Kitabı oku: «Həbsxana», sayfa 3
KARSER
Dar ağacına aparan yoldan başqa sonu olan yolların hamısı yaxşıdır
Servantes
18 mart. Sayca üçüncü müstəntiq Mirzoyev nəhayət ki, bu lənət qapısı arxasında, bir dəfə də olsa, mənimlə görüşmədən, dərdimi, günahımı soruşmadan, şahidlərlə üzləşdirmədən ittihamnamə ilə bərabər Sarkisyan familiyalı bir vəkil də tapıb təşrif buyurdu Bayıl türməsinə və vəkili təntənəli surətdə təqdim etdi:
– Bu yoldaş çox qabiliyyətli vəkildir. İçəridə olduğunu nəzərə alıb, onu sənə vəkil yazmışam.
Ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edilənləri məhkəməyə vəkilsiz göndərə bilmərik. Qayda belədir. İstəsən də, istəməsən də. Kişinin tapşırığıdır. İndi isə… bu sənədlərə qol çək. Hər şey həll olunub. Sənə açıq deyirəm: mübarizə aparmağın xeyri yoxdur. Əvvəla bu dörd divar arasında əlindən heç nə gəlməz, ikincisi də ki, Müzəffər qol çəkən kağız geri qayıtmır. Hara yazırsan yaz, mənasızdır. Çalış hakimi gör, bəlkə güllə vermədi. Bilirsən də… Bura Azərbaycandır, Vaşinqton yox!
İttihamnaməni imzalamaqdan imtina edib, Mirzoyevlə bərabər Sarkisyanın da himayədarlığına ehtiyacım olmadığını bildirdim. O da bunu gözləyirmiş kimi Sarkisyanla qol-qola girib gülə-gülə getdi, məni isə 39-a qaytardılar.
Müstəntiq yanından qayıdan «zek» adətən yoldaşlara izahat verir, istintaqın gedişindən danışır. Mən də ətraflı məlumat verdim. Vəziyyətimin ağırlığını özüm də başa düşürdüm, yoldaşlarım da. Axşama kimi müzakirə edib bir qərara gələ bilmədik. Kamerada ən vacib məsələnin üstündən bir gecə ötürsə, o, öz əhəmiyyətini itirmiş olur. Sabah daha təzə, az maraq doğuran olsa da, daha isti iş meydana çıxır, çıxmasa da, baş qarışdırmaq üçün düşünüb bir şey tapırlar.
Yerimdə uzanıb bütün keçmişimi, sabah və dünənimi bir daha araşdırdım. Qəribədir ki, çöldə, azadlıqda olanda adam öz səhvlərini görmür, yaxud görməyə imkan tapmır. Burda isə…
Otuz beş il ömür yaşamışdım. Və bu otuz beş ildə ölçüyə gəlməz, sayıbilinməz səhvlər buraxmış, həm də bu səhvləri düzəltmək üçün bir addım belə atmamışdım. Keçən hər ildə, ötən hər ayda, itirdiyim günlərin hər birində bağışlanılmaz səhvlər!
Danışığımda səhv!
Yazdığımda səhv! Hətta, məhəbbət yolunda atdığım addımlarım da səhv!
Səhvən doğulmuşdum, səhvlərlə yaşamışdım… Öz ətrafımı belə görməyi bacarmamışdım.
Sabah necə olacaqdı?
Əgər ədalət qələbə çalsa, məhkəmə mənim xeyrimə həll olunsa, çıxandan sonra körpələrimin üzünə necə baxacaqdım?
Ədalət qələbə çalacaqdımı?
Çətin, çətin ki, mən bu dörd divar arasından çıxa bilim.
Çətin ki, aprel ayına təyin olunacaq məhkəmədən salamat qurtarım.
Güman ki, «smertnik»lər korpusuna düşənlərdən biri də mən olacaqdım.
Ona görə də hər şeylə xudahafizləşmək lazım idi.
İrili-xırdalı bütün səhvlər üçün özüm-özümü cəzalandırmalı, cəza növünü özüm düşünməli, hökmü özüm verib, icrasına da özüm başlamalıyam. Məhkəmə prosesinə qədər bütün tanış-bilişlərlə vidalaşmalı, qarşımda günahkar olanları bağışlamalı, qarşısında günahkar olduqlarımdan üzr istəməliydim. İntiharın ən optimal, on ağır yolunu seçməli, özüm-özümə verdiyim cəzadan razı qalmalı idim! Bütün günahlarımın əvəzində cismani əzab çəkməli, bununla da təskinlik tapmalı, dünyadan rahat köçməli idim!
Bəlkə də həyatımda ilk dəfə xudbinlik xəstəliyindən uzaqlaşıb kamera yoldaşlarımın aqibətini düşündüm. Elə addım atmalıydım ki, məndən sonra heç kimi günahkar bilməsinlər.
Fəaliyyətə Novruz bayramından sonra başlamaq qərarına gəldim. Təbiətən konkretlik sevən adam idim və konkret qərarlar qəbul etməyi xoşlayırdım. Elə həmin gecə qərar qəbul etdim və öz qərarımdan o qədər razı qaldım ki, sabah əhval-ruhiyyəmin yaxşılaşmasına, duzlu zarafatlarıma yoldaşlarım təəccübləndilər də!
İlk zarafat hamımızın hörmət etdiyimiz Əliağa kişinin ilk nidası ilə başlandı. O, adəti üzrə yerindən duranda «Ya Allahın adı» deyib üzünü göyə tutdu. Mən də mənəvi çıxış yolu tapıb sakitləşdiyimdən Əzizalı ilə başladığım zarafatı burda təkrarlayıb:
– Özü lazım deyil? – deyə soruşdum.
– Özü də lazımdır.
– Çatdıraram özünə, arxayın ol!
Əzizalı da yerindən qalxıb söhbətə qoşuldu:
– Ona söz çatdıra bilirsənsə, soruş gör səni niyə 39-a salıb?
Mən də söz altında qalmadım:
– Soruşmuşam! Deyir, Əzizalının Ali məhkəməyə, respublika prokurorluğuna ərizələrini yazmaq üçün!
«Proqulka»dan sonra domino oyunu əvəzində öz yerimə qalxıb müxtəlif ünvanlara «ksiva»lar yazmağa başladım. İki ünvana – atama və Mirzə İbrahimova66 xüsusi məktub yazdım. Mirzə İbrahimova yazdığım məktubu yoldaşlarımın müzakirəsinə verdim. Məktub çox böyük əks-səda doğurdu, 38-ci kamerada da bu məktubu oxuyub yüksək qiymətləndirdilər və göndərilməsini vacib saydılar. «Nazor» Qadirə 10 re verib məktubun sifarişlə göndərilməsini xahiş etdik.
Dustağın qəribə psixologiyası var: özü özünə illüziya qurur, oturub da onun sonunu gözləyir. Biz də bu məktubdan çox şey, heç olmasa, Mirzə müəllimin əks-sədasını beş-altı gün gözlədik, bu müddət ərzində onu neçə yol oxuduq, sətir-sətir müzakirə etdik. Özümə tətbiq edəcəyim cəza tədbiri də bu məktubun cavabından asılı olaraq dəyişə bilərdi. Ancaq… Mirzə müəllimin yadına bizmi düşürdük?!
Və nəhayət, 23 mart 1985-ci il səhər saat 8 tamamda…
Əvvəlcə məktub barədə.
İkinci məktub
««O gün gələcək!»67. Mən də deyirəm «O gün gələcək!», hardasa yaşıl ağacın altında uzanıb, dünyaya iynə deşiyindən baxan bir sərxoş da! Müstəbid də gözləyir o günü, müştəbeh də. Şirin avazıyla bizə «layla» çalan müğənni də, doğru da, yalan da gözləyir o günü. Zəiflər də o gündən əlini üzməyir, güclülər də. Öz kommunist əxlaqı ilə başda oturan başbilən də, illər boyu əzizləyib gəzdirdiyi partbileti əlindən alınan məhbus da deyir:
«О gün gələcək»!
Siz «bir balaca gərgin vəziyyət yarananda… təbəssümləri dərhal çəkilib gedən çox adam görmüsünüz». Ona görə də güman etmək olar ki, özünüz belə xislətdən uzaqsınız və mənim yazdıqlarımı təbəssümlə oxuyacaqsınız. Həm də yazdıqlarımın hər üç cümləsindən biri Sizin olduğu üçün oxumalısınız!
Hələ 16 yaşım olanda Sizin «MƏNİ İNSAN ÖMRÜNÜN UZUNLUĞU YOX, ONUN MƏNASI MARAQLANDIRIR» kəlamınızı şüar kimi qəbul etmiş, illər keçdikcə yaradıcılıq nailiyyətlərinizlə fərəhlənmiş, ondan qidalanmış, nəhayət, bu günə gəlib çatana kimi çırpınmış, məhz bu dəm, bu an oxuduqlarımla gördüklərim arasındakı uçurumun nəhəngliyinə təəccüblənmiş, ondan heyrətə gəlmişəm!
Əcəba, necə olur ki, «İRAN İNQİLABINI İNKİŞAF ETDİRMƏYƏ QOYMADILAR» deyə təəssüflənirsiniz, ancaq inqilabın qələbəsindən sonra getdikcə tənəzzülə uğrayan Sovet qanunlarını qorumağa çalışmırsınız?
Necə olur ki, min verstlik məsafədən «BU GÜN İRANDA, AZƏRBAYCANDA VƏ GÜRCÜSTANDA ON MİNLƏRLƏ MÜTƏRƏQQİ, NAMUSLU VƏTƏN ÖVLADLARININ QANI TÖKÜLÜR, YENƏ AZAD FİKİRLƏR BOĞULUR, YENƏ ZİNDANLAR ON MİNLƏRLƏ ADAMLA DOLUR» deyib yana bilirsiniz, ancaq burada, Sizdən iki kilometrlik məsafədə yerləşən Bayıl zindanında müasir istibdadın qurbanı olan iki min millət balasının halına acımayırsınız? Niyə iranlıların «ÇOXMU SÜRƏCƏK BU ƏMƏLLƏR?» sualına «MƏZDƏK, BABƏK, KOROĞLU, SƏTTƏRXAN, ŞEYX MƏHƏMMƏD, XOSROV RUZBEH, QAZI MƏMMƏD TARİX KİTABININ SƏHİFƏLƏRİNDƏN BAŞ QALDIRIB – YOX!» – deyə bilir, ancaq Siz, mənim bir ideal kimi inanıb, yazdıqlarıma səcdə etdiyim xalq yazıçımız öz yumşaq kreslosundan qalxıb, səhər günəşinin qabağını kəsənlərə özünü göstərmir, məhbuslar ordusunun «Çoxmu sürəcək bu zülm?» sualıma «Yox!» deyə cavab vermək istəmirsiniz? Bacarmırsınız, yoxsa şəxsiyyətinizə sığışdırmırsınız?
Həyatın özünü bədii çalarlarla tərənnüm etmək üçün qırmızı boya yox, Hüqo dühası, Balzak inamı, Drayzer zəkası, Dostoyevski dərrakəsi gərək!
Yaradıcılığının əvvəli isti yorğan-döşək, sonu rahat kabinet olanlar nə qədər Xalq, Xalq!» deyib qışqırsalar da, Xalq onları eşitməyəcək! Firon qüruru, Neron qeyrəti ilə vəzifə başında oturanlara Xalq deyilməz. Əzilən, qara çörək həsrəti ilə başında qoz sındırılan kimsəsizlər, indisini və sabahını «O GÜN GƏLƏCƏK» deyən möhtərəm yazıçılara bağlayan milyonlardı Xalq!
«MƏNİM XALQIM ƏSRLƏR UZUNU AZADLIĞI VƏ İŞIĞI SOVET QURULUŞUNDA TAPMIŞDIR» deyərkən Siz hansı azadlığı, hansı işığı nəzərdə tutursunuz? Şəxsən özünüzün və Sizin kimilərin, yaxud yeddi qıfıl arxasında – beton döşəmə, beton divar, beton tavan və dəmir barmaqlıq arxasında yaşayanların azadlığından danışırsınız? Geniş kabinetinizə, yaraşıqlı mənzilinizə lay pəncərənin tül pərdələrindən düşən günəş işığından, yoxsa 40 vatlıq elektrik lampasının dəmir çərçivə arxasında süzülən zəif işığından?
«MƏNƏVİ DÜNYAMIZDAN, HƏYAT EŞQİNDƏN VƏ XEYRƏ İNAMDAN QİDALANMIŞ DAXİLDƏN GƏLƏN NUR» qoyun Sizi bəzəsin; o nur, o işıq «SƏNƏT MƏBƏDİNDƏ XİDMƏT Sizi İKİQAT NÖVRƏQLƏNDİRSİN»; bəlkə, ondan sonra geniş kabinetinizdən bir anlıq ayrılıb, ömür boyu dediklərinizin, yazdıqlarınızın həyatda təcəssümünü görmək üçün insanlara diqqət yetirəsiniz. Axı, Siz «GÖZÜNƏ QULAQLARINDAN ÇOX ETİBAR EDƏN yaradıcı şəxssiniz! Bəlkə, ağ gününə fərəhləndiyiniz millətin adıyla aldığınız «Ulduz» Sizə ilham verə, neçə illərdən bəri nağıllaşıb daşlaşmış ürəyiniz riqqətə gələ, bu müdhiş məbədə ayaq basıb deyəsiniz: «Mənəm. Gələcək günün carçısı, Sovet qanunlarının tərənnümçüsü. Mən büt Mirzə İbrahimov yox, insan Mirzə İbrahimovam».
Mən də nəvazişlə Sizin yazan əllərinizdən tutam, öpüb qoyam gözlərimin üstünə və gəzdirəm Sizi Bayıl türməsinin çoxsaylı kameralarını.
Yox! İstəmirsiniz! Burda məskən salan iri tarakanlardan iyrənirsiniz! «Osujdyonka»da 60 nəfər «zek»in doldurulduğu 25-30 kvadratmetrlik kameralarda üfunət iyi boğar Sizi! Ağ rəngli bitlər daraşar canımıza! Siz, axı, nə günahın sahibisiniz ki, gəlib bu yerlərə düşəsiniz? Gəlməyin! Biz də Sizin yazdıqlarınıza inanıb, bu yol ayrıcında tərəddüdlər içində cana doyaq və intihar yolunu daha məqsədəuyğun hesab edək! Özümüz özümüzdən, öz cismimizdən intiqam alaq!
«O günün» gəlməyəcəyinə əmin olub intiqam alaq! Və intiqam qabağı deyək: «Qatilimiz qalın kitabları ilə gözlərimizi pərdələyən, həqiqəti bizə başqa rəngdə çatdıran İbrahimovdur!
Qoy mənim bu bir ovuc qanım Sizin qələm tutan əllərinizə tökülsün! Qoy bundan sonra bir sətir belə yazmaq istəyəndə, əllərinizdə qan ləkələri görünsün ki, heç olmasa bundan sonrakı nəsil üçün qırmızı boyalı dünya yaratmayasınız!
Sizin öyrətdiklərinizlə həyatın diktə etdikləri uzlaşmırsa, mənim aldığım mənəvi tərbiyə prokuror həzrətlərinin tərbiyəsinə və müasir tələblərə uyğun gəlmirsə, Sizin yazmağa, mənim yaşamağa haqqımız yoxdur! Bizə çatdıra bildiyiniz ideya tərənnüm etdiyiniz millətin çox-çox övladlarının gözünə mil çəkib, boğazına ərinmiş qurğuşun töküb. Milyonların həyat həqiqətindən bixəbər böyüməsində xüsusi xidmətiniz olub!…
Nəhayətdə xatırladıram:
«…SAHİLƏ GEDİB DƏNİZİN GAH LİRİK, GAH DA GURULTULU, ÜSYANKAR NƏĞMƏLƏRİNƏ QULAQ ASARKƏN…» yada salın ki, gözünüzü oxşayan anamız Xəzərin suyuna neçə «vışak»ın qanı qoşulub.
Qırçın dalğaların üstünüzə çilədiyi duzlu damlaların bir qismi də mənim Bayıl divarları arasında axıtdığım göz yaşlarıdır. Körpələrimin də ata həsrətindən tökülən göz yaşlan qarışıb bu suya!
İçin bu göz yaşlarından doyunca!
«Millət, millət!» deyən diliniz bu göz yaşlarının duzundan cadar-cadar oluncayadək için! İçin – mənim bu al qanımı və duzlu göz yaşlarımı! Sizə halal edirəm!
P.S: Böyük hərflərlə yazılanlar Sizin öz sözləriniz, kiçik hərflərlə yazılanlar mənimdir».
Bu məktubdan əlavə Nəsimi rayon, Bakı səhər, Respublika və SSRİ prokurorluğuna, Sov. İKP MK-ya, Azərbaycan KP MK-ya, «İnsan və qanun» jurnalı redaksiyasına da məktub yazıb yola saldım. Mətn demək olar ki, hamısında eyni idi: haqqımda qaldırılmış cinayət işi əsassız olduğundan, şəxsi ədavət hissinin qurbanı kimi məsuliyyətə cəlb edildiyimdən, yazdığım çoxsaylı şikayətlərə cavab almadığımdan 23 mart 1985-ci il saat 8-dən etibarən etiraz əlaməti olaraq aclıq elan edirəm!
Kameranın pullarını və hesabatı Əzizalıya təhvil verib nəticəni gözləməyə başladım.
İki gündən sonra türmə rəisi məni çağırtdırdı. Rəis, deyilənlərə görə, alicənab adam idi, amma nədənsə heç oturmaq üçün yer də göstərmədi. Səbəbi gün kimi aydın idi. «Zek» rəis üçün, Allah bilir, neçənci dərəcəli adam sayılır və «zek» öz bitli, çirk basmış, üfunətli paltarı, yazıqlaşmış vücudu ilə rəisin xarici mebelində otura bilərdimi? Əli ilə «nazor»a getmək işarəsi verdi. Aramızda qısa və soyuq dialoq alındı.
– Kimdən küsmüsən?
– Heç kəsdən.
– Bizdən şikayətin var?
– Əsla!
– Nə qazanacaqsan bu «qolodovka»68 ilə?
– Qazanmaq istəmirəm, itirmək istəyirəm.
– Səni daxili qaydaları pozduğun üçün «karser»ə salacam. Mədən yazva69 olacaq. Canına bitlər, birələr daraşacaq, hər gün iki dəfə yeməklə imtahan edəcəklər səni. Yeməsən üzüləcəksən. Ya «nasılka»70da məhkəməyə aparacaqlar, ya da hökmü karserdə üzünə oxuyacaqlar. Ağıllı adamsan, bir düşün.
– Düşünmüşəm. Başqa yolum yoxdur. İşi bağlayıb məhkəməyə göndəriblər.
– Nə olsun? Hakimi gör, – bir az gülümsədi:
– Kəndxudanı gör, kəndi çap! Eşitməmisən?
– Ona nə imkanım var, nə də çöldə adamım.
– Yaxşı, gəl oxu bu bəndi, – bir balaca kitabçadan bır neçə sətirlik cümlə göstərib özü də oxudu mənə – 56-cı ildən üzübəri «qolodovka» vaxtı məcburi qida vermək ləğv edilib. Sənə on gün «karser» verəcəm. Sağ qalsan, «qolodovka»nı çıxarmasan, yenə on gün əlavə edəcəyəm. Ölənə kimi… Yazıqsan, uşaqların var. Sənə güllə düşmür. 10-12 il verəcəklər, çəkib gələrsən. Nəmənədir ki? 30 il yatanlar var. Bir yaxşı-yaxşı fikirləş.
– Fikirləşmişəm, – dedim.
Diqqətlə üzümə baxdı. Deyəsən, doğrudan da yazığı gəldi mənə. Birdən duruşunu, sifətinin mimikasını dəyişib qabağa əyildi. Həlimləşdi elə bil.
– Yox, fikirləşməmisən. Ağzın isti yerdədir, bala. Peşman olub başına döyəcəksən. Ümidin hər yerdən üzüləndə başa düşəcəksən ki, hökumət yoxdur. Ayılacaqsan, ancaq o vaxt gec olacaq. Düşün, bala, yazıqsan. Vallah, mən deyəni sənə heç kim deməyəcək. Mən saçımı bu divarlar arasında ağartmışam. Çoxlarını görmüşəm… Əynin də nazikdir. Başqa paltarın yoxdur? «Karser» soyuqdur, sətəlcəm olacaqsan! Ay Allah, ay Allah, bu millət hara gedir?
Nurani kişi idi. Düzdür, forma ona çox yaraşırdı, ancaq bu nuranilikdə adam bu lənət qapısında işləməyəydi gərək. Vəzifə onu min-bir cinayətə göz yummağa vadar edir, nuranilikdən əsər-əlamət qalmırdı. Heyf!
Qayğıkeşliyi üçün minnətdarlığımı bildirməkdən başqa nə edə bilərdim?..
«Volnı»71ya çıxıb həyətdə işləyən «zek»lərin yanından «jenski» korpusun birinci mərtəbəsindəki «karser»ə apardılar. Həyətdəkilər bir-birinə məlumat çatdırıb xosunlaşdılar.
«Karser» yerləşən ümumi dəhlizin dəmir qapısından keçib irəlilədik. Yanaşı üç «Karser» düzülmüşdü, dəhlizin sonunda «sever» yerləşirdi. «Nazor» sayca ikinci «karseri» açıb baxdı. O, əslən Bakının Maştağa qəsəbəsindən idi. Məni kameranın «avşaq»ı kimi tanıyırdı. Sadə, mehriban oğlan olduğundan hamının hörmətini qazanmışdı. Artıq hərəkəti, artıq söz-söhbəti xoşlamazdı.
– Nahaq belə etdin, – dedi – onsuz da heç bir mənası yoxdur. Kimdir kimin kitabını oxuyan, ay rəhmətliyin oğlu?!.. Yenə bu «karser» münasibdir. Gecə yaman soyuq olacaq «teleqreyka» da yoxundur. Allah kərimdir… Bəlkə qayıdasan? Hələ gec deyil. Vicdan haqqı ürəyim yanır, ona görə deyirəm. Daşı tök ətəyindən. Tüpür hər şeyə…
– Tüpürmüşəm, – dedim.
Qərarımın qətiliyini başa düşdüyündən qapını açıb məni içəri saldı, qıfıllayıb çıxdı. Ümumi dəhlizin başındakı qapını da bağladı, ətrafa tam sakitlik çökdü. İndi arxayınca «karser»lə tanış ola bilərdim.
«Karser». Adını çox eşitmiş, özünü kinolarda çox görmüş olsam da, indiyə kimi onu tamam başqa cür təsəvvür edirdim. Fikirləşirdim ki, heç olmasa, sutka ərzində uzanıb xəyala dalmağa, mənən və cismən özümə cəza verməyə neçə günə, neçə sutkayasa şam kimi əriməyə imkan tapacam. Qəfil ölümü yox, vaxtı uzadılmış ağır ölümü anbaan qoynuma yaxınlaşdıracaq, qucaqlayıb əbədi yatacağam.
Təəssüf ki, bu ölümü də məhbusa çox görürlər. «Karser»də ölmək üçün yox, özünə nifrət, özgəyə lənət hisslərinin aşılanması üçün şərait yaradılıb. Çox yerdə «karser»ə «İndiya» deyirlər. Bu sözə mənən daha uyğundur – gözdən uzaq, əlçatmaz, ünyetməz yer.
Uzunu iki metr, eni bir metr, hündürlüyü üç metrə yaxın qəribə bir otaq idi «İndiya». Beton döşəməsində bir neçə santimetr su yığılmışdı, «jenski»72 korpusun ümumi «severin»dən gələn çirkab beton tavandan damcılayır, divar boyu süzülüb döşəməyə tökülürdü. Qapının üstündə, tavanla bitişik yerdə üstündə qalın çərçivə olan 40 vatlıq lampa asılmışdı. Nəm divara həncamaları görünən «nara» bərkidilmiş, şaquli vəziyyətdə qalsın deyə, zəncirlə iki yerdən qıfıllanmışdı. Ondan hər hansı bir məqsəd üçün istifadə etmək mümkün deyildi. Otaq boyu «tasovka» etmək də mümkün olmasın deyə, ortada beton tumba qoyulmuşdu. Bu, «zek» üçün həm kətil, həm də dayaq rolunu oynayır. Kameradakı üfunət iyi «karser»dəki qoxuya nisbətən toya-düyünə getməli idi. Güman ki, bütün bunlar düşünülmüş şəkildə edilib.
Döşəmədəki su, daha doğrusu, məhlul tədricən ayaqqabımın içərisinə keçirdi. Nə uzanmağa, nə gəzişməyə imkan var idi. Beton tumbanın üstü də su içində idi. Bütün bunlara baxmayaraq yaşamalı idim, bu «karser»də. Geriyə yolum yox idi.
İki gün əvvəl başladığım aclıq öz təsirini göstərir, zəiflədiyimi hiss edirdim. Havanın çatışmaması da bir yandan üzürdü məni. Tumbanın üstündə oturdum. Bir daha öz hərəkətlərimdə, atdığım bu son addımda nəyin düz, nəyin səhv olduğunu saf-çürük etmək qərarına gəldim! Oturduğum yerin nəmi şalvarıma hopub bütün bədənimə soyuq bir gizilti gətirdi. Öz-özümə verdiyim ilk sual «Qayıdımmı?» oldu. «Karser»ə başqa cür, yəni həqiqətən daxili qayda-qanunu pozaraq düşən «zek» cəza müddəti qurtarana kimi burdan çıxa bilmir. «Qolodovka» üstdə düşən isə hansı gün yemək qəbul etsə, yəni «qolodovkanı çıxarsa», müəyyən şərtlərlə kameraya qayıda bilər. Ancaq qayıdıb nə edəcəkdim?
Neçə saat oturduğumdan xəbərim yox idi. Qapı qıfılının səsini eşitdim. Özümə gülməyim tutdu. bu şəraitdə çirkab anbarında otura-otura mürgüləmişdim! «Nazor» iki nəfər yeməkxana işçisi ilə birlikdə gəldi. O, «kormuşka»nı açdı:
– Ujin73, – deyib üzümə baxdı.
– Ehtiyacım yoxdur, – dedim.
– Qayda belədir yeməyi alıb, «nara»nın ortasındakı taxçanın üstünə qoymalısan. Bir saatdan sonra qayıdıb gələcəyik. Əgər, yeməmisənsə, aktlaşdırıb geriyə götürəcəyik. Yemisənsə, «qolodovka pozuldu» aktı yazıb çıxardacağıq səni burdan. İndi özün bax!
Beləcə gün ərzində iki dəfə «karser»in «kormuşka»sı açılır, yeməyi qəbul edir, bir saatdan sonra olduğu kimi də geri qaytarırdım. Yeməyin kefiyyətinə söz ola bilməzdi; kameralara verilən «balandadan» fərqli olaraq bu yeməyin çox cəzbedici iyi vardı, əti, kartofu vardı. Xörəkdəki kartoflar əzilməmiş olurdu. Məlum məsələ idi ki, ət tikələri və kartoflar həm veriləndə, həm də qaytarılanda üç nəfərin («nazor» və iki nəfər yeməkxana işçisi – «zek») iştirakı ilə sayılırdı. Mənim üçün gözlənilməz o idi ki, hətta kompot da verilirdi; alümin parç ağzına kimi doldurulurdu ki, içəsi olsam bilinsin. Geri qaytaranda kompotu iyləyib yoxlayırdılar. Biclik yollarının hamısını keçmiş «zek» bəzən kompotun bir hissəsini içib yerini sidiklə doldurur. «Balandyorşik» «zek» «suka» olduğundan, kompotu iyləyən kimi «nazor»a «nakolka»74 verir, vəziyyət də aktlaşdırılır, «qolodovka» pozulmuş hesab olunur.
Gecə saat 22-də «nazor» axırıncı dəfə gəlib «nara»nın qıfıllarını açır və yatmağa, daha doğrusu, yorğan-döşəksiz «nara»nın üstündə uzanıb gözlərini yummağa, onun öz nəmişliyini də bədəninə hopdurmağa icazə verir. Bu «xoşbəxtlik» də uzun sürmür; səhər tezdən saat 7 tamamda gəlib «nara»nı yenidən divara bağlayırlar.
Gündüz, yaxud gecə olduğunu bir «nazor»un təşrif gətirməsindən başa düşürdüm, bir də «bratan»ların mənəvi köməyindən. Birinci gecə, saat neçə olduğunu deyə bilmərəm, çöldən boğuq səs eşitdim:
– Karser, karser cavab ver!
Pəncərəsiz «karser»ə bu səsin hansı istiqamətdən gəldiyini kəsdirə bilmədim. Digər «karserlər»də «zek» olmadığından məni çağırdıqlarını başa düşdüm. Burada məhbus məhbusun həmişə dadına yetir, köməyinə çatır. Həmdə səni şəxsiyyətinə, çöldə tutduğun vəzifəyə, yaşına görə yox, nə səbəbə «karser»ə düşdüyünə görə axtarırlar.
– Karser, karser, yatmısan?
– Eşidirəm, – deyə qışqırdım.
– «Bratan», 39-dan «ksiva» gəlib. Hər şeyi bilirik. Narahat olma. Sabahkı «ment» bizim adamdı, sənə «qrev» göndərəcəyik.
– Sağ olun, «qrev» istəmirəm, aclıq eləmişəm.
– Bilirik, «teleqreyka» göndərəcəyik. Yoxlayarsan. Sağ ol.
Yenə sakitlik çökdü. Hərdən tavandan düşən çirkab damlalarının səsindən başqa heç nə eşidilmirdi. Bu damlalar heç olmasa üzümə dəyməsin deyə, bir qolumu qatlayıb yastıq əvəzinə başımın altına, o birini isə üzümə qoydum. Mədəmdə küt ağrılar hiss edirdim. Ağzımda kəsif iy və acı dad duyurdum.
Neçə belə gün ötdü. Gözlədiyim vaxt yavaş-yavaş yaxınlaşırdı. Daha, çox şeyi hiss eləmirdim. Mədəm də yox hesabında idi. Beləcə oturub yatır, şirincə mürgüləyirdim. Mürgülədikcə də ləzzət alırdım. Ömür boyu belə mürgüləməmişdim. Yadıma ana laylası düşürdü:
– Şirin yuxu tapasan.
Yuxunuz şirini də olurmuş, İlahi! Bal dadan yuxu olurmuş!
Laylanıza qurban, analar! Səsinizə qurban, analar!
Axı, bu şirin yuxunun varlığını hardan bilirdiniz?
Gözlərimi yuman kimi işıq görürdüm, geniş düzənlik ağuşuna alırdı məni, bir də… bir də çiçək açmış ərik ağacları görürdüm. Göydəki ulduzların sayı vardı, ərik çiçəklərinin yox! Toz kimi, duman kimi ərik çiçəkləri… Kəndimiz, bütünlükdə Kürün sahili, Qobu düzü, Urusölən çölü başdan-başa ərik çiçəklərinə bürünmüşdü. «Kormuşka» açılan kimi ürəyimdə lənətləyirdim «nazor»u şirin yuxumdan, işıqlı dünyamdan, çiçəkli bağımdan ayırdığı üçün! Gətirdiyi yeməyin ətri bihuş eləyirdi məni! Belə də əzab olardımı çəkdirirdilər mənə?! Ayağa durmağa heyim, miski götürməyə gücüm qalmamışdı. Əl çəkmirdilər ki, çəkmirdilər. Burnumun ucunda xörəyin iyi, alacalanmış gözlərimin önündə bir parça ağ çörək, başımda ölüm istəyi əzab çəkə-çəkə yaşayırdım bu bir saatı. Əllərim öz-özünə qalxır, dodaqlarım öz-özünə açılırdı, qeyrətimi toplayıb başımla qarnımın mübarizəsində birinciyə kömək olmağa çalışırdım.
Çırpışırdım, döyüşürdüm!
Bircə an qabaq çiçəklərə bələnmiş dünyama indi qar ələnirdi. Qar lopalan çörək kimi səpələnirdi başımdan. Qar dənəsi əvəzində dilimlənmiş kartof, parça-parça ət tökülürdü göydən.
Qar kimi ağ çörək yağırdı başıma.
Sanki, dil açıb əlini uzat, götür məni» deyirdi. Yup-yumşaq, isti, ətirli çörəklər…
Aclığın qeyrətə güc gəldiyi də olurdu: əlim çörəyə uzanır, toxunduqca çörəyin hərarəti, bəlkə də bərəkəti bütün vücudumu gizildədirdi. Kirpiklərimin ağırlığından qapanan gözlərimlə içirdim kompotu. Xəyalən parçdakı bu bir tikə əti ət üçün qəribsəmiş dişlərimin arasında xıncımlayırdım, sonra… Sonra dişlərimin xırçıltısından özüm də üşələnirdim. İndiyədək çəkdiyim əzabların hamısından ağır, yaxud, hamısı ağırlığında aclıq əzabı!
Gəlib yeməyi aparan kimi çiynimdən ağır bir yük götürüldüyünü duyur, elə rahatlanırdım ki…
Gözlərimi yumub ayrılırdım bu üfunət mənbəyindən, bu qaranlıq it damından və qayıdırdım öz işıqlı, ərik çiçəklərinə bürünmüş yaylama…
Quş kimi yüngülləşirdim; nə ayaqlarım, nə əllərim vardı – cismən yox olmuş, ruhən bir pərvanəyə dönmüşdüm. Bu yaraşıqlı pərvanə gözlərimi yuman kimi islanıb qurğuşun layına dönmüş paltarım altındakı murdar cismimdən ayrılıb uçurdu sonu görünməyən işıqlı dünyama, sayı bilinməyən çiçəklərə bürünmüş bağçama…
– Ata, ay ata! Evə niyə gəlmirsən? Harda qalmısan ey?… – balacamın, sonbeşiyimin, istəklimin səsiydi. Cavab verməyə heyim, danışmağa dilim yox idi.
– Nə vaxt gələcəksən, ata? Bircə addımlıqda durmuşdu. Nisgilli gözlərindən öpmək, qara saçlarını tumarlamaq, toppuş sifətini oxşamaq, bağrıma basıb əzizləmək istərdim. Dəhşətli ağrıdan gözlərim açıldı: həsrətlə uzanmış əllərim «nara»ya dəymiş, şəhadət barmağım yaralanmışdı. Qara basırdı məni. Yaralı barmağımı biixtiyar ağzıma basdım; qanım ılıq hərarəti, qəribə dadı vardı.
– Xoş gəlmisən, ay oğul. Nə yaman arıqlamısan, nə kökə düşmüsən, ay bala? Anan ölsün, nə olub sənə? Ağrıyan yerin var, bəlkə?
– Yaxşıyam, ana, yaxşıyam.
– Sən elə həmişə belə deyirsən, ay bala. Məktublarında da belə yazırsan ömür boyu. İndicə bişirmişəm təzə buğdanın çörəyidir, al ye!… Anam isti təndir çörəyini titrəyən əlləri ilə mənə uzatdı. Çörək ətri… Təzə buğda çörəyinin ətrini sinə dolusu çəkdim. Gözlərimə işıq gəldi…
Kaş heç gəlməyəydi, gözlərimi açan kimi «nara»nı gördüm; qabağımda alümin miskidə «pşeniçni» buğlanırdı.
– Ye, başına dönüm, ye! Birini də ye! – gözlərimi yuman kimi anam gəldi durdu önümdə. – Çox aclıq çəkmisən ye! Korluq çəkməyə qoymaram səni, bala!…
«Kormuşka»nın taqqıltısına ayıldım.
– Qabları görüm, vətəndaş məhbus! – «nazor»un səsi idi.
Elə Bayıla düşdüyüm ilk gündən mənimlə düz sanmırdı bu. Möhkəm «atışmışdıq». İndi ləzzət alırdı vəziyyətimdən. «Karser»ə düşdüyüm gündən birinci dəfə idi ki, növbəyə gəlmişdi. Yumurtaya bənzər başını dik tutub ayağa qalxmağımı, əllərim əsə-əsə qabları ona verməyimi gözləyirdi. Mənimsə nə qalxmağa halım var idi, nə danışmağa.
Yox, bu alçağın önündə əllərimin əsdiyini, dizimin büküldüyünü göstərməyəcəkdim. Mənən alçalmayacaqdım. Ona görə də özümü görməməzliyə vurdum.
– Qabları! – deyib bir az da səsini ucaltdı, əlindəki uzun dəmir açarla dəmir qapını döyəcləyib dəmir əsəblərimi sındırmağa çalışdı.
Gözlərimi yumdum. Qapını açası oldu. «Suka»lar qabları götürüb getdilər.
– Sənə bu da azdır. Gəbərəcəksən burda! – deyib çölə çıxdı. Qapını qıfıllayıb «kormuşka»dan bir də içəri boylandı – «pokoynik»75ə oxşayırsan, a yazıq! Sənin kimi döşünə döyənlərin leşini bu «karser»dən çox çıxarmışam. Səni də gorbagor olunca gözləyəcəyəm.
Başa düşdüm ki, acıq verir, halsız olduğumu duyub vaxtilə əlimdən çəkdiklərinə birə-beş cavab qaytarmaq istəyir. Susmağımdan hiddətlənirdi. Ona cavab lazım idi, cavab! Acı bir cavabın həsrətində qovrulurdu, əlinə fürsət düşmüşdü, bu fürsəti isə əldən verməyi özünə bağışlaya bilməzdi. Murdar ürəyində nə vaxtdan bəri toplanıb qalan sözləri boşaltmaq istəyirdi. Mən də boşaltmaq istəyirdim ürəyimi. İki rəqib tərəf, iki düşmən kimi oturmuşduq qabaq-qabağa – aramızda bircə dəmir qapı vardı. Qapının mən tərəfində üfunət iyi, qapının çölündə daxilində üfunət gəzdirən subyekt!
Səbirlərin, təmkinlərin mübarizəsi başlamışdı aramızda.
– Birinci gündən tanımışam səni! Özün müəllimsən, ancaq çoban qədər ağlın yoxdur. Quransız, kitabsız murdar olacaqsan. Arxayın ol, xosunvay olmaq xəbərini evinizə özüm çatdıracağam, köhnə dost! Ha…ha…ha…
İblis gülüşünə bənzər qəhqəhəsi yaralı bağrımın başını dəldi. Mənim də ağzına kimi dolmuş səbir kasamdan bir damla axdı; onun hərəkətlərinə ümumiləşdirici bir qiymət cavabı qopdu dilimdən:
– Ment!
– Nə? – ayı kimi bağırdı. Bu bağırtının qarşısında yenə təmkinlə, aramla həmin sözü təkrarladım:
– Ment…
Qapını yenidən açası oldu. Ona elə bu kimi bəhanə lazım idi. İçəri girib əsəbiliklə yaxamdan yapışdı. Nadanlıq ifadə edən gözlərini bərəldib murdar nəfəsini sifətimə verdi:
– Ölürsən, it kimi öl! Basıb ayağımın altında tapdalaram indi, səni! Əlimdəsən, axı! Yoxsa, elə bilirsən çıxacaqsan burdan, mənimlə hesablaşmağa vaxt tapacaqsan? Ay sən öləsən! Çox papaqlar boş qalıb bu divarların arasında.
Yaxamı buraxıb nazik, uzun barmaqlarını boğazıma keçirdi:
– Bircə dəqiqəyə boğaram, səni! Ancaq pak əllərimi sənin murdar qanına batırmaq istəmirəm. Onsuz da öləcəksən. Eşidirsənmi, öləcəksən!
Boğazımı buraxdı. Cavab gözləyirdi, cavab! Halsızlığım bir bəla olub keçmişdi boğazıma, yoxsa indi bütün əzablarımın heyfini bu skeletə bənzər gədadan alardım. Titrəyən əllərimlə döşəmənin palçığı içərisinə uzadardım onu, qana susamış dişlərimi damarı çıxmış boğazına ilişdirib qopardar, ilıq qanını içdikcə içərdim. Alçaq müstəntiqin də, nadan prokurorun da, sarsaqcasına yazılmış qanunların da acığını çıxardım ondan.
Ancaq qollarım qalxmırdı. Ümidim tanrıya idi; ondan indilikdə, bu dəqiqə dilədiyim bir balaca güc, heç olmasa bu yaramazm sifətinə yapışdırmaq üçün ağız dolusu tüpürcək idi. Hansı qəbahətimə görəsə tanrı çoxdan öz köməyini məndən əsirgəmiş, üz çevirmişdi…
Bədbəxtlikdən mən istəyən tüpürcək payını da «nazor»a bağışladı.
– Tualet iyi verirsən, bədbəxt! Tfu sənə! Murdarın biri, – deyə əl çəkib qapıya tərəf yönəldi. Nə qədər qəribə olsa da, tanrı mənə gecikmiş güc bəxş elədi, dilimə tərpənmək imkanı verdi.
– Nadan «ment»! Qalsın qulluğunda! – deyə bildim. «Qalsın qulluğunda» «zek»lər tərəfindən qəbul olunmuş anddır. Bu kiməsə borcun qaytarılacağı haqda qəti qərar, pozulmaz hökmdür. «Nazor» həzrətləri bunu yaxşı bilirlər.
Qapını qıfıllayıb «kormuşka»nı hirslə çırpdı, ürəyi soyumadı, təzədən «kormuşka»nı açıb:
– Çıxa bilsən, qaytararsan, – dedi. «Kormuşka»nı var gücü ilə çırpıb deyinə-deyinə getdi. Addım səsləri uzaqlaşdı, nəhayət, kəsildi…
Daha istəsəm də, «qolodovka»nı çıxara bilməzdim. «Qolodovka»dan çıxsam, «bratan»lar həyət boyu düzülüb mənə baxacaq, barmaqla göstərib «Sındırdılalar!» deyəcəklər, «Sınıq» ləqəbi ilə də yaşayacaqdım ömrüm boyu. Öz sözümü, düz sözümü demək, «razborka» vaxtı nəsə söyləmək; səs vermək hüququndan məhrum olacaqdım, kameranın adına ləkə gətirdiyim üçün 39-dakılar da lənətləyəcəkdilər məni. Bütün yollarımı bilə-bilə, görə-görə bağlamışdım.
– Karser, karser!
Bir daha məni qara basmadığıma əmin olmaq üçün «karser»ə göz gəzdirdim. «Nara» qıfıllanmışdı, hələ saat 22:00 deyildi.
– «Bratan», danışa bilmirsən, bilirik ancaq döz. Çölə «qonets» göndərmişik. Beş-altı yerə teleqram vurmuşuq! Darıxma, heç nə yemə. Səkkizinci gündür bu gün! İkicə gün də dözə bilsən… 34, 38, 39, 56, 88 ciddi durublar bu işin üstündə. Möhkəm ol!…
Onsuz da daha robota dönmüşdüm, vaxtın ötməsindən narahatlığım yox idi; nə saatları hiss edirdim. nə də günləri. Keyləşmişdim. Ağzımda palçığa bənzər bir kütlə əmələ gəlmişdi, dadından. rəngindən xəbərim yox idi.
– Karser, karser.., – yuxuda olan kimi, uzaqdan, lap uzaqdan bir səs eşidirdim. Bəlkə də dünənki, srağagünkü çağırışın əks-sədası idi qulaqlarımda…
Yıxılmamaq üçün döşəmədə oturub beton tumbaya söykənirdim, palçıqlı suya batmamaq üçün ayaqqabıları çıxarıb altıma qoyur, ayaqlarımı növbə ilə bir-birinin üstünə uzadırdım ki, suyun içərisində çox qalıb keyləşməsin; hələ ağlım üstümdə idi. Kürəyimdə, yəqin ki, ciyərimdə qəribə bır xırıltı əmələ gəlmişdi. Nəfəs aldıqca bu xırıltı açıqca hiss olunurdu, lap elə bil pişik yatmışdı kürəyimdə. Anlayırdım ki, möhkəmcə soyuqlamışam. Ancaq fərqinə varmırdım. Əksinə, özümə xırıltı adlı bir qulaq yoldaşı tapdığım üçün müəmmalı sevinc içərisində idim. Yenə huşa getmişdim…
Qış idi. Kəndimizin arxasında «Urusölən» deyilən yerdə qoyun otarırdım. Ayağımdakı qaloş gil-palçıqdan qurğuşuna dönmüşdü. Ocaq çatmaq istəyirdim, nə çırpı vardı, nə də od…