulanıqlaşdığı üçünmü bu şəhərə lənətlər yağdırmağa başlamışdı? Bilmirdi. Bəlkə də üçüncü səbəb idi doğru cavab.

Bu şəhərmi onu yalnızlaşdırmışdı yoxsa içinə düşdüyü ruh halı səbəbiləmi insanlardan qaçırdı bu son ildə? Artıq görüşdüyü heç kim yox idi. Bilərək kəsmişdi bütün əlaqələrini sanki, sadəcə keçici insanlarla tanışır və qalıcı əlaqə qurmaqdan qaçınırdı. Bağlanmaq olmazdı. Bir nömrəli qayda o idi. Ən azından bu son vaxtlarda. O, ölümündən əvvəl sadiq sahibindən ya ailəsindən uzaqlaşıb uzaqlara gedən itlər kimi inzivaya çəkilmişdi sanki. Sanki öləcəyini bilirmiş kimiydi.

İçindəki o lənətə gələsi nostalgiya və əksiklik duyğusun dan canını qurtara bilsəydi əgər, bəlkə də xoşbəxt ola bilərdi deyə düşünürdü. Həyat, gözəl idi amma. Həyatın heç vaxt bərbad bir yer olduğunu düşünməmişdi. Həyat gözəl idi, ancaq həyatı davam etdirmək üçün çəkilən əziyyətin ağrılığı hərə üçün fərqliydi.

Bəziləri kasıb doğulurdu məsələn. Başdan uduzaraq. Suya, qidaya, sevgiyə möhtaç doğulanlar. Həyatda qalmaq üçün (sırf genlərin səni vadar edir deyə) sevmədiyin bir işdə işləmək ya da onu belə tapa bilmədən sürünmək. Yaşamaq gözəl idi, ancaq bəziləri üçün yaşamaq əziyyətinə dəyirdi, bəziləri üçün yox. Hər insanın həyatı və ağrıları ayrı idi, bəziləri nostalgiyadan əziyyət çəkib, keçmişə duyulan həsrət səbəbilə hətta canlarına belə qəsd etmək istəyərkən bəziləriysə nostofobiyadan əziyyət çəkir və keçmişlərindən qaçır, olmamasını istəyir, unutmaq istəyir və bunun üçün canlarına qıyırdılar. Bəziləriysə solastalgiyadan əziyyət çəkir, olduqları yerdə olduqları yerin keçmişi üçün darıxırdılar. Bəzilərinin evi yox idi, bəzilərinin işi, bəzilərinin kimsəsi, bəzilərinin heç nəyi.

Nostalgiyanın ən pis tərəfi və insanın ona bu qədər bağlı olmasının səbəbi beynin keçmişdəki sadəcə xoş xatirələri yadında saxlaması, pisləri unutmağa çalışmasıdır. Köhnə günlərə olan həsrət və hər şeyin keçmişdə sanki çox yaxşı olmuş olmasının səbəbi heç şübhəsiz ki bu idi. Əslində keçmişdə heç də hər şey daha asan ya yaxşı olmur. Hər ilin hər günün öz problemləri olur, ancaq beyin onları unutdurur. Beləcə insan keçmişə həsrət duyurdu. Təkamüli olaraq beyin nostalgiya hissini həm də yalnızlığa qarşı bir qalxan olaraq inkişaf etdirmişdi. Yalnızlığa düşmüş fərdə keçmiş xatirələrdən kadrlar xatırladaraq onun əslində heç də həmişə yalnız olmamış olduğunu, dostlarını və ailəsini, yaxşı günlərini xatırladırdı. Beyin, fərdi həyatda saxlamaq üçün bütün yollara əl atırdı nə də olsa.

İçində əksik bir şeylər var idi. Saudade. İtirilmiş xatirələr, dostlar və sevgililər. Günün təsadüfi anlarında keçmişdən xoş xatirələr canlanırdı gözünün qarşısında. Gedəcəkdi deyə düşünürdü buralardan. Sanki çarə bu imiş kimi. Deyildi. Fərq etməyəcəkdi. Burdan getsə, sonra da bura üçün darıxacaqdı. Ya da sanki getsə, gedəcəyi köhnə yerlər ona yad kimi gələcəkdi bəlkə də. Sanki heç yaşamamış olduğu yerlər kimi. İllər keçmişdi. Heç kimi tapa bilməyəcəkdi bəlkə də. Qıvrımsaçı tapa bilməyəckdi bəlkə də. Bəlkə də evlənmişdi. Geri dönüb görsəydi bunu qıvrımsaçın xoşbəxtliyi onun bədbəxliyinə çevriləcəkdi. Geri dönsə belə, xatirələrinə dönə bilməyəcəkdi nə də olsa. Onlar keçmişdə qalmışdı. Hər şey keçmişdə qalmışdı.

Keçmiş, bəzən sanki olmamış kimi gəlirdi. Anı yaşamağı üstün tutmuşdu həmişə. Ancaq anı yaşaya bilmək, ən böyük sənət olmalıydı. İnsanın hər anı, keçmişdən xatirələr və gələcəkdən planlarla dolur. Praktiki olaraq anı yaşamaq mümkünsüzdür çünki insan sahib olduğu xatirələr bütünüdür. Baxdığımız hər bir obyekt bizə keçmişimizdən izlər xatırladır. Şanslı olanlar bu şüuraltı xatırlamaların hamısının fərqində olmur, bəziləriysə baxdıqları bir ağacın hər bir budağınnda keçmişdən bir xatirəni xatırlayır. Hər şeyi bir kənara buraxıb o anın içində ola bilmək olduqca çətin, bəzən mümkünsüzdür. O, həyatının ortalarındaydı hələlik, amma bəzən yaşlıları düşünürdü. O qədər xatirəni özüylə daşımaq? Çətin olmalıydı. Yaşlıların çəkdikləri əziyyəti bilmək istəyirdi bəzən. Necəydi görəsən? Altmış ya yetmiş illik xatirələrin içində yaşamaq. Hər birini xatırlayanda orda olma istəyi və sızıldayan bir ürək. Hər gün küçələrdə görülən gənclərə olan qısqanclıq hissi. Yenidən gənc olma istəyi. Həyatın o ən gözəl vaxtına geri dönmə istəyi.

O hətta indi belə keçmişdə yaşamadığı anların peşmançılığını yaşayırdı. Xoşbəxt anlarından çox bədbəxt keçmiş vaxtlarını düşünür və elə deyil də belə olsaydı necə olardı deyə özünü pafosun içində boğurdu. Yaşanmamış yaşlar və kədər.

Bəlkə də hamı onun kimi deyildi, bəlkə də baş edə bilirdilər xatirələrlə. Bəlkə də xoşbəxtlik onlara unutdururdu hər şeyi. Bir yerlərdə oxumuşdu, tədqiqatlar insanların yaşlandıqca daha da dinc və xoşbəxt olduqlarını göstərir. Daha az şeyi dərd etməyə başlayır yaşlılar. Bəlkə də xatirələrini unudurlar. Hə, unudurlar. Onun kimi. Artıq onda da başlamışdı. Necə ola bilərdi? Xatirələri unutmaq? Bu ki daha betər idi. Yoxsa yox? Bəlkə də daha yaxşıydı hə, beləcə içindəki o gözəl günlərin həsrətindən azad olardı. Sanki yaşanmamış kimi. Köhnə sevgililər və şəhərlər.

Bəzən oxuduğu kitab ya izlədiyi filmin ortasında bunu daha əvvəl oxumuş ya izlədiyini görüb təəccüblənmişdi. Ancaq xatırlamırdı. Bu ən sadə misal idi. Bəs insanlar? Yadına sala bilmirdi. Getmiş olduğu şəhərlərin bəzilərinə bəzən getmiş olub olmadığından əmin ola bilmirdi. Getmiş olduğu konsertlər və başqaları. Yaşlanmaq belə bir şey olmalıydı. Yaşlandıqca insanlar özündən xəbərsiz olaraq daha da yalançı olurdu bəlkə də. Olmamış şeyləri olmuş və olmuşları olmamış kimi xatırlayaraq. Yenə də, nə dəyişir dəyişsin, buludlar olduqları kimi qalırdılar.

Beyin idi hamısının günahkarı. Yalançı beyin. Tətiyi çəkib dağıtmalıydı bəlkə də əsas günahkarı. Nəmi edirdi beyin? Onu daşıyan bədəni həyatda saxlamaq və xoşbəxt edə bilmək üçün nə lazımdırsa. Məqsədə gedən bütün yollara bəraət qazandırırdı beyin. Aramızdakı ən böyük makiavellist başımızın üstündə gəzdirdiyimiz o boz maddədir. Xoşbəxtlik və həyatda qalma, vasitəyə haqq qazandırırdı. Necəmi edirdi bunu? Məsələn pis xatirələri ya unutmağa çalışır ya da yaxşıya doğru dəyişir, bəzəyirdi. İkincisi daha da betər idi. Sanki elə deyil də, belə olmuş kimi inandırırdı özünü və onu daşıyan fərdi. Bunu ilk öyrəndiyində, başda bunun üçün beyninə onu heç vaxt bağışlamayacağını demişdisə də, bugünlərdə o xüsusiyyəti üçün ona az qala yalvarırdı. Unut deyirdi. Hər şeyi unut. Sanki olmamış kimi. Sanki uzaqlar və yaşanmışlıqlar olmamış kimi. Unut qıvrımsaçı və o şimal küləkləri əsən gözəlim şəhəri.

Hiss edirdi də bunu, unudulmuş və bəzədilmiş ya dəyişdirilmiş xatirələrlə sarıldığını ətrafının. Əmin ola bilmirdi məsələn bəzən, hansı xatirənin doğru olduğuna. Ürəyinin eşq üçün hələ yenicə döyünməyə başladığı o yeniyetməlik illərindəki, üzünü və adını unutduğu o tenisçi qızı xatırlayırdı məsələn zaman-zaman. Tanışlıqdan üç gün sonrakı ilk sevişmələrində dəlicəsinə vurulduğu qız ona bu son görüşməmizdir deyərək sancmışdı qəlbinə zəhərli oxu. İlk eşq yarasını ürəyinin üstünə, döş cibinə qoyub ayrılmışdı o gün həmin evdən. Yaşlı şəhərin qəlbini tam ortadan ikiyə bölən o çayın bilinməz və hamıdan uzaq bir sahilində oturub ağlamışdı həmin gecə, qucağında yeni sevgilisi alkoqolla birlikdə. Hava soyuduqca daha da çox sarılmışdı o şüşəyə, yalnızlaşdıqca daha da çox sarılmışdı. O gündən başlamışdı bəlkə də, içkiylə aralarındakı ayrılmaz bağ. Beyninə kömək edirdi spirt, unutma işləmini uğurla tamamlamaq üçün. Əmin ola bilmədiyi və beyninin bəzədiyi xatirəysə o idi ki, daha sonra sevişmişdilərmi? Artıq xatırlamırdı. Göydən leysan yağan günlərdə qızın iş yerinin qarşısında onu gözlədiyini xatırlayırdı, bura qədərindən əmin idi. Sonra nə olmuşdu? Bir neçə alternativ xatırlayırdı: qız labaratoriyasından çıxıb onu görməməzlikdən gələrək çıxıb getmişdi, qız çıxıb onu son dəfə öpmüş və getmişdi, qız çıxmış və onlar yenidən sevişmişlərdi, dəfələrlə. Sanki illər keçdikcə yeni alternativlər əlavə olunmuşdu. Doğrunu xatırlamırdı. Hər şeyin ən pis formada olmuş olduğundan şübhələnirdi. Özündən yaşca böyük olan o qız, onu tək səfərlik cinsi istək doyurucusu olaraq istifadə edib bir prezervativ kimi atmışdı. Ancaq beyni onu aldatmağa davam edərək əslində elə olmadığına inandırmağa çalışırdı. O gün bu gündür, doğruya həsrət yaralı ürəyi yalançı beyninə savaş açmışdı həqiqətlər üçün. İçində özüylə daşıdığı bir savaş var idi illərdir. Beynin yalanlarına yeniləri əlavə edilmiş və içi savaş meydanına dönmüşdü.

₺65,44
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
ISBN:
978-9953-8066-5-9
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin PDF
Ortalama puan 4,5, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,7, 6 oylamaya göre
Metin
Ortalama puan 2, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 5 oylamaya göre