Kitabı oku: «Həbsxana», sayfa 2
Əsasən 38-ci, 39-cu və 41-ci kameralar ağ çörəklə təmin olunur, Hind çayı, «Rus arağı» içir, «kormuşka» larını, hətta, bəzən qapılarını neçə saat açıq saxlayırdılar. Daxili qaydalar buna icazə vermir – pul isə qaydaları istənilən məcraya yönəldə bilir.
44-cü kamera «stroqaç»ların47 idi. «Stroqaç» – ağır cinayət üstündə ikinci və üçüncü dəfə tutulanlara deyirlər. Müvəqqəti saxlama kameralarına hərdən «tranzit»lər, yəni Bayılda bir neçə gün saxlanılıb sonra başqa türməyə, başqa respublikaya göndərilənlər də düşürdülər.
«Osobıy»lar48 da birinci korpusda hərdən müvəqqəti «qonaq» saxlanılır. «Polosatıy»49 məhbusun əynində, doğrudan da, eninə zolaq-zolaq xətli paltar, «teleqreyka»50 olur.
İlk tutulanlarla «stroqaç»ların və «polosatıy»ların əsl fərqini başa düşmək üçün onların gözlərinə baxmaq kifayətdir; təzə hələ utancaqdır, gözlərində ümid işığı, qorxu hissi var.
«Stroqaç» buranı öz evi bilir; ona nə türmə qapılarının qalınlığı təsir edir, nə də «nazor»un yekəbaşlığı. Əslində «nazor» özü onlardan ehtiyat edir, çəkmir.
«Polosatıy» üçün nə Bayıl türməsi var, nə qaranlıq, nə də işıq. Onun üçün amnistiya da boş sözdür, koloniya da. Başını dik tutub şax yeriyir, heç kimin üzünə baxmağı özünə rəva bilmir. Daxilən tükənmiş adamdır, zahirən məğrur, əyilməz. Ümumiyyətlə, cəmiyyət tərəfindən sayılmayanlar ədalı olur. Onları xüsusi kameralarda – «smertnik»51, ya da «vışak»52 kamerasında saxlayırlar. Bu korpusda sakitlik hakimdir – milçək uçsa səsi eşidilər. Ağzıboş «nazor»ların verdikləri məlumata görə, «vışak»ları elə burada, Bayıl türməsinin zirzəmisində xüsusi təchiz olunmuş kamerada güllələyirlər (əgər, onlar «tranzit» deyilsə).
Bu əməliyyatı, adı bizə məlum olan iki starşina yerinə yetirir. Əməliyyat belə aparılır: gecə təqribən saat 11-dən sonra bütün «kormuşka»lar bağlanır. Bu prosesi nə qədər gizli aparmağa çalışsalar da, hökmən hiss olunur. Həmin gün adı məlum iki starşina adi vaxtlardan fərqli olaraq gecə öz iş yerlərində görünürlər ki, bu da əməliyyatı məhz onların aparmaqlarına maddi sübutdur. «Vışak» əvvəlcə həkim müayinəsindən keçir.
Ölümün astanasında olduğunu başa düşən «vışak»lar özlərini müxtəlif cür aparırlar. Qorxusundan kameradan çıxmaq istəməyib ürəyi partlayanlar da olur, zirzəmidəki xüsusi kameraya aparılanda şəstlə addımlayanlar da, özünü batıranlar da… «Vışak» heç vaxt güllələnməyə aparıldığını dəqiq bilmir. Adətən, «müstəntiq gəlib» bəhanəsi ilə aparılır. Ancaq o da uşaq deyil ki, yağlı dilə tutasan.
Xüsusi kameraya salınan «vışak» tərtibatlar arasında tərpənmək imkanından məhrum edilir və elə vəziyyətdə yerləşdirilir ki, dəmir qapının xüsusi deşiyindən onun təkcə allahlığı görünür. Mümkün altı sərbəstlik dərəcəsindən məhrum edilmiş «vışak» anbaan öz ölümünü gözləyir. Silah (avtomat) qabaqcadan sazlanır, ölüm hazır vəziyyətdə «vışak»ın başının üstündən asılır. Ölümün labüdlüyünü yüz faiz başa düşən «vışak», qapı üzünə örtüləndən sonra sosialist qanunçuluğunun ona bəxş etdiyi bu bir neçə saniyədə nə düşünür görəsən?
Üzünə ölüm hökmü oxunandan sonra ta bugünkü ana qədər «pomilovaniye»53 gözləyən bədbəxt ölümlə qucaqlaşmalı olduğu dəqiqədə də bağışlanacağını gözləyir?!
Ölüm avtomatın tətiyində!
Ölüm avtomatın lüləsində!
Ölüm «vışak»ın allahlığında!
Və bu üç nöqtə əslində cəllad vəzifəsini icra edən «starşinanın barmağının tərpənməsi ilə birləşir: bir insan ömrünə avtomat gülləsi uzunluğunda nida işarəsi qoyulur.
İnsanın insana xidmətinin qəribə formasıdır bu…
Humanist qanunlarımızın təntənəli yekunudur bu…
Bir neçə dəqiqədən sonra qapı açılır, meyit götürülür. Qan yeraltı yolla Xəzər dənizinə axıdılır…
Qəbul et, anamız Xəzər, qəbul et! Bir zavallının da qanını öz sularına qarışdır. Bu əmri icra edən zabit, yaxud cinayət işini şişirdib bu nəticəyə gətirən müstəntiq də həmin gün bir sarışın Marusya, yaxud qarayanız Nairi ilə sənin zümrüd ləpələrinə baş vursun, qan qarışmış suyundan bir ovuc götürüb onun mərmər sinəsinə çiləsin…
Başqa bir «xanım» isə əlində «Hökm yerinə yetirildi!» yazılmış bir parça kağız körpələrini başına yığıb ağladıqca-ağlasın.
«Atam haradadır? Atama nə olub?» suallarına ürək parçalayan hönkürtüylə cavab versin.
Allah da hər iki səhnəyə səbirlə tamaşa etsin, haqlını haqsızdan ayırmağı uzaq, naməlum bir vaxta, axirət gününə saxlasın.
Başqa bir «nazor»un dediklərinə görə meyitin başı balta ilə bədənindən ayrılır, baş sinə üstünə qoyulur və bu sayaq şəkil çəkilir. «Hökm yerinə yetirildi!» cümləsi ilə bu şəkil də təsdiqedici fakt kimi Moskvadakı cənablara göndərilir.
Bu da inandırıcıdır, hər halda «öldü» sözünü «öldürüldü» sözündən fərqləndirən bir şəkil hökmən olmalıdır. Daha Moskvaya meyitin özünü göndərməyəcəklər ki…
Qətl axşamı başa çatır. İcraçılar akt tərtib edib qollayırlar. Səhəri gün tezdən saat 7-8 radələrində pəncərələri bağlı «UAZ» naməlum istiqamətə yol alır. Filan nömrəli məhbusun başı kəsilmiş meyiti yandırılmaq üçün filan yerə aparılır…
… İçəri girməyimlə arxamca qapının bağlanması bir oldu. Gözlərim alacalandı. Yarıqaranlıq otaqda sifətlərinə qeyri-adi sarı rəng çökmüş bir dəstə adam vardı. kimi öz yerində uzanmış, kimi də stol arxasında oturmuşdu. 22 göz dikilmişdi gözümə. Hələ bu yerlərin qayda-qanunlarına bələd olmadığımdan çaşıb qalmışdım. 50-55 yaşlarında arıq, sifəti qırışmış, gözləri işıldayan yəhudi yaxınlaşıb salamımı aldı. Oturmağa yer göstərdi. Nəfəsimi dərib oturdum.
– Yaşa, – deyə özünü təqdim etdi, – Yakov Danil. Köhnə işlə Qaradağdan gəlmişəm. «Karandaş»gillə tutulanlardanam. Bu yoldaşları sənə təqdim edim: Adil – Salyandan gəlib, 88-1-lə oğurluq mal satdığı üçün tutulub. Cəfər – rüşvət almaya-almaya rüşvət maddəsi ilə gəlib. Bəxtiyar – naxçıvanlıdır, 88-1-lə gəlib. «Avşaq»ımız – bu cavan oğlandır. Sabah məhkəməsidir. Bu biri Bəxtiyar isə «barıqa» kimi tutulub…
Tanışlıq uzun çəkdi. Təqdim olunanlar haqqında əlavə məlumat verənlər də tapıldı.
«Nara»nın birinci mərtəbəsində lap axırıncı yerdə «sever»in qabağında bir məhbus da oturmuşdu. Sakitcə qulaq asır, söhbətə qoşulmurdu. Maraqlı idi ki, tanışlıq verənlərdən onu xatırladan olmadı.
Özümü təqdim etdim. Bütün titul və vəzifəmi, çoxsaylı maddələrimi saydım.
– Bundan sonra yadda saxla, – Cəfər dilləndi, belə maddələrə buket deyirlər. Müzəffərə ilişmisənsə, işin çətin olacaq. O, Sabirin qudasıdır.
Suallara təmkinlə, sakitcə cavab verirdim. Axır ki, dillər yoruldu, suallar tükəndi.
– Yaxşı, – Yaşa ətrafa göz gəzdirdi, – müəllim harda yatacaq?
Gözlədiyimin əksinə olaraq mənə öz yerlərini verənlərin sayı çox oldu. Həm də bir tərəfdən bəxtim gətirmişdi ki, formal surətdə «avşaq» vəzifəsini icra edən Baloğlan sabah məhkəməyə gedəcək, çox güman ki, sabah da öz «srok»54unu alacaq və «osujdyonka»55 kamerasına salınacaqdı. Demək, yer boşalacaqdı. Müzakirə mənim xeyrimə həll olundu: hələlik ikinci mərtəbədə, Puşkinə, məhkəməyə aparılmış Xosrov kişinin yerini tutası oldum.
Öz yerimə qalxdım. Qalan təlimatı Baloğlan verəsi oldu, özü də pıçıltı ilə:
– Ora, – barmağı ilə pərdəyə tutulmuş dördkünc yeri göstərdi – «sever»dir, yəni ayaqyolu. Gün ərzində ora iki dəfə ağır getmək olar: səhər və axşam su gələndə. Yüngül getməyə həmişə icazə var. Getməmişdən qabaq bax, əgər stolun üstündə ağzı açıq qab, kiminsə əlində yemək, yaxud siqaret varsa, getmək olmaz. Getməzdən əvvəl ucadan «sever!» demək lazımdır ki, məsəl üçün, ağzında konfet olan kəs onu udsun. Siqaret çəkən şəxs siqaretini söndürsün. «Sever»in qabağındakı «nara»ya «quşxana» deyirlər. Ora… ora «petux»ların yeridir. Yəni, onlardan qadın kimi istifadə etmək olar. Onunla əl verib görüşmək, bir stol arxasında oturmaq olmaz. Onun qabından istifadə etmək, yaxud başqasının qabında onun yemək yeməyinə razılıq vermək olmaz.
– Bəs hamı çörək yeyəndə necə? – soruşdum.
– Hamı yeyəndə o, öz yerində uzanır. Biz durandan sonra oturub yeyir. Qayda belədir… Onun qaşığının dəstəyinə, krujkasına xüsusi nişan vurulur ki, tanınsın…
«Petux» hər kamerada olur. Bəzən kamerada çox böyük qəbahət etmiş, yaxud arxasınca «qara ox» gəlmiş məhbusu da kamera məhkəməsinin hökmünə görə «petux» edirlər. Nə qədər inandırıcı olmasa da, bu əməliyyat bütün türmələrdə, bütün kameralarda aparılır.
Fakt faktlığında qalır. Mənim də faktları, danmağa mənəvi haqqım, hüququm yoxdur. «Petux»un qabında kiçik deşik açırlar ki, onun qabları əlamətinə görə fərqlənsin. Yoxsa, Allah eləməmiş, onun qabından kimsə təsadüfən istifadə edə bilər.
Əsas «vəzifəsi» ilə yanaşı, «petux» qulluqçu, zibildaşıyan, «işverən» vəzifələrini də icra edir.
Kamera məhkəməsi özlüyündə dövlət məhkəməsindən ciddi şəkildə fərqlənmir. Onun da müttəhimi, hakimi və iclasçısı, prokuroru və vəkili var.
Məhbuslar əsl məhkəməyədək özləri sınaq məhkəməsi qururlar. Bu sınaq məhkəməsini məhkəmə prosesinə gedəsi «bratan» üçün bir neçə dəfə təkrar edir, eynilə məhkəmədə olduğu kimi, hətta, bir az da ciddi suallar qoyulur. Burada da vəkil müdafiə edir, prokuror iş «oxuyur», hakim və iclasçılar məşvərətə gedir və nəhayət, hökm elan edilir. Maraqlıdır ki, oxunan hökm əksər vaxtlarda əsl hökmlə eyni olur. Özü də kamera hakimi xalq hakimindən daha sərt mövqe tutsa belə, ondan daha ədalətli, daha insanpərvər olur. Çünki, kamera hakimi müttəhimi başa düşür, onun çəkdiyi mənəvi əzabları görür.
Bir də… Kamera hakimi hakim statusu almaq üçün bir qucaq rüşvət vermədiyindən «zek»dən də rüşvət tələb etmir; burda nə güzəşt var, nə də təmənna.
Məhbus kamerada istər pis, istərsə də yaxşı cəhətdən formalaşır, daha prokuror həzrətləri onun üçün elə bir məna kəsb etmir. Hakimin onsuz da standartdan kənara çıxmayacağını bilən şəxs üçün əvvəlcədən planlaşdırılmış və kamera «hakimi» tərəfindən oxunmuş 12 il əvəzinə xalq hakiminin oxuyacağı 13, yaxud 14 il sayının fərqi yoxdur. Ümumiyyətlə, təcridedilmə müddəti uzandıqca əsəbləri kütləşən, məhəbbətini nifrəti ilə əvəz edən məhbus üçün ilk ayların çətinliyi, çox iş almaq qorxusu aradan qalxır, «nazor» da, «oper» də cılızlaşır. Çoxları üçün hər şey adiləşir, göz yaşı azalır, sırtıqlıq və şit zarafatlar ürəklərə yol tapır…
«ÇEFİRŞİK»
Eyni çəmənlikdə öküz – ot, it – dovşan, durna – kərtənkələ axtarır…
L. Seneka
21 yanvara «avşaq» seçkisi təyin olundu. «Avşaq» «obşak» sözünün təhrif olunmuş formasıdır və yalnız Bayıl türməsində «avşaq» kimi tələffüz olunur. «Obşak» həbsxanada ümumi kassaya deyilir. Bu kassa bir nəfərə həvalə olunur ki, həmin şəxs də müəyyən imtiyazlara malikdir.
İndi bütün İttifaqda56 səs-küyə səbəb olan aşkarlıq və demokratiya türmədə yüz illərdir ki, hökm sürür, məxsusən «avşaq» seçkisində.
Məhbus saxlaya bildiyi bircə gilə sərbəstliyi də «avşaq»a həvalə edərək özünü müəyyən mənada yüngülləşdirir. «Avşaq» qanunun keşiyini çəkməli, kameradakıların sözünü, tələb və xahişini yuxarılara çatdırmalı, ədalətli pay bölgüsünə rəhbərlik etməlidir.
Çox vaxt isə… «avşaq» ədalətsiz pay bölgüsü yaradır, özü müftəxor parazitə çevrilir, yuxarıda oturub öz «dolya»sını alır, iş görmür, əmrlər verir, «razborka» aparır.
«Razborka», yəni, hər hansı bir mübahisənin çözülməsı əksər hallarda güclünün, imkanlının, sözükeçənin xeyrinə həll olunur. Bir sözlə, ədalətsizliklə dörd divar arasına düşmüş gücsüz, pulsuz və kimsəsiz məhbus daha acınacaqlı halla rastlaşır, ədalətsizliyin astarını da görür, üzünü də.
«Avşaq» toxunulmazlıq statusuna malikdir. Onun sözünün qabağına söz deyilə bilməz. Əks təqdirdə söz deyənə «maya» qoyulur. «Oper»lərin birinə 200 re rüşvət verib adamı başqa kameraya göndərirlər. Kameranın ümumi kassası, yəni «obşak» pulları da «avşağın» sərəncamında olur.
38-ci kamerada bu pullar qeyri-qanuni xərcləndiyi, yəni aidiyyəti üzrə xərclənmədiyi üçün tez-tez mübahisə yaranırdı. Nəhayətdə ikitirəlik alındı və türmə praktikasında, bəlkə də, ilk dəfə bir kamerada iki «avşaq» fəaliyyət göstərəsi oldu.
Axşam, Baloğlan «srok»un alandan sonra «kormuşka»dan bizimlə əhvallaşıb ayrıldı (məhkəmədən sonra imkansız «zek» kameraya girə bilmir, çünki girib yoldaşlarla görüşmək üçün «nazor»a ən azı 50 re pul verməlidir). Ayrılanda da öz təqdimatını verib:
– Müəllimə mən də səs verirəm, – dedi.
Sən demə, «avşaq» seçkisində mənim namizədliyim nəzərə alınıbmış.
Hər gün, təqribən saat 10 radələrində «zek»i proqulkaya57 çıxardırlar. Heyvan saxlayanlar bu işin nədən ibarət olduğunu yaxşı bilirlər. Eyni ilə qoyunları otlamağa aparan kimi «nazor» «zek»ləri qabağına qatıb «proquloçnıy» həyətə aparır. Bu həyət Bayıl türməsinin I korpusunun kəllə tərəfində, üstü üç sıra qalın armatur çərçivə ilə qaynaqlanıb örtülmüş dəmir qapılı balaca bir sahədir. «Zek»in ayaqları tutulmasın və üzünə hava dəysin deyə, gün ərzində bir dəfə onu bu tövləyə çıxarır və 15-20 dəqiqə burda saxlayırlar. Tövlələrdən bircəsi 40 kv. metrdir. Digərlərində heç gəzmək, daha doğrusu «tasovka»58 üçün yer də çatışmır. Məhz, həmin tövlədə «tasovka» etmək üçün «burjuylar» arasında rəqabət aparılır. Hansı kamera 5 re versə, həmin gün böyük tövlədə «tasovka» edir, həm də düz bir saat. Yalnız bu gəzinti «zek»i hələ də həyatın mövcudluğuna inandırır. Tavan yerindəki dəmir barmaqlığın arasından görünən mavi səma, qara bulud bir də Bayıl türməsinin həyətindəki böyük tut ağacı ona həyatın varlığını andırır.
İybilmə qabiliyyətini, qismən də olsa, saxlamış burnumuz çöldən kameraya qayıdarkən bizə it damına girdiyimizi xatırladırdı. İnsanın iyi itin iyindən də pis olarmış, İlahi! Bu iyin heç olmasa azalması xatirinə hər həftə hamamçıya 10 re pul verməlisən ki, kameraya hamam günü təyin etsin.
Bütün bu təşkilatçılıq işi, ərzaq məhsullarının alınması və səmərəli bölüşdürülməsi, kamera haqlarının vaxtında verilməsi «avşaq»m vəzifə borcudur…
… İclası Yaşa açdı. Giriş sözü qısa və aydın söylənildi. Köhnə «avşaq»ın təcrübəsizliyi, cavanlığı, buraxdığı xırda səhvlər qeyd edildi. Üzlərdə şən təbəssüm də hiss olunurdu, istehza da. Çıxışlar başlandı.
Həmdəmov Əzizalı söz alıb əvvəlcə sakit, sonra tələsə-tələsə qısa çıxış etdi:
– Bizə qoç lazım deyil, ağıllı yoldaş lazımdır. Elə öz adamımızı Allah özümüzə yetirib. Müəllim olsun «avşaq».
Cəfər onun sözünü ağzından aldı:
– Şərikəm. Dünyagörmüş adamdır. Xosrov kişidən də yaxşı «avşaq» olardı, ancaq onun məhkəməsi başlayır, bu günlərdə gedəcək. Müəllim təzə gəlib, hələ azından altı ay buradadır. Onu seçsək, uzun müddət işləyə bilər.
Bir qımıldandım ki, deyəm, «Özünə qismət olsun altı ay», ancaq səbrimi basdım, çaşdığını fikirləşdim. Hardan biləydim ki, Cəfər hələ mənə hörmət eləyib, müddəti yanbayan azaldıb?!
Səsverməyə ehtiyac qalmadı. Çıxışçıların hamısı bir rəy verdi, yekdilliklə seçildim. Sevindirici idi, acınacaqlı idi, deyə bilmərəm, ancaq bir hiss çökmüşdü ürəyimə: bu yol uzaq yol olacaq! Sonu məchul, qaranlıq bir dəhliz boyunca addımlayırdım. Bu qəribə estafet heç də təsadüfən verilmirdi mənə. Tale acı oyuna başlamışdı mənimlə – bu hələ acı oyunun tumurcuqları idi.
Ömür yolumuza diqqət kəsilsək, hər günümüz, həyatımızdakı hər əlamətdar və yaddaqalan günümüz ağıllı rejissorun səhnə dəyişikliyi kimi qanunauyğun şəkildə qabaqcadan ölçülüb-biçilib. Bir yer boşalmamışdan əvvəl həmin rolun ifaçısı seçilir, bəlkə, bir gün qabaq, bəlkə, bir gün sonra öz yerinə oturdulur. Qismət deyirlər buna.
Qismətimə «avşaq» olmaq düşmüşdü…
Seçildiyim gün, daha doğrusu, gecə ədalətli olacağıma söz verdim. Kimə? Özümə! Daha bu dünyada əlim yetən heç kəsim yox idi. Elə həmin gecə də yadıma düşdü ki, əlamətə inanan olmasam da, 1984-cü ildə bir qaraçı əlimdən tutub yarıxoş-yarızor «falıma» baxmışdı.
– Səni uzun yol gözləyir, dostlarından qoru özünü, – demişdi. Qoruya bilmədim. Dodaq-dodağa öpüşdüyüm, hər axşam sağlığıma badə qaldıran, mənim hesabıma yeyib, mənim hesabıma şellənən «ürək» dostlarımdan, «kürək» dostlarımdan, «gərək» və «çörək» yoldaşlarımdan qoruya bilmədim özümü. Bədbəxt qaraçının sözünü qəribliyə salıb, bədbəxt günə qaldım. İndi bu uzun yolun başlanğıcında özümü toplayıb hər şeyə hazır olmalı, çətin də olsa, yaşamalıydım. Əgər buna yaşamaq demək olardısa…
Səhəri gün kamerada hər şey dəyişdi. Bayıl türməsində yüz ildən bəri ilk dəfə 39-cu kamerada iməcilik tətbiq olundu. Təmizlik işi dərdlilərin dərdini, azacıq da olsa, yüngülləşdirirdi.
«Obşak» pulları toplandı – cəmi 800 manat alındı. Ayın birinə kimi hələ bir həftə vardı. Buna baxmayaraq, «oper» Xasaya 200 re verib, «petux»u kameradan uzaqlaşdırdım. Atdığım bu addım hamıya, xüsusən Əzizalıya yaxşı təsir bağışladı. Allahı sevən və ona itaət edən Həmdəmov, ümumiyyətlə, çox şeydən iyrənir, kamera həyatına, «petux»un varlığına dözə bilmirdi. Nisbətən az danışan, qaraqabaq Adil də bu addımı alqışladı.
(Sonralar Əzizalı işləri dolaşdıqca, həbsdən yaxa qurtara bilməyəcəyini başa düşdükcə, Allahdan üz çevirməyə başladı).
Növbətçilik cədvəli tutdum. Vəzifə bölgüsü aparıb hamını işlə təmin etdim. Başqa «avşaq»lardan fərqli olaraq, çörəyin və ərzağın ata malı kimi düzgün bölünməsinə şəxsi nəzarət etdim. Güman etdim ki, hər şey qaydasındadır və narazı qalan yoxdur.
Günlər beləcə ötürdü. Dəmir qapıdan, dəmir barmaqlıqlı pəncərədən çöldəkilər barədə məlumat ala-ala ömrü boşa verirdik. Nə müstəntiqdən xəbər vardı, nə məhkəmədən; başqaları kimi mən də yaddan çıxmışdım. Özüm öz taleyimlə barışaraq gözləyirdim.
Kamerada mehribançılıq hökm sürürdü. «Proqulka»dan sonra domino oyunu başlayır, düz nahara kimi davam edir, nahardan sonra yenidən qızışırdı. Başqa heç bir məşğuliyyət yox idi. Bir bədii əsəri neçə dəfə oxumaq, vərəqləmək, müzakirə etmək olar! Qəzet yox, jurnal yox, radio-televizor haqda düşünmək belə olmaz. Nə qədər uzanmaq, nə qədər yatmaq olar?!
Bu sabitliyin, bu əmin-amanlığın içərisində qəribəliklər də var idi. Kameraya bir cavan oğlan göndərdilər – 226 ilə. Geniş yayılmış maddədir – narkotik maddələr qəbul edənlərə verilir. Özünə iynə vuran, yəni «şəbitləyən» yoldaşın «burjuy» kamerasına salınması sensasiya idi. «Oper»lərdən öyrəndik ki, bunlar bir neçə qardaşdırlar. Ataları, özləri və bunun həyat yoldaşı həm «çəkən», həm də «vuran»dırlar.
Çöldə «vuran» kəlməsi, adətən, araq içənlərə yapışdırılır. «Filankəs bərk vurandır», «filankəs möhkəm vurandır», «gedək vurmağa» və s.
«Zon»da (kolona59 belə ad qoyublar) və türmədə «vuran» iynə vuran, narkotik maddəni daxili inyeksiya yolu ilə qəbul edənə deyirlər.
«Filankəs iynəyə oturub» – yəni daha çıxılmaz vəziyyətdədir, müalicəedilməzdir, iynələnməkdən arıqlayıb çöpə dönüb.
«Filankəs çəkəndir» – deməli, nəşə, konoplya60, tiryək və bu kimi narkotik maddə çəkir.
«Filankəs satandır» – özü çəkməsə də, narkotik alveri ilə məşğul olur.
Bu zəhrimarlar da müxtəlif kateqoriyalara bölünür. Ümumi ad kimi hamısına «şey» deyilir. Özü də «şey» sözü bütün ittifaqda oğru jarqonu kimi qəbul edilib.
«Bərk»dir – yəni, tez təsir edəndir, güclüdür.
«Boşdur» – yəni, zəifdir.
«Tufta»dır – deməli, başqa aşqarla qarışdırılmış vecsiz maldır…
«Şey»i kameraya müxtəlif üsullarla göndərirlər.
Qanuni yolla, yəni, «nazor» həzrətlərinin vasitəsilə.
«Daçka» ilə, yəni, evdən, yaxud dost-tanış göndərdiyi ərzaq məhsullarının birinin içində; amma çörəklə sərfəli deyil, çünki «nazor» çörəyi oğurlayıb kameralara satır. Həm də «şmon»şik çörəyə diqqətlə baxıb ondakı deşik yerini görə bilər. Xörəklə olmaz – sellofan qab deşilər, xörək cəhənnəm, «şey» xarab olar. Şəkərbura yaxşıdır; onu da ancaq bayram vaxtı göndərmək olar.
Çarə qalır qoz və fındığa. «Çəkən» «daçka» alandan sonra «telefon»la bildirirlər ki, yaxşı qoz, yaxud, yaxşı fındıq göndərmişik. İçəridə qozları bıçaqla səliqə ilə iki yerə ayırıb yoxlayırlar. «Burjuy» kameralarında bıçaq, qayçı, lezva, elektrik spiralı, saxsı və şüşə qab saxlanılır. Kameralarda ayda iki dəfə «şmon» aparılsa da «şmonşiklər» bu qabları və alətləri «görmürlər», çünki görməmək üçün ayda 30 re alırlar. Qozların birindən, nəhayət ki, «şey» tapılır, «çəkənlər» üçün əsil bayram da onda başlayır.
Çöldəkilər içəridəkiləri həmişə aldada bilir və özləri «yaxşı oğlan» kimi qalırlar; «telefon»la bildirirlər ki, sənə üç və ya beş «baş», yəni üç çəkimlik, yaxud beş çəkimlik «şey» göndərdim. Axtarış nəticə verməyəndə «zek» günahı çöldəkində yox, «nazor»da görür, guya «nazor» hansı qozun, hansı fındığın içində «şey» olduğunu başa düşüb, çırpışdırıb. Doğrudur, belə hallar da olur. Ancaq çox vaxt birinci hala təsadüf olunur.
İçəridə də «şey» müxtəlif yollarla kameradan kameraya ötürülür. Təcridxana nə qədər sərt qanunlarla yaşayırsa yaşasın – yeddi yox, lap yetmiş yeddi dəmir qapı vasitəsi ilə «zek» xarici aləmdən təcrid olunsun – xeyri yoxdur. Bütün istintaq izolyatorlarına min bir yolla «şey» gətirilir, çəkilir.
Məharətə bax, əgər «nazor» əzazil deyilsə, (hanı eləsi?) yenə iki yanaşı kamera bu balaca, bir adamın başı zorla keçən «kormuşka»dan bir-birinə «şey» ötürə bilir.
Hansı yolla? «Kon», yəni «at» deyilən çox sadə üsulla. «Nazor» yatandan sonra hər «kormuşka»dan bir ucu «Г» hərfi şəklində qatlanmış məftil üfüqi istiqamətdə çıxarılır. Göndəriləcək «şey» sapın ucuna bağlanır və bu sapın bir ucu ikinci «kormuşka»ya tərəf atılır. Ola bilər ki, sap ikinci məftilin üstünə düşməsin. Onda əməliyyat məftilin üstünə düşüncəyədək təkrar edilir, düşəndən sonra məftil içəri çəkilir, sap tutulur, astaca dartmaqla qonşuya xəbər verilir.
Yaxud üst kameradan, yuxarı mərtəbədən aşağı mərtəbəyə pəncərə qarşısındakı jalüzün (qabırğanın) arasından «kon» buraxırlar. Aşağı mərtəbədə də məftillə həmin iş təkrar edilir və «şey»in qəbul edildiyi yenə ipi astaca dartmaqla bildirilir.
Bu yolların hər ikisi bağlanmış olsa, yəni nə «nazor» yatmasa, nə də pəncərə qabağındakı qabırğadan «kon» keçməsə, onda daha çətin və çox güman ki, adi insanın ağlına gələ bilməyəcək bir yol, kanalizasiya yolu seçiləcək. Üst-üstə kameraların kanalizasiya boruları adətən içəridən keçir və ayaqyolun çaşası ona birləşdirilir. Şübhəsiz ki, sifonla. «Zek» yuxarı mərtəbədə sellofan torbacığa «şey» bağlayıb yenə «kon» vasitəsi ilə ümumi sifona atır, ipin bir ucunu isə özündə saxlayır. Sifona bir qab su tökməklə həmin «şeyi ümumi kanalizasiya borusuna ötürür. Sonra öz ağzını sifona yaxınlaşdırıb «getdi» deyə xəbər verir. Aşağı mərtəbədəki «zek» bu vaxt qulağını sifona söykədiyindən xəbəri eşidir, sifonun içərisindən ucu qıra kimi əyilmiş məftil salıb həmin ipi, çətinliklə də olsa, tutub içəriyə çəkir. «Şey»i götürəndən sonra ağzını sifona tutub «Çatdı!», – deyə xəbər verir. Qulağını sifona tutmaq növbəsi bu dəfə yuxarıdakının payına düşür…
39-a göndərilən «çəkən»in çöldə bircə qoca, bədbəxt anası qalmışdı. Ona görə də «şey» alacağına heç bir ümidi yox idi. Ancaq bir xeyli gopa basıb pul və mal, yemək və «şey» alacağını bildirdi. Bizi «şey» maraqlandırmasa da, qaydalara əsasən onu «obşaq»a yəni «kotyol»61a yazdıq, avans «telefon» danışıqlarını öz hesabımızdan ödədik.
Günlər keçdikcə təzə yoldaşımızın iç üzü açılır, qaşqabağı tutulurdu. Günlərin bir günü xahiş etdi ki, ona «obşak»dan bircə qutu çay verək.
Bununla da hər şey bizə aydın oldu.
Əli hər yerdən üzülən, bütün imkanlardan məhrum olan bu cavan son ucuz yola qədəm qoymuşdu.
Başlanğıcı güzgü kinli hamar, sonrası kələ-kötür və daş-kəsək, nəhayət, uçurum olan bir yoldur bu yol.
«Vuran»ların imkanlıları qramı 200-300 manat olan «ağ»dan, yəni kokaindən başlayırlar. Bunu dodaq-burun gedirlər – «Kazbek» və ya «Belomorkanal» papirosunun müştük hissəsi ilə xırda porsiyaları burunlarına sorur, dodaqlarına yaxır və nəşələnirlər. Sonra tədricən «iynə»yə otururlar. Kokain vuranlara «aristokratlar» deyilir. «Şirva», yəni, morfi, promidol daha zəif və ucuz variantdır. İmkansızlar bu isə «tufta» nəşədən, konoplyadan başlayırlar.
Başlanğıc nə qədər müxtəlif və rəngarəng olsa da, sonu eynidir – insanın mənəvi və cismani məhvi!
Son həmişə acınacaqlıdır. Narkomanın dəmi gələndə, yəni, «lomka» tutanda hansı üsulla olursa-olsun, özünü sabitləşdirməlidir, lap qan içmək bahasına da olsa.
Çoxsaylı nəşələnmə vasitələrindən ən ucuzu və qəribəsi «çefir»dir. Onu hazırlamaq üçün bir qutu Azərbaycan çayı (Hind çayından yaxşı effekt alınmır) götürüb alümin parça boşaldırlar. Parçı yarıya qədər su ilə doldurub, kameradakı plitənin üstünə qoyurlar. Qaynama həddinə çatmamış parçı kənara çəkir, azacıq sonra həmin prosesi yenidən təkrar edirlər. Sonra bir az ara verilir və parç «kruqa buraxılır», yəni «zek»lər dövrəyə düzülüb parçı bir-bir alır, bir neçə qurtum içib, yanındakına ötürür.
«Çefir» içənlərin xüsusi adları da var: «çefirşik». Heç kəs «Çefir içdim» demir, «Çefimul» deyir. Proses özü isə «çefirləmə» adlanır. «Çefir» – zəhər kimi acı, qapqara rəngli mayedir. «Çefirşik» onu içəndə sürətli ürək döyünməsi başlayır, o da bu müddət ərzində nəşələnir: başı qismən dumanlanır, qısa müddətə də olsa, «ləzzət» alır.
«Çefir» içmək qanunla izlənilmir, «nazor» tərəfindən cəzalandırılmır. Amma «burjuy» kameralarında «çefir» içmək qəbahət sayılır.
Digər kameralarda elektrik plitəsi olmadığından parçdakı suyu qaynatmaq üçün kağız, əski, yaxud sellofan torbadan istifadə olunur. Bir anlıq nəşələnməyin hesabına onsuz da nəfəs almaq mümkün olmayan kameranı tüstü, əski yanığı iyi basır. «Zek»in canı bərkdir, dözür ki, dözür! O ki, qaldı elektrik plitəsinə, bu da şərti addır. Əslində biri 25 re-yə elektrik spiralını «nazor»dan alıb beton döşəmədə ziqzaq formalı yuva kəsir və spiralı ora yerləşdirirsən. Onun bir ucunu məftillə dəmir «nara»ya, digər ucunu 40 vatlıq elektrik lampasının «nazor», starşina və elektrik montyorunun razılığı ilə bir tərəfi qoparılmış patronundakı dəmir yivə keçirirsən. Bütün kameralarda «nara», stol, pəncərə barmaqlığı bir-birinə qaynaqlanıb torpağa qoşulduğundan «massa»62 rolunu oynayır. «Zek» qardaş qabiliyyət sahibidir: spiral tapılmadıqda iki ədəd lezvadan «kipitilnik»63 düzəldir. Lezvalar arasına rezin, yaxud karton izolyator qoyulur, ayrılıqda hər biri bir məftilə bağlanır, məftil də öz növbəsində dediyim elektrik mənbəyinə. Lezva «kipitilnik» çaydanın içərisinə salınmaqla qaynanmış suyun hazır olması heç üç dəqiqə də çəkmir. Ancaq bu zaman əslində qaynanmış su yox, xüsusi tamı olan «yandırılmış» su alınır. Yoxa lənət.
«Çefirşik»dən indiyə kimi xərclədiyimiz avans pulları ala bilməyəcəyimizi başa düşdük.
Söz verib yerinə yetirməyən «zek» hökmən cəzalandırılır. Bu cəza kamerada bir, «zon»da digər üsulla verilir. Həm də buna söz vermə yox, «dil oxuma» deyirlər. Pulun qaytarılma vaxtı təyin olunubsa, yəni, «tavan» qoyulubsa, bu daha pis. Əgər, «zek» «dil oxuyub» və «tavan» vaxtı ötürsə, o, «zek» kimi «şərəfli» bir adı daşımaq hüququndan məhrum olur. Bu gündən etibarən adına «fuflo»64, yaxud «fufloşnik» deyilir.
Kameramızda belə bir gərginlik yaranmışdı. «Çefirşik» özü də vəziyyətin gərginliyini başa düşürdü; çölə göndərdiyi, «qonets»lər hamısı boş qayıdır, nəticə əldə edilmirdi. Axşama məhkəmə prosesi planlaşdırıldı. «Mitropolit»65 mən, iclasçılar Adil və Bəxtiyar, prokuror Cəfər, vəkil Əzizalı təyin olundu.
Axşama kimi nə domino oynanıldı, nə söhbət aparıldı. Üzlərdəki cüzi təbəssüm də yoxa çıxdı. Daxilən hamı döyüşə hazırlaşan əsgər hissi keçirirdi. Nəticə acınacaqlı da ola bilərdi: hakim mən olsam da, müşahidəçilər, əsasən də tələbkarlar çox pis mövqe, daha doğrusu, türmə qaydası üzrə ədalət mövqeyi tutmuşdular. İmkanlı yoldaşlardan hər hansı biri onun borclarını ödəməyi üstünə götürsə, Rauf «fuflo» ləqəbi ilə «zona» gedəcək, yox əgər bu borc pul şəkilində də ödənilməsə, digər, yəni natura ilə ödəniş forması seçiləcəkdi.
Ağır və üzücü məhkəmə prosesi «yazı» ilə yekunlaşmalı oldu. Rauf buna da şükür etməli idi.
Yüz il bir damın altında bir kəslə yaşasan da onu tanıya bilməzsən. İnsan özü böyüklükdə, özü ağırlıqda bir sirr bağçasıdır. İkicə saat əvvəl qabaq-qabağa oturub çörək yediyi yoldaşı indi öz əli ilə parçalamağa hazır olan insan övladları verdikləri hökmün icrasını tələb edirdilər. Qana susamış məhbuslar üçün, bəlkə də, bu bir əyləncədən çox özünüdərk və ya özünütərk idi. Yazılmayan qanunların hər bəndinə dəqiqliklə əməl edən «zek» bu prosesi xüsusi səliqə, xüsusi maraqla aparır.
Bığın kişilik nişanəsi olduğunu israr edənlərdən türmədə bığını uduzanlar da olur. Sizcə bığı elə sadəcə olaraq qırxırlar, yaxud onu öz sahibinə qırxmağı məcbur edirlər?
Yox! Təntənəli surətdə hamam günü təyin olunur, təzə mələfə, təzə dəsmal, təzə lezva, təzə sabun… Hər şey yalnız təzə olmalıdır, hamı bu səhnəni müşahidə edir – istəyən də, istəməyən də. Bığı qırxılan sakitcə dayanmalı, dəllək rolunun ifaçısı tələsmədən, hətta, vaxtı uzada-uzada işləməlidir. Gülməyə, hətta, zarafat etməyə də icazə verilir.
Hökmə görə Raufun qulağının tanası iki yerdən çərtilməli idi. Şamil boğçasından təzə məhrəba çıxardı. Yod da tapıldı, pambıq da. Hamı «nara»nın ikinci mərtəbəsinə çıxıb dövrələmə oturdu. Ətə işləyən lezvanın xırçıltısı eşidildi, qan nazik xətt üzrə axıb ağ məhrəbanın üstünə töküldü. Əzazilliyı ilə seçilən Şamil beşinci damlaya kimi səbirlə gözlədi (şərtə görə üç damla da kifayət idi), sonra yodlanmış pambığı Raufun qulaq tanasına yapışdırdı.